Gün elə parlaq, elə günəşli başlamışdı ki, təbiətin atamın ölümündən vəcdə gəlməsi fikri qəfil bir qığılcım kimi ağlımdan keçməyə bilməzdi. Elə də oldu: üzümdə ani təbəssüm peyda oldu və bir anlıq başqalarının bundan duyuq düşəcəyini fikirləşdim, sifətimə sərt bir ifadə verdim. Mən, hazırda atası ölmüş böyük oğulam, çiyinlərimdə bu matəmin ağırlığını daşımalıyam: eynilə tabutunu daşıyacağım kimi. İlk olaraq dostlarına zəng etməli, məkanı müəyyənləşdirməli, sonra həmin yerə getməliydim. Amma ağlımda sadəcə olaraq pəncərəni açmaq və bu möhtəşəm təbiət rəsmini izləmək vardı. Elə də etdim: sonuncu dəfə məhz atamın bağladığı bu pəncərəni açdım, onun ağırlığı ilə otağa hopmuş qara hava dərhal özünü bayıra atdı, yerinə ciyərləri rəqsə dəvət edən, insanı riqqətə gətirən oksigen daxil oldu. Burda, qarşımda görüntünün önünü kəsən mənfur göydələnlər yox idi və asanlıqla kilometrlərlə uzaqda olan məsafəni görə bilirdim: asma körpünün üzərindən maşınlar şütüyür, kiçik göldə balıqçılar işlərinə b...