Baş verməli olanların baş verməsinin gətirdiyi rahatlıqla ondan hiss edilən məyusluğun tam ortasındakı boşluğa fokuslandı. Qaranlıq nöqtə gözündə böyüdü, əvvəlcə ətrafı iyrənc şəkildə əyməyə, daha sonra isə sürətlə udmağa başladı. Qaranlıq N-in özünə çatanda sürəti azaldı. Onu tam udmadı, sağ əlin baş barmağını tam yedi, ortancıl barmaqdan ancaq dırnaq hissəsini, burnunu ikiyə bölüb, yarısını apardı, gözlərinin birini hədəqəsindən çəkib çıxardı, içalatını ağzından tozsoran kimi sorub götürdü və sanki işini bitiribmiş kimi qəfil kiçildi, əvvəlki kimi nöqtəyə döndü. Qaranlıq N-i çirkin həyatına geri qaytarıb, missiyasını tamamlamışdı. Ağrı, qorxu, sevinc, kədər kimi duyğuları da özü ilə aparmış, geriyə sadəcə rahatlıq və məyusluğu qoymuşdu. İndi N ətrafındakı və içindəki heçlikdə tək qalmaq fürsəti qazanmışdı. Amma bununla nə edəcəyi barədə heç bir düşüncənin olmaması qəribə təzad yaradır. Düşünmədən yaşamaq üçün könüllü imtina vacibdir, düşünə bilmədiyini düşünə bilməmək və ya düşünmə p...