Düz bir il keçmişdi… Və son dəfə öz varlığını iliklərinə qədər, emosional olaraq canlı hiss etdiyi gecənin eyni saatında, hətta bəlkə də saniyəsində Julio Cortázarın pişiyi Theodor W. ilə qarşılaşdı. İnsan olmanın utancı ilə aylardır asta-asta çürüyən bədənindən qəfil gizilti keçdi və gözlərindən qaynar ehtirasla çölə fışqırdı. Bir neçə saniyəlik bu dəhşətdən sonra ətrafda hər şeyin rəng çalarında dəyişikliklər hiss etməyə başladı. Əzim Əzimzadənin məğrurla əsərlərinə baxan heykəlini görə bilmirdi. Halbuki, dəqiq xatirindədir, saniyələr öncə o, heykələ baxır, gülümsəməsini yamsılamağa çalışırdı. Qəribədir, artıq heykəli görmürdü, amma qəlbi Əzimzadənin öz yaradıcılığından duyduğu fərəh hissi ilə qaynayırdı. Sonra qranitləşmiş əsərin yükü altında duyduğu ağrı hopdu canına. Emosiyalar o qədər intensiv dəyişirdi ki, onları adlandırmağa belə macal tapmırdı. Theodor W. ona yaxınlaşdı, quyruğu ilə ayaqlarına toxundu, qucağına çıxıb, gözlərini yalamağa başladı. Və birdən ona əyan oldu ki, haz...