Hegel-dən də danışacam, Trump və manosphere haqqında da, amma əvvəlcə bir vəziyyətə çılpaq gözlə baxaq: Mən orta-statistik bir azərbaycanlı kişiyəm. 10-15 il əvvəl qadın əldə etmək mənim üçün çox da çətin deyildi. Birini alırdım, (bunu simvolik mə’nada demirəm, açıq-aşkar alırdım) çevrəsində, sosial şəbəkə hesablarındakı fəaliyyətini məhdudlaşdırır, beləcə, potensial rəqibləri sıradan çıxarırdım, üzərində dominasiya qurur, onu istədiyim mütilik durumuna salır və kişiliyimin avantajlarından geninə-boluna yararlanırdım. Öhdəliklərim də çox deyildi: ayda-ildə bir gül alacaqdım, xəyanət edəndə bir az daha çox diqqət göstərəcəkdim və s.
Sonra bir şeylər oldu: qadın haqları, azadlıqları, bərabərlik ideyaları yayıldı və ildən-ilə mən gücümü itirməyə, müti duruma düşməyə başladım. İşləməyə başladılar, ehtiyaclarını özləri qarşılladıqca, mən nəzarəti və gücü itirdim. Azad qadınların tələbləri dəyişdi, rəqabət artdı və mənim bazardakı aşkar məğlubiyyətim qaçılmaz oldu. Sosial şəbəkələrdə bir maraqlı cümlə oxumuşdum nə vaxtsa: “Instagram qadın narsisizmini artırdı”. Kontekstdən çıxarmağa çalışmıram, psixoloq burda haqlı bir pointə vurğu edir, amma mövzu bu deyil. Bəli, qadın bir şəkil paylaşdı, 500 like, 50 alov, 20-30 etiraf… Mən 500 şəkil paylaşsam, o diqqəti bəlkə alaram. Maraqlı bir paralel də görmüşdüm. Həqiqətən çox istedadlı bir pianist kişi var idi, yazmışdı ki, “kaş ki məməm olsaydı, çünki onda insanlar piano videolarımı izləyərdilər”. ”Haqlı” üsyandı, çünki bir az dekolteli bir geyimlə piano çalan qadınlar müqayisədə hədsiz üstünlük qazanırlar. Bunu da problematikləşdirmirəm, sadəcə, orta-statistik bir azərbaycanlı kişi olan məndəki proyeksiyasını ifadə etməyə çalışıram: “qadın azadlığı - hər nədirsə, çox təhlükəli bir şeydir! Buna ən ibtidai instinktimlə qarşı çıxmalıyam və çıxacağam!” Bunun üçün bir arqument inkişaf etdirməliyəm. Məsələn, “azad qadın ideyası ailə institunu dağıdır!” Yallah, yapış bundan, kimə, hansı mövzuda istəsən, yaz, getsin! Nəticədə abstrakt bir ideyanın çox sübuta da ehtiyacı yoxdur! Boşanma statistikaları artır. Reallıqları görürəm: artıq həyat yoldaşım 15 il öncəki şərtlərdəki mənlə kifayətlənmək istəmir. Dost çevrəsindən imtina etmir, sosial şəbəkə hesabları üzərində nəzarətim yoxdu, hər addımını mənə hesabat vermir, hətta günün birində kimisə tapır, daha yaxşı şərtlərdə bir münasibət qurur, mən lülüş kimi qalıram ortada… Dünən aldığım bir subyekt artıq məni seçir! Köləlik qalxandan sonra bir amerikalı sahibin nələr hiss etdiyini iliklərimə qədər qavrayıram!
Ok, məncə, vəziyyət aydındı! Ə’lahəzrət Hegel hələ əsrlər əvvəl bunu təxmin edirdi. Hegelin dialektikası tezis-antitezis-sintez modelinə əsaslanır və ideyaların inkişafını izah edir.
Tezis – Bir fikir və ya vəziyyət (məsələn, ənənəvi gender rolları)
Antitezis – Tezisin əksinə olan fikir və ya vəziyyət (məsələn, feminizmin yüksəlişi)
Sintez – Tezis və antitezisin qarşılıqlı təsirindən yaranan yeni vəziyyət (məsələn, gender bərabərliyi haqqında yeni anlayış)
Bu proses daim təkrarlanır və cəmiyyətin, ideyaların və tarixin inkişafını formalaşdırır. Qısası, yuxarıda yazdığım hekayənin başında konseptual olaraq baş verən bu idi: ənənəvi gender rolları tezisinə qarşı feminizm antitezisi yarandı və s.
Amma Hegel bu gün də ona görə aktualdı ki, o, bunun əbədi bir proses olduğunu öngörmüşdü. Beləcə, yeni bir dairə açılmağa başladı. Qırılmış kişilik geri dönür! Buna akademik lüğətdə manosphere kimi rastlaşa bilərik.
Manosphere - əsasən kişilərin hüquqları, münasibətlər, tanışlıq dinamikası və gender rolları ilə bağlı müzakirələrin aparıldığı onlayn icmaların ümumi adıdı. Hegel dialektikası ilə baxsaq:
Tezis - Feminizmin yüksəlişi və gender rollarının dəyişməsi (xüsusilə ikinci və üçüncü dalğa feminizm)
Antitezis - Manosphere və kişilərin gender rolları və hüquqlarına cavab olaraq reaksiya
Sintez - Cəmiyyətin bu iki qüvvəni birləşdirərək yeni gender balansını tapması (bu bir prosesdi və proqnozlara girmək istəmirəm)
Manosphere diskursunu real adı ilə qadın düşmənçiliyi və patriarxal dəyərlərin yenidəndirçəldilməsi kimi adlandıra bilərik. Manosphere-in əsas silahı podkastlar oldu: Joe Rogan, Andrew Tate, Jordan Peterson kimi simalar bu ideyaları geniş kütlələrə yaydılar: alfa-beta dinamikaları, gəlirli və güclü kişi modelləri və s. Sadə izahla, üsyan bu idi: feminizm, gender bərabərliyi iddiaları bizim kişiliyimizi qırdı, bizi petuxlaşdırdı, indi biz yenidəngüclənmə ilə səhnəyə qayıtmalıyıq: qırılmış kişiliyin çırpınışları…
Manosphere əsas sığınacaq gücünü Amerikada Trump ilə tapdı. O, ənənəvi gender rollarına qayıdışı dəstəkləyir və feministlər tərəfindən qatı tənqid edilir. Eyni zamanda, onun ilk prezidentliyi dövründə "cancel culture" və "woke culture"-ın yüksəlməsi manosphere-i daha da radikallaşdırdı. Trump-ın ikinci dəfə prezident seçilməsində Manosphere hədsiz rol oynadı. O, dəfələrlə həmin podkastlarda çıxışlar etdi, "macho" imici ilə bütün amerikalı kişilərə səsləndi və böyük bir populyarlıq qazandı.
Trump seçildi və beləliklə, Manosphere tərəfindən təbliğ olunan ənənəvi gender rollarına qayıdış dövlət səviyyəsində dəstəklənməyə başladı. Əlbəttə, bu, feminist hərəkatı daha da radikallaşıb, yeni feminist ideologiyaların yaranmasına və daha aqressiv mübarizəyə səbəb ola bilər. Bu, öz yerində, qayıdaq öz mağaramıza.
Həmin podkast ənənəsi Azərbaycanda da yayılmağa başladı və yeni, qəri’bə fiqurlar ortaya çıxdı. Məsələn, Farhad Parvizi adlı biri peyda oldu, Manosphere ideyalarını bir neçə terminlə bəzəyib, qadın düşmənliyini yaymağa başladı. Məsələn, iqtisadçı-ekspert iddia edir ki, gender bərabərliyi müəyyən fəsadlar gətirdi, qadınların beyni sosial-iqtisadi institutlar tərəfindən yuyulur kimi... Yazı sonuna linklər əlavə edəcəm.
Onun çıxışlarının piki isə bir başqa bloggerə açıq hücumu oldu. Maryam Novruzi adlı blogger qadın haqlarından, azadlığından danışır və sosial şəbəkələrin Azərbaycan seqmentində xeyli populyardır. Şəxsin özü barədə fikirlərimi geniş yazmağa ehtiyac görmürəm, amma qeyd edim ki, siyasi mövzulara girməyən şüşə-tavan feministlərin hamısı kimi, onun da fəaliyyətini məqbul hesab etmirəm, yə’ni, mövzu onun nə edib-etmədiyi deyil. Farhad Parvizi podkastların birində onu dəyərsizləşdirməyə çalışaraq, Manosphere ritorikasını pikə qaldırdı. O, videoda iddia edirdi ki, Maryamın qadın haqlarından danışmaq, azad qadın çağırışları etmək səbəbi travmatikdir, çünki vaxtilə atası anasını tərk edib... Məncə, əxlaqdan bu qədər məhrum bir çıxış Manosphere haqqında fikir yaratmaq üçün kifayətdir…
Belə, mən orta-statistik bir azərbaycanlı kişi olaraq, indi bir seçim qarşısındayam. Ya qırılmış kişiliyimin qeyri-sağlam bərpası üçün bu axına qoşulacağam, ya da daha sağlam inkişaf yolları axtaracağam… Məsələn, bərabərliyin gətirdiyi avantajları görmək, dəstəkləmək kimi. Özü də, təkcə qadın-kişi mövzusunda yox, qlobal olaraq…
P.S. Manosphere-in sığındığı mövzulardan bə’ziləri də budu: kişilər daha çox intihar edirlər, hərbi xidmətə, ağır işlərə ancaq kişilər cəlb olunurlar, boşanmalar və s.
Bunların hər biri feminizm kontekstində də müzakirə olunur, həm də ayrı bir müzakirə fazası istəyir.
https://www.instagram.com/p/DHuLuqTN7iM/ - hücum videosu
https://www.instagram.com/p/DHv5LgxMQXI/ cavab videosu
https://www.instagram.com/p/DHxnfiyNHYN/ - münasibətlərdə bioloji yaş paradoksu
https://www.instagram.com/p/DHxmUSlNQzZ/ - gender bərabərliyinin gətirdiyi fəsadlar

Comments
Post a Comment