Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

 

Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı.

İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır.

Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də, doktrinanın altındakı təməl inancı hamımız paylaşırıq. Bu inanc bizə deyir ki, bədənimizi hərəkət etdirən, onu idarə edən bizik. Yə’ni, həyatımızın istiqamətini biz müəyyən edirik. Azad iradə probleminin də nüvə sualı budu: bu sahiblik duyğusuna uyğun gələn bir realitə var, yoxsa yox? Bədənimizin idarəçisi, aktlarımızın qərarvericisi bizik, yoxsa, bu, aldadıcı, yanıldıcı bir hissdi? Qısası, azad iradə bir illüziyadırmı?

Gəlin, icraçının istinad etdiyi Sam Harris-in te'zisini “vərəqləyək”. Sam Harris-in “Free Will” tezisi belədi: bizim azad seçimlərimiz yoxdur; bütün düşüncə və davranışlarımız beyində zəruri şəkildə baş verən proseslərin nəticəsidi.

Beyin deyəndə - fiziki, bioloji orqan nəzərdə tuturuq: neyronlar, sinapslar, elektrik impulsları və kimyəvi ötürmələrlə işləyən maddi bir qurum. Bütün düşüncə, hiss və davranışlar bu fiziki strukturdakı fəaliyyətlərin nəticəsidi. Beyin deterministik və ya ehtimal əsaslı neyro-bioloji qanunlarla işləyir, yə’ni, o, qaydalara ta'bedi.
Şüur isə Harris üçün özünüdərk, təcrübə yaşama qabiliyyəti və “bir şey olmaq nə deməkdir?” sualının cavabını daşıyan bir keyfiyyətdi. Harris deyir: şüur beyində yaranır, amma şüur beyni idarə etmir. Beynin fəaliyyəti olmadan şüur ola bilməz, amma şüur hadisələrin başlanğıc nöqtəsi də deyil.

Sam Harris Free Will əsərində Azad İradəni belə tə’yin edir:

Gündəlik anlayışda - seçimlərimiz üzərində tam nəzarətimizin olması;

Fəlsəfi anlamda - eyni şəraitdə fərqli qərarlar verəbilmə kapasitəsi.

Harris azad iradəni illüziya adlandırır və deyir:

- Beyin qərarı şüurdan əvvəl verir;
- Fikirlər və arzular öz-özünə meydana çıxır;
- Biz öz düşüncə və davranışlarımızı tam mə’nada idarə etmirik.

Fəlsəfi lüğətdən bir terminin izahına baxaq: Determinism: hər hadisə - əvvəlki şərtlərin nəticəsi olaraq, zəruri şəkildə baş verir.
Determinizmə görə, gündəlik həyatda verdiyimiz qərarlar, aktlarımız, əxlaqi seçimlərimiz müəyyən edilmiş və dəqiq qaydalar daxilindədi. Bizə xas saydığımız hərəkətlərimiz sadəcə elmi qanunların işləməsidi. İnsan iradəsi səbəblər zənciri ilə inkişaf edən bir vəziyyətdi və insanın burada tə’siri yoxdu - sadəcə səbəblər və nəticələr var. Buna görə də səbəbilik prinsipi determinizmin nü’vəsidi. Belə anlaya bilərik: kainatın bugünkü vəziyyəti əvvəlki vəziyyətinin nəticəsi, sonrakı vəziyyətinin isə səbəbidi.
Bir seçimimiz beynimizdəki neyronların atəşlənməsi ilə müəyyən olunursa, o neyronlar da deterministik bir kainatda izləməli olduğu bir yolu izləyirsə, o zaman o qərar anından öncəki saniyə və ya dəqiqələrdə, illərdə baş vermiş hadisələr hazırki qərarımızı müəyyən etmişdir - deməkdi. Yə'ni, biz bu gün amerikano və ya latte içəcəyimizi seçmirik, tə'yin edilmiş bir yolu izləyirik.

Harris qatı determenistik mövqedədi: insan düşüncələri də beyindəki bioloji proseslərin deterministik nəticəsidi. Buna görə biz heç vaxt sərbəst qərarlar vermirik.

İcraçımızın müdafiəsini qurduğu - Harris-in neyro-elmi istinadı da güclüdü. Benjamin Libet-in eksperimentləri göstərib ki, seçim barədə şüurlu qərarımızdan əvvəl beyində davranışa hazırlıq siqnalı yaranır.

Bu eksperimentdə Benjamin Libet-in məqsədi şüurlu qərarvermə (conscious decision-making) ilə beyindəki neyrofizioloji fəaliyyət (neural activity in the brain) arasındakı zaman ardıcıllığını (temporal sequence) ölçməkdi.
Onun əsas sualı belə idi: Şüurlu olaraq hərəkət etməyə qərar verdiyimiz andan əvvəl, yoxsa sonra beyində hərəkətə hazırlıq baş verir?

Eksperiment üçün iştirakçıdan xahiş olunur ki, o, istədiyi bir an biləyini tərpətsin. Eyni zamanda, saat formasında fırlanan bir nöqtəyə baxaraq, qərarı nə vaxt verdiyini desin.
Bu "nə vaxt qərar verdim" anı şüurlu qərar (conscious intention) hesab olunur, o an "W-time" adlanır.

Burada 3 əsas zaman nöqtəsi ölçülür:

RP (Readiness Potential) - hərəkətdən əvvəl beyində yaranan hazırlıq siqnalı;

W (W-time) - iştirakçının qərarı verdiyini hiss etdiyi an;

M (Movement time) - hərəkətin baş verdiyi an

Eksperiment göstərdi ki, RP - biləyin hərəkətindən təxminən 550 millisaniyə əvvəl yaranır, W-time - RP-dən təxminən 200 millisaniyə sonra baş verir, Movement (hərəkət) isə RP-dən 550 ms, W-time-dan 350 ms sonra..

Nəticənin interpretasiyası belədi: Beyin (Brain) qərarı şüurdan (Consciousness) əvvəl verir, Şüur sadəcə qərarı “hiss edir”, amma onu vermir, bu, azad iradənin (Free Will) klassik modelini şübhə altına alır.

Çox geniş və qaba tə’riflə (aydın olsun deyə) belə deyə bilərik: beyin qətl qərarını verəndən sonra şüur bunu hiss edir, amma qərarı o vermir. Libet-in özü tam determinizmi müdafiə etmirdi. O, deyir ki, ola bilsin ki, şüurda vetolama gücü (veto power) var, yə’ni, beyində RP yaranır, amma şüur həmin anda hərəkəti dayandıra bilər. O, buna free won't (azad "etməmək") deyirdi.

Bə’zi tənqiçilər isə deyirlər ki, şüurla RP arasında olan vaxt fərqi çox qısadı və bu, şübhəli ölçmə üsullarına bağlı ola bilər. Bu eksperimentlərə qarşı daha güclü arqument budu: təcrübələr ancaq kiçik hərəkətlər üzərində aparılıb, o, bəsit qərarlar üçün keçərli ola bilər. Yə’ni, qətl kimi böyük aktlar üçün bu istinadı etməyə əlimizdə yetərli data yoxdu! Tənqidçilər deyirlər ki, mürəkkəb əxlaqi seçimlər - elə bizim qətl nümunəmizdə olduğu kimi - üçün bu eksperimentlər əsas ola bilməz. Beynin prefrontal korteks kimi mürəkkəb bölgələrinin fəaliyyəti Libet-in modelləşdirdiyindən daha dinamikdir.

Sam Harris bu free won't ideyasına skeptik yanaşır. O, deyir ki, vetolama özü də qərardı; bəs, onu kim verdi? Əgər sən hərəkəti etməməyə qərar verirsənsə, bu qərar haradan gəldi? Onu sənmi yaratdın, yoxsa o da sadəcə beynində öz-özünə meydana çıxdı? Hərəkəti vetolamaq da başqa bir seçimdi, bu seçim nəzarətimizdə olmadığı üçün onu da azad hesab etmək olmaz. Şüur sadəcə passiv izləyicidi: veto etmək qərarı belə, bizim nəzarətimizdə deyil, o da şüurun passiv şəkildə “aldığı” bir nəticədi.

“Sən qərar verdiyin şeyi edə bilərsən amma nə qərar verəcəyini seçə bilməzsən. İllüziyanın mərkəzində bu fikir dayanır.” Yenə fəlsəfəyə qayıtsaq, Harris-in determinist baxışı Spinozanın Təbiət determinizmi ilə uyğun gəlir. Spinoza deyirdi ki, azadlıq - zərurətə olan şüurlu ta’beçilikdi.

Deməli, qərar əvvəlcə şüurdan kənarda, yəni şüurdan öncə verilir. Şüur sadəcə bu qərarın nəticəsini “görür”, la’kin onu yaradan proseslərdə iştirak etmir. İçimizdə var olan genetik, hormonal və çevrə faktorları seçimlərimizi şüurumuzdan əvvəl istiqamətləndirir.
Bu fəlsəfədə orijinallıq problemini yaradır: seçimimiz tamamilə xarici zəncirlərə ta’bedirsə, o zaman “özümüz” adı altında heç bir orijinal, sərbəst substansiya yoxdur. Harris, həmçinin, Daniel Dennett kimi filosofların determinizm və azad iradəni birləşdirmək üçün ortaya artdıqları Compatibilist yanaşmanı rədd edir. Yə’ni, burada orta yol yoxdu: azad iradə - illüziyadı! Harrisə görə, kompatibilizm boş sözbazlıqdan başqa bir şey deyil.

Və ən vacib qeyd: Harris Determinizmi Fatalist kimi baxış kimi ortaya atmır. Yə’ni, sənin davranışın bir tanrı tərəfindən idarə olunmur. Dindarlar belə hallarla spekulyasiya etməyi sevirlər deyə, qeydi zəruri hesab etdim. Harris də Spinoza kimi insanın təbiət qanunlarına tabe olduğunu, lakin bunun fatalizm olmadığını vurğulayır.
Əgər iradə illuziyadırsa, mə’suliyyət anlayışımızı da yenidən dəyərləndirmək lazımdı.

Harris ona görə təklif edir ki, cəza sistemi daha çox tövbə və reabilitasiya formasında qurulmalıdı.

Harrisi tənqid edirlər ki, determinisim əxlaqı alt-üst edir. Harrisin cavabı isə belədi ki, əxlaq - davranışların nəticələrinə görə konstruksiya olunub, determinism bunu pozmur. “Şüurlu hərəkətlər yoxdursa, mə’suliyyət də yoxdu” arqumentinə isə Harris deyir: iradə illüziyası varsa belə, mə’suliyyət sistemi qorunmalıdı, amma onu daha ədalətli şəklə transformasiya etməliyik. Bunu da qeyd etmək lazımdı ki, Harris determinizimin fərdləri ittiham etmək yerinə, onların davranışlarının arxasındakı səbəblərini anlamağa yönəltdiyini deyir. Yə’ni, cinayətkarı anlamaq lazımdı, cinayətlərin arxasında duran şeyləri görməzdən gələ bilmərik.

Deyə bilərsiz ki, (bunu deyən filosoflar da var) şüurlu təcrübə nə qədər illüziya olsa da, o, insan həyatının əsasını təşkil edir. Azad iradəni inkar etmək, insanın öz həyatına mə’navermə qabiliyyətini məhv edir. Harris bu tənqidə “həqiqətlə rahatlıq arasında seçim etməliyik. İllüziya faydalı olsa belə, həqiqət üstün tutulmalıdı” - şəklində cavab verir.

John Locke-dan gözəl bir örnəklə zehnimizi bir az da qarışdıraq: Açarlanmış Otaq Nümunəsi ilə Locke sual edir: bir insan ona xəbər edilmədən qapadıldığı bir evdə və ya otaqda istəkli şəkildə qalır, ya yox? Tarixi bir evdəsiz. Bilirsizmi ki, bu evin çöl qapısı çöldən kilidlənib? Bilirsizmi ki, çölə çıxa bilməzsiz? Evin otaqlarını gəzirsiz, otaqlardakı tarixi əsərlər sizdə möhtəşəm duyğular oyadır. Evdə qalıb, digər otaqları görməyə qərar vermisiz. Evdə qalmaq üçün verdiyiniz qərarda azad idiz, çünki burada qalıb, otaqları dolaşmağı həqiqətən istəyirsiz. Heç nə sizi bu aktdan məhrum edə bilməz. Amma digər yandan da başqa cür davranmaq seçimindən məhrumsuz axı. Evdə qalmaq - nəhayətdə sizə təqdim edilən tək seçimdi..

Qayıdaq məhkəməyə və buyurun, cənab hakim! İcraçı-qa'til (subyektiv adlandırma) sizin qərarınızı gözləyir. Bir insanı bu halda mə’suliyyətə cəlb edə bilərsinizmi? Sual sizə çox ağır gəlirsə, bunu daha bəsit örnəklər üzərindən də düşünə bilərsiz: məsələn, bu yazını oxuyub, sona çatdırmaq hürr iradənizlə verilən bir qərar idimi? Bu yazıdan sonra kofe, yoxsa çay içəcəyinizə azad iradə ilə qərar verəcəksiz?

Bu tip yazıların davamı üçün mənə KofeAl platformasından "kitab alaraq" dəstək ola bilərsən.

Comments