Skip to main content

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır:

Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz.

Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu?

Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın xaricindədirsə? Dinozavrlar mövcud idimi, əgər həmin dövrlərdə insan, dolayısı ilə idrakı da yox idisə…

Nədir Correlationism?

Correlationism anlayışı Quentin Meillassoux-un Kant fəlsəfəsinin tənqidinə əsaslanır. Əsas prinsipi budu ki, düşüncə ilə varlıq arasında dolayı və ayrılmaz bir əlaqə var. Yə’ni, biz həmişə varlığı yalnız düşüncə vasitəsilə dərk edə bilirik və buna görə də, varlıq heç vaxt düşüncədən tamamilə müstəqil şəkildə bilinmir.

Kantın transcendent idealizmini xatırlayaq. Biz noumenləri (şeyi-özündə) bilə bilmərik, çünki yalnız fenomenlər (idrakımızın strukturuna uyğun reallıq) üzərindən düşünə bilərik. Bu, Correlationism-ə əsas nümunələrdən biridi.

Toparlasaq; Meillassoux deyir ki, correlationist fəlsəfə iki əsas prinsipə söykənir:

Düşünmək və olmaq arasında fundamental bir əlaqə var; çünki biz varlığı yalnız idrak daxilində anlayırıq.
Düşüncədən tamamilə azad bir varlıq haqqında heç nə deyə bilmərik; çünki hər hansı bir iddia onsuz da düşüncə vasitəsilə formalaşır.

Correlationism-ə görə, rəng, məsələn qırmızı, sadəcə bizim beynimizin işıq dalğalarını müəyyən şəkildə emal etməsidi: insan olmasa qırmızı deyə bir şey də olmaz; çünki rənglər beynin yaratdığı bir təcrübədi, obyektiv reallığın bir hissəsi yox!

Bunun detallı tənqidindən əvvəl tənqidi konseptin özünə baxaq:

Speculative Realism, correlationism-i rədd edən müasir bir fəlsəfi cərəyandı. Quentin Meillassoux tərəfindən də xüsusilə işlənib. Əsas ideyası odu ki, reallıq insandan və onun düşüncəsindən tamamilə müstəqildi. Yə’ni, biz düşünməsək də, dünya mövcuddu və obyektiv reallığı anlamaq üçün correlationism məhdudiyyətlər yaradır. Meillassoux-un spesifik mövqeyi Kontingent Materializm-dir. Onun iddialarını maddələr halına salaq:

Təbiət qanunları tamamilə təsadüfi və dəyişkəndi;

Heç bir fundamental, dəyişməz metafizik sistem yoxdu;

Biz correlationist məhdudiyyətlərdən çıxıb, insandan müstəqil olan saf varlıq haqqında danışa bilərik!

Speculative Realism misallarda Correlationism-i belə tənqid edir:

Gün batımının gözəlliyi insandan asılı deyil; o, müşahidə olunmasa da mövcuddu!
Qırmızı rəng bizim beynimizin emalı ola bilər, amma işıq dalğaları, materiya və obyektlər biz olmadan da var…
Baxın, deyək ki, biz sabah qəfil yoxa çıxdıq, axı, günəş yenə doğacaq, Yer kürəsi fırlanmağa davam edəcək. Correlationism-in məhdudiyyəti burda ortaya çıxır: çünki bizim yoxluğumuz halında gözəllik, rənglər və hətta varlıq haqqında heç nə deyə bilmərik; axı, onlar ancaq bizim idrakımız çərçivəsində mə’na qazanır.

Meillassoux-un çox məşhur arqumentlərindən birinin sualı budu: Dinozavrlar mövcud olubmu?

Elm bizə deyir ki, dinozavrlar 65 milyon il əvvəl yaşayıb. O zaman ortaya bir absurd çıxır. Correlationist baxışla, hər şey insan idrakı ilə əlaqəlidisə, onda; insan yox idi, deməli, dinozavrların həqiqətən mövcud olub-olmadığını deyə bilmərik.
Speculative Realism məhz bu absurdu açıqlayır: İnsanlar yox idi, amma dinozavrlar obyektiv şəkildə mövcud idi, çünki onun varlığı bizim idrakımıza tabe deyil!

Correlationism bizi qəri’bə bir dairənin içinə də atır: məsələn, iddia edə bilərik ki, allahın olub-olmadığını deyə bilmərik, çünki bu, bizim idrak sərhədimizi aşır! Kainatı tam qavraya bilmərik, çünki onu insan idrakının içində dərk edirik. Məhdudiyyətlər belə yaranır və beləcə, biz böyük suallar haqqında düşünməkdən çəkinirik. Bəlkə də böyük rəsmi buna görə gözdən qaçırırıq. Amma Speculative Realism çərçivəsində baxsaq; biz kainatın bizdən azad şəkildə var ola bildiyini düşünə bilərik. Niyə hər şeyi insan idrakına bağlamağa məcburuq ki? Bəlkə, reallıq bizdən tam müstəqildi?

Nəticə olaraq, gündəlik həyatdakı problemlərə bu şəkildə baxa bilərik: əgər correlationism haqlıdısa, reallıq bizim idrakımız olmadan mənasız, anlaşılmazdı. Yox, əgər speculative realism haqlıdısa, deməli, kainat və varlıq bizim varlığımızdan və düşüncəmizdən asılı deyil! Qısası, allahın mövcudluğunu müzakirə etmək üçün bizim idrakımızın məhdudiyyətləri konsepsiyası mə’nasızlaşır…

Qısası, Speculative Realism Correlationism-i aşmağa çalışan radikal bir fəlsəfi hərəkətdi. Onun correlationism-in problemləri tənqidini başlıqlarla toplayıb, yekunlaşdıraq:

Arxe-Fakt Problemi: Correlationism kainatın bizdən əvvəl var olduğunu izah etmir. Məsələn, Yer Kürəsi milyardlarla il əvvəl mövcud olub. İnsan idrakı yox idi, amma dünya var idi. Correlationism belə obyektiv varlığı əsaslandırmaqda acizdi
Metafizik Skeptisizm: Correlationism, noumen haqqında heç nə deyə bilmədiyini iddia edir. Onu fenomenlərlə açıqlayır. Tutaq ki, doğrudan da noumen haqqında heç nə bilmirik, bəlkə, noumen haqqında düşünmək vaxtıdı? Meillassoux-un ən sevdiyim iddiası budu: correlationism bizi məcburi aqnostisizmə sürükləyir və bu, məntiqi olaraq zəif yanaşmadı. Allahın varlığına qayıtsaq; biz deyə bilmərik o var, ya yoxdu, çünki idrakımız xaricindədi…
İdrak vasitəsilə reallıq dərki problemi: Ümumiyyətlə, bu nüvə iddianı nəyə əsasən deyirik? Correlationistlərin əsas problemi bu sualda yatır…

Correlationism subyektiv və antropomorfik adlandırıla bilər, biz reallığı insandan asılı olmayan bir şəkildə təsvir etməyə çalışmalıyıq. Üstəlik, başda danışdığımız kimi; düşünmək və olmaq arasında əlaqə məcburi deyil! İnsandan müstəqil obyektiv reallıq mümkündür! Biz metafizik skeptisizmə və idrak məhdudiyyətlərinə məhkum deyilik! Allahın var olub-olmadığını yenə də müzakirə edə bilərik! Və ya əjdahaların var olub-olmadığını… Nəticədə, ikisi də eyni mif deyil ki? Bu, çox subyektiv oldu, amma olsun…

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...