Skip to main content

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

 

"Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm.

“Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi

Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçqın komanda" kimi torpaq həsrətini və "biz qayıdacağıq" - mesajını diri tutmaq üçün istifadə olunurdu. 2020-dən sonra isə klub hərbi və siyasi qələbənin idman sahəsində davamlılığını simvolizə edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında dəfələrlə sərəncam imzalayıb. CBC Sport 2025-ci ilin avqust ayının 29-da yazırdı ki, son sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar “Qarabağ” futbol klubuna Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Buna qədər də müxtəlif dövrlərdə kluba 2, 5 milyon məbləğində vəsaitlər ayrılıb.

Dövlət başçısının kluba xüsusi diqqəti, siyasi arenada qazanılan uğurun - Qarabağın geri qaytarılmasının beynəlxalq arenada (Avropa futbolu) təsdiq olunması istəyindən irəli gəlir. Klubun uğuru, dolayı yolla “hakimiyyətin uğurlu siyasətinin” vizual sübutu kimi təqdim edilir. Hakimiyyət mediası, hakimiyyətə yaxın ekspertlər, siyasi fiqurlar, deputatlar da klubla bağlı çıxışlarında bu narrativə sadiq qalırlar. Məsələn, rejimin nəzarətində olan “Yeni Müsavat”da Elnur Məcidli “Qarabağ atları alman maşınını dizə gətirdi, TARİXƏ BİR ADDIM QALDI” başlıqlı yazısını belə bitirir: Bu zəfər, təkcə Qarabağın uğuru deyil, həm də Azərbaycanın başıucalığı, türk dünyası üçün fəxrdir… Qarabağın işğaldan azad olunmasındakı qətiyyət, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu idisə, Azərbaycan futbolunun dəmir yumruğu da, səsini qaldırmadan ancaq nəticə ilə danışan, sakit, səbrli və sarsılmaz Qurban Qurbanovdur”.

"İkili Standartlar" və Xarici Düşmən Narrativi

“Qarabağ” futbol klubuna qarşı hakim ədalətsizliyi də klub ətrafında yaradılmış informasiya torunun əsas seqmentlərindən biridir. Azərbaycan çempionunun 2014-cü il dekabrın 11-də UEFA Avropa Liqasının qrup mərhələsində "İnter"lə (İtaliya) oyunda hakim ədalətsizliyi ilə üzləşdiyi deyilirdi. Həmin il dekabrın 17-də Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən çıxışında bildirmişdi: "Mən idmanla yaxından maraqlanan, eyni zamanda, idmana rəhbərlik edən insan kimi dəfələrlə onun şahidi olmuşam ki, beynəlxalq yarışlarda, hətta fərdi idman növlərində də bizim idmançılarımıza qarşı ədalətsizlik göstərilib". İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt" üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edəndə də hakim ədalətsizliyinə fokuslandı: “Hakimin qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı.” Əliyevin "hakim ədalətsizliyi" barədə danışması çox maraqlı bir ideoloji məqamdır: o, diplomatiyanı futbola proyeksiya etməyə çalışır. Azərbaycan hakimiyyəti illərdir Qərb təsisatlarını ölkəyə qarşı "ikili standartlarda" günahlandırır. Prezidentin bu ritorikanı futbol meydanına daşıması cəmiyyətə belə bir mesaj verir: "Bütün dünya, Avropa bizə qarşıdır, amma biz həm siyasi, həm də idman meydanında onlara qalib gəlirik." Bu narrativ cəmiyyəti xarici təhlükə və ya ədalətsizlik qarşısında dövlət və onun himayə etdiyi klub ətrafında sıx birləşməyə sövq edir.

Hakimiyyətin ideoloji aparatlarından biri olan - Report İA-nın yazısında Sədrəddin Soltan prezidentin bu qeydini açır. Yerli müstəqil jurnalistlər iddia edirlər ki, bu tip analitik materiallar saytlara Prezident Adminstrasiyasından göndərilir. Yazıda bu şübhəni daha aydın sezmək olar: “Azərbaycan torpaqları işğal altında olan zaman Avropa İttifaqı (Aİ) münaqişənin həllində ədalətli vasitəçi ola bilmirdi. Onlar bir qayda olaraq işğalçı Ermənistanı müdafiə edər, Azərbaycana da belə ruhlu şərtlərini qəbul etdirməyə çalışardı. Hələ o vaxtdan rəsmi Bakının sərgilədiyi qətiyyətli mövqe nəhayət haqq-ədalətin zəfəri ilə nəticələndi. Odur ki, UEFA belə ədalətsiz hakimləri ilə Aİ-yə çox bənzəyir. Bu, Avropadakı bəzi qurumların şakəridir”.

Bir futbol oyunundakı ehtimal edilən “ədalətsizliyin” bu şəkildə təqdimatına istər deputat yazıları, istər ekspert çıxışlarında da aydın görünür və bu da narrativin bir mərkəzdən idarə olunduğu ehtimalını gücləndirir.

Kompensasiya Mexanizmi (Uğursuzluqların Örtülməsi)

Klubun digər ideoloji funskionallığı özünü “diqqətyayındırmada” göstərir: Ölkə futboluna ayrılan milyardların batması, aşağı yaş qruplarının inkişaf etməməsi və bölgə futbolunun məhvi fonunda "Qarabağ" bir "vitrin" rolu oynayır. "Qarabağ"ın Avropadakı uğurları, daxili çempionatın səviyyəsizliyini və futbol infrastrukturunun bərbad vəziyyətini kölgədə qoyur. Bu “uğurlar” fonunda daxili yetərsizliklər danışılmır, bu tənqid istər həbs qorxusu, istər delegitimləşdirmə isə susdurulur. Rəsmi milli komanda davamlı uğursuzluq simvoluna çevrildiyi üçün, dövlət ideologiyası "qalibiyyət ruhunu" yaşadan "Qarabağ"ı qeyri-rəsmi milli komanda elan edir. Bu, xalqın "qələbə aclığını" doyurmaq üçün vacibdir. "Qarabağ"ın qələbəsi insanları sosial problemlərdən, qayğılardan da uzaqlaşdıran “həb” rolunu oynayır. Bu isə “Qalib Xalq” ideologiyası haqqında yazacağım başqa bir yazının mövzusudur.

"Qarabağ"ın "Ayntraxt" (Almaniya) ilə oyununda cəmi 2 azərbaycanlı futbolçu çıxış edirdi. Bu, illərdir Avropa liqalarında iştirak edən klubun akademiyasına lazımi diqqət ayırmamasının nəticəsi kimi də oxuna bilər. Sosial şəbəkələrdə klubun digər yerli oyunçusu - Nəriman Axundzadə əsas tənqid hədəflərindən biridir. Komandanın uğurları fonunda onun ətrafında inşa edilmiş ideoloji maneələr bu tip tənqidi yanaşmaları delegitim elan edir.

Sosial Konsolidasiya Aləti

"Qarabağ"ın “milli dəyər” “elan edilməsi” "Qarabağ"a azarkeşlik etməyin "milli borc" kimi təqdim olunması da ideoloji bir təzyiq vasitəsidir. Sosial şəbəkələrdə "Qarabağ"ın tənqidinə qarşı skeptiklik, təzyiq hissedilən dərəcədə çoxdur - azarkeşlik “Vətənpərvərlik testinə” çevrilir. "Qarabağ"ın uğuruna sevinməmək dövlətin ümumi qələbə kursuna da müxaliflik kimi yozulur. Bu, müxalif fikirləri neytrallaşdırmaq və cəmiyyəti tək bir bayraq altında depolitizə etmək üçün effektiv üsuldur.

Nəticə

Qısası, "Qarabağ" FK sadəcə futbol klubu deyil, o, Azərbaycan dövlətinin "Uğurlu Azərbaycan" brendinin əsas daşıyıcısıdır; sosial problemlər, işsizlik, korrupsiya, polis dövləti kimi reallıqlardan yayındırıcı rola malikdir. Dövlət milyardlarla vəsaitin xərcləndiyi, lakin nəticə verməyən "böyük futbol təsərrüfatı"ndan əl üzüb, resurslarını və təbliğatını işlək mexanizm olan tək bir nöqtəyə - "Qarabağ"a yönəldib. Bu klub vasitəsilə həm daxili auditoriyaya "qüdrətli dövlət", həm də xarici dünyaya "müasir və qalib Azərbaycan" mesajı ötürülür.

Bölgə klublarını və onun azarkeş qruplarını - əsasən solçu fan-klubları ləğv etdikdən sonra yaranan boşluğu doldurmaq lazım gələndə "Qarabağ" bu boşluq üçün mükəmməl "dövlət layihəsi" oldu. Regiondakı futbol siyasiləşirdi və regional bazaya sahib idi. "Qarabağ"ın həmin dövrdə konkret bir şəhəri, “evi” yox idi. "Qaçqın klub" statusu ona imkan verirdi ki, heç bir konkret bölgənin maraqlarını təmsil etməsin, birbaşa Mərkəzin - Bakının/Dövlətin klubu olsun. "Xəzər Lənkəran" və ya "Neftçi" azarkeşləri daxili problemlərə (sosial ədalətsizlik, bölgə problemləri) fokuslana bilərdi. Bu tip cəhdlər həmin dövrlərdə kəskin dövlət/polis reaksiyası ilə qarşılaşırdı. (Bu, başqa bir yazıya qalsın)

Amma "Qarabağ"ın missiyası xarici düşmənə (erməniyə) qarşı mübarizə idi. 2020 müharibəsindən - xarici düşmən kimi "erməni" sıradan çıxandan sonra yaranan boşluğu hakimiyyət abstrakt “Qərb” ilə doldurmağa çalışdı. Bu, daxili narazılığı neytrallaşdırmaq və enerjini "vətənpərvərlik" adı altında xaricə yönəltmək üçün ideal mexanizm kimi bütün digər sahələrdə müşahidə edilən anti-Qərb siyasətinə də uyğun gəlir. Beləliklə, "Qarabağ" FK - daxili siyasi, etnik və sosial fərqlilikləri - bölgəçiliyi, solçuluğu, müxalifliyi əritmək, potensial etiraz ocağı olan stadionları nəzarətə götürmək və cəmiyyəti tək bir mərkəzdən idarə olunan "Dövlət-Xalq-Ordu" narrativi ətrafında birləşdirmək üçün yaradılmış sü’ni, lakin effektiv "Milli Konsensus" alətidir.

Bu tip məqalələrin, tərcümələrin davamı üçün mənə Kofe ala, dəstək ola bilərsiniz.

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...