Ken Loach: "Kapitalizm insanları və onların həyatlarını məhv edir" - Müsahibə

Futbol sosialist bir birlikdi və kapitalizmin milyonlarla dolları bu həqiqəti və birliyi parçalaya bilmir. Ya da bilir, bunun önəmi yoxdu.
Yuxarıdakı sitat Sartre və onun kimi onlarla insanın beynindən keçib. Bu fikrin səyahət etdiyi daha bir beyin Ken Loach I, Daniel Blake filminə görə BAFTA mükafatı qazananda belə bir çıxış etmişdi: "İqtidar bu ölkədəki ən çarəsiz və yoxsul insanlara qarşı olduqca soyuqqanlı bir şəkildə qəddar rəftar edir. Utancverici bir qəddarlıqdı bu. Qorumağa söz verdiyimiz mühacir uşaqlarını sərhəd kənarında saxlamağa qədər çıxan bir qəddarlıq. Filmlər çox işə yaraya bilər: əyləndirər, qorxudar, bizi xəyallara aparar, qəhqəhə çəkdirər və bizə real dünyanın reallıqlarını göstərər. Bu həqiqi dünya get-gedə qaranlığa boğulur. Yaxınlaşan bir mübarizənin bir tərəfində sərmayə və iqtidar nümayəndələri var digər yanında isə xalq. Biz - kino işçiləri xalqın yanındayıq".

- I, Daniel Blake-də baş rol üçün Dave Johnsu niyə seçdiz?

- Filmdəki baş qəhrəman 60 yaşlarındadı və fəhlə sinfinin nümayəndəsidi. Dostcanlı, yaxşı zarafat anlayışı var və özünə xas dili olan bölgə - İngiltərənin şimal-şərqindəndi. Elə birini axtarırdıq, çox adamla danışdıq və sonda onu seçdik.

- Filmlərinizin bir çoxu Böyük Britaniyada baş verən hadisələrdəndi. Səbəbi oranı yaxşı tanımağınızdı, yoxsa öz ölkənizə nəsə vermək niyyətindəsiz? 

- Mən sadəcə nələrin baş verdiyini, dünyanın necə olduğunu anlamağa çalışıram. Üzdə olanlar yox, dərindən nələrisə dartıq çıxaran hekayələr tapmaq istəyirəm. Eyni zamanda, real insanları ekrana çıxarıb, onların günlük həyatlarındakı dramı göstərmək fikrindəyəm.

- Kino bunun üçün hələ də güclü vasitə olmaqda davam edirmi? 

- Saysız kameralar, internet, yayımlar və televiziya kimi vasitələrə görə, filmlər göstərmək yolları əlbəttə dəyişib. Ancaq görüntü və səsi ifadə edən vasitənin təbiəti həmişə eynidi: nələrisə mümkünə çevirmək. Bu qədər.

- Oğlunuz Him də rejissordu. Ona məsləhətlər verirsiz? 

- O özü mənə tövsiyələr verir. Amma onu kino sektorundan uzaq saxlamağa çalışıram. Ora heç də güvənli yer deyil. Çox sayda insan film çəkmək üçün illərini xərcləyir.

- Hansı futbol komandasının azarkeşisiz? 

- Bath City Football Club

- Hansı liqada oynayırlar?

- 6-cı divizionda. O liqalardakı komandalara azarkeşlik etməyin yaxşı tərəfi həmin divizionlarda böyük pulların yoxluğu və insanların sadəcə futbolu sevdikləri üçün meydana çıxmalarıdı. Gündəlik həyatdakı insanlar kimi oynayırlar. Bara gəlib içki içəndə onlarla qarşılaşa bilərsiz. Bu çox dostca görünür.

- Stadiona getməyin hekayələrinizə qaynaq olduğunu düşünürsüzmü? 

- Bəli. Məncə, sadəcə hekayələrin gəldiyi dünyaya belə daxil oluram: qəzet oxumaq, xəbərləri izləmək, yeni insanlar tanımaqla. Ən əsası da insanları tanımaq. Dünyayla rabitə olmağa ehtiyacım var. İzolyasiya edilmiş şəkildə işləyə bilmirəm.

- Filmlərinizin güclü tərəflərindən biri az məşhur aktyorlarla işləməyinizdi. Onlarla necə danışırsız?

- Bu haqda uzun-uzadı danışmaq olar. Amma ən əsası, insanlara rahatlığı hiss etdirməkdi. Futboldakı kimi - bir komanda şəklində işləməlisiz. Kimsə başqasından daha önəmli deyil.

- Meydandakı funksiyanız nədi? Məşqçi, yoxsa futbolçusuz? 

- Bilmirəm. Məncə, zədəlilərə yardıma qaçan adamam. Məncə, hər kəsə rahat və yaradıcı olduğunu hiss etdirməli, enerjilərini ortaya çıxarmalarını təmin etməliyəm.Zarafat anlayışım olmalıdı, insanlar səhv edəndə kiminsə şikayət etməyəcəyini hiss etməlidilər.

- Cəmiyyətin daha çox yaralandığını düşünürsümü? 

- Toplum yaralanmaqdan da ziyadə, çöküşdədi, məncə. Kapitalizm insanları və onların həyatlarını məhv edir. Bundan başqa, yaxın vaxtlarda, iki-üç nəsil sonra Yer kürəsi xilas ola bilməyəcək. Çox kritik bir perioddayıq. Təbiət bu qədər istehsala dözə bilməz. Beləcə, anormallıqlar davam edəcək.

- Bəs, nə edə bilərik?

- Siyasi və ictimai dəyişikliyə ehtiyacımız var. Eyni zamanda, demokratik idarəetməyə. Qazanc üçün yox, ehtiyac üçün istehsal olmalıdı. Dünyanın təbii sərvətlərinə diqqət etməliyik. Hər kəsə qürurlu və təhlükəsiz həyat verilməlidi. Bazarı idarə edən böyük şirkətlərin zorbalığına son verilməlidi. Bunu mən yox, daha gənc nəsillər edə bilər. Dəyişiklik etməlidirlər.

Comments