Körpü - Hekayə

Gün elə parlaq, elə günəşli başlamışdı ki, təbiətin atamın ölümündən vəcdə gəlməsi fikri qəfil bir qığılcım kimi ağlımdan keçməyə bilməzdi. Elə də oldu: üzümdə ani təbəssüm peyda oldu və bir anlıq başqalarının bundan duyuq düşəcəyini fikirləşdim, sifətimə sərt bir ifadə verdim. Mən, hazırda atası ölmüş böyük oğulam, çiyinlərimdə bu matəmin ağırlığını daşımalıyam: eynilə tabutunu daşıyacağım kimi.
İlk olaraq dostlarına zəng etməli, məkanı müəyyənləşdirməli, sonra həmin yerə getməliydim. Amma ağlımda sadəcə olaraq pəncərəni açmaq və bu möhtəşəm təbiət rəsmini izləmək vardı. Elə də etdim: sonuncu dəfə məhz atamın bağladığı bu pəncərəni açdım, onun ağırlığı ilə otağa hopmuş qara hava dərhal özünü bayıra atdı, yerinə ciyərləri rəqsə dəvət edən, insanı riqqətə gətirən oksigen daxil oldu. Burda, qarşımda görüntünün önünü kəsən mənfur göydələnlər yox idi və asanlıqla kilometrlərlə uzaqda olan məsafəni görə bilirdim: asma körpünün üzərindən maşınlar şütüyür, kiçik göldə balıqçılar işlərinə başlayıb, kafelərdən manqalın tüstüsü qalxır, Qotvald küçəsi isə işə tələsən insanları çiynində daşıyıb, ünvana çatdırırdı. Paralel binada yaşlılar səhər idmanı edir, cavanlar siqaret çəkir, uşaqlarsa təbii ehtiyaclarını ödəyirlər.
Qəfildən burnuma kəskin xəstəxana iyi gəlir, qoxunun axtarışına çıxıram və gözlərim pəncərə altlığındakı növbənöv dərmanlara sataşır. Bunlar atamın şəkərlə bağlı atdığı dərmanlardı və belə görünür ki, onları çoxdan alsa da, istifadə etməyib. Yəqin, son aylarında ölümə tələsirmiş və məhz buna görə məzarını da öncədən sifariş edib. Hər halda, bu jesti məni əlavə xərclərdən xilas edir, buna görə də atama təşəkkür edirəm.
Dərmanlar isə ağlımdan çıxmır: onlar atamın mənə qoyduğu mirasın simvollarıdı. Genetik şəkər uzağı 5 il sonra məni də ağuşuna alacaq, hazırda gördüyüm bu dərmanlara möhtac edəcək. Bu miras möhtəşəm başlayan günün atmosferini korladı və beləcə atamın missiyasını uğurla davam etdirdi: yanbayan binada gözümə tuş gələn ani görüntüyə qədər..
Beşinci mərtəbədəki balkona açılan qapıdan tələsik bir qız çıxdı, aşağı, tam yolun ortasına kəskin bir tüpürcək atdı və dərhal geri qayıtdı. Bu, Yuliya idi: desəm ki, onu tüpürcəyindən tanıdım, bu, o qədər də inandırıcı olmaz, bilirəm, amma burda yaşadığım müddət ərzində onun qədər dəqiq tüpürcək atışı edən ikinci adam görməmişdim. Atam bizim münasibətdən xəbər tutub onunla söhbətləşəndən sonra yazıq kişi o küçədən rahat keçə bilmirdi. Hər evə gələndə və ya evdən gedəndə binanın altından snayperlərdən yayınmağa çalışan adam kimi, gah o, gah bu tərəfə qaça-qaça getməyə məcbur olurdu. Bəzən fikirli olurdu, başından papağı çıxarıb əlində hərəkət etdirə-etdirə gəzirdi və Yuliya bu fürsəti dəyərləndirib, dərhal kişinin başına, özü də tam ortasına - daz yerinə yağlı tüpürcək tutuzdururdu. Vurduğu hər tutarlı zərbədən sonra balkonda Droqbasayaq qol sevinci yaşayırdı və sonra sevincini mənimlə paylaşmaq üçün mesaj yazırdı. O mesajı alanda anlayırdım ki, atamın qapıdan girməsi ilə növbəti qiyamət başlayacaq. Həmişə haqlı çıxırdım: atam qapını açan kimi mənim olduğum otağa söyüşlərlə hücuma keçirdi, təxminən on dəqiqəlik bağırtılardan sonra nəsihət seriyası başlayırdı: atam Azərbaycanda evlənməyimi istəmirdi, əksinə, həmişə rus qızların xüsusiliyindən danışırdı və hər çıxışını bu cümləylə yekunlaşdırırdı: "orda evlənib bura arvadla gəlmək, çör-çöp yığıb meşəyə aparmaq kimidi..."
Problem məhz Yuliyada idi: daha doğrusu, onun bakirə olmamasında. Əlbəttə, bu zəhlətökən düşüncələrinə heç cür haqq qazandıra bilmirdi, sadəcə, uşaqlığından bəri mənimsədiyi fikirləri pozmağa da gücü çatmırdı. Məni tanışı vasitəsilə bir neçə "bakirə" rus qızları ilə tanış etmişdi, amma heç biri ürəyimə yatmamışdı.
Əslində, haqqında danışdığım bu qızdan ötrü də ürəyim getmirdi, sadəcə, başqalarından fərqli daha cəsarətli idi, məni ən müxtəlif həzzlərlə tanış etmişdi və ən əsası, çılğın futbol azarkeşi idi. Almaniya millisini dəstəkləyirdi və yaşadığımız ən böyük dava da məhz bu üzdən olmuşdu.
2010-cu il Dünya Çempionatında Tanrımın idarə etdiyi Argentina milli komandası Almaniya ilə qarşılaşdı və faciəvi bir şəkildə məğlub oldu. Maradonanın bu məğlubiyyətini heç cür həzm edə bilməmək bir yana, atama oyuna görə 1000 rubl uduzmuşdum. Yuliya da belə həssas bir vaxtda Almaniya millisinin formasını geyib, üzbəüz balkonda dəli kimi rəqs edir, mənə o məşhur əl işarəsi ilə acıq verir və bizim balkona doğru çantlar atırdı. Oyun ərzində də bunu edirdi və mən cəmi beş dəqiqə qarşılıq verə bilmişdim. Üçüncü dəqiqədə Müller hesabı açmışdı və mən bundan sonra cəmi iki dəqiqə millinin geri dönüş edəcəyinə inana bilmişdim. Ardınca otağıma çəkilmiş və bu faciəni tək, özümlə yaşamağa qərar vermişdim. Yuliyanın divarı dəlib otağa girən o iyrənc səsi isə bugünkü kimi qulağımdadı.
Oyundan sonra üç gün görüşmədik, dördüncü gün onlara getdim və möhkəm dalaşdıq. Səfehlik etmişdim, bilirəm, amma futbol insanı belə şeylərə məcbur edə bilir. Bu problem bütün münasibətimizə təsir etdi və cəmi bir neçə ay sonra soyuqluq pikə çatdı. O periodda ikimiz də tək qalmamaq üçün bu münasibəti davam etdirdik və getdikcə paslanıb çürüməsini izlədik. Atamın müdaxiləsi tərs damarımı basdı və Yuliyaya qarşı o incə hisslərimi gücləndirməyə başladı. Rus təbiətli bu qız isə mənim acizliyimdən, atamın davranışından hirsləndi və onun üçün qeyri-adi olan bu vəziyyət məndən getdikcə uzaqlaşmasına səbəb oldu. Hazırda buna peşman deyiləm, sadəcə, bu tüpürcək ani də olsa keçmişə dalmağıma kömək etdi deyə bu istiqanlı rus qızına qəlbimdə təşəkkür etdim. Sonuncu dəfə onu 2014-cü ildə, Argentina millisi Almaniyaya finalda məğlub olanda xatırlamışdım.
Telefon zəngi məni bu xatirələrin ağuşundan aldı: dərhal pəncərəni bağlayıb, dərmanlarla vidalaşdım, stolun üstündən açarı götürüb qapıya doğru tələsdim. Birdən stolun üstündəki zərf diqqətimi çəkdi, geri qayıtdım. Zərfi açıb 1000 rublu götürdüm və kiçik bir qeydlə rastlaşdım: “Məni basdırmaq üçün gələcəyini bilirəm. Bu, uduzduğun mərcə görə mənə verdiyin puldu. Onu sənə saxlamışam. Bağışla… Sənə heç vaxt ata ola bilməyən atanı bağışla...”
Beynimdən eyni anda yüzlərlə fikir qalxdı, başım bu xaosa dözməyib çiynimə doğru əyildi. Düşüncələrdən təkcə birini - uşaqlıq vaxtlarımda qəhrəmanım saydığım atamla bağlı olanı seçdim, onun beynimdən keçib bütün bədənimə yayılmasına icazə verdim. Qismən rahatladım, amma otağın havasından boğulduğum üçün özümü küçəyə atdım və yola düzəldim.
Buraların havası üçün ənənəvi hal baş verdi: parlaq günəş buludların arasında gizləndi, qəfil şıdırğı yağış başladı və bircə dəqiqə içində bütün bədənimi islatdı. Proses o qədər cəld baş verdi ki, harasa gizlənməyə belə macal tapmadım. 15 dəqiqəlik yağışdan sonra səhər ürəyimi açan o möhtəşəm səmadan əsər-əlamət qalmadı. Təbiət də mənim kimi bu ölümə həm sevinir, həm də üzülürdü. Yəqin ki…
Özümü dayanacağa çatdırdım, gələn ilk marşruta mindim və avtobusdan daha sürətli bir formada bir də qayıtmayacağım o evdən, həyatımda önəmli dəyişikliklər edən atamla keçirdiyim yarım ildən uzaqlaşdım. Məktubdakı cümlələr isə ağlımdan çıxmadı: əslində, özüm də buna cəhd etmədim. Son cümlə beynimə təcavüz edirmiş kimi eynilə atamın səsi ilə səslənir, məni nəsə düşünməyə məcbur edir və dərhal bir sükunətin içinə atır. Həmin sükutdansa bu məşhur parçanın xışıltılı səsi gəlir:

“Here I am with you
And I know that it's true
Despite all the feelings
You're putting me through
I try to walk away, something makes me stay”

Avtobusun qapıları bağlanmaq üzrədi, mənsə dərhal qərara gəlirəm ki, özümü yerə atım və bunu çətinliklə olsa da bacarıram. Mahnı beynimdə o qədər yüksək səslə oxunur ki, avtobusdan ünvanıma yellənən əlləri görsəm də səsləri eşitmirəm: ümumiyyətlə Joe Cockerin səsindən başqa heç nə… Bir qədər sərsəm şəkildə irəlilədikdən sonra səndələyib yıxılıram və çətinliklə də olsa mahnının ahəngini pozmadan davam etməsinə icazə verirəm:

“Heart over mind, yes I'm
My father's son
I live my life, just like
My father's done
But tell me why
Every time I try to tell you it's goodbye
I can't seem to let go
In my heart, I know I want to stay, what I'm trying to say”

Mahnının səsi getdikcə kəsilir, insanların və yaxınlıqdakı tikintinin səsi ani keçidlə eşidilməyə başlayır və mən özümü adını bilmədiyim və sadəcə Körpü - deyə xatırladığım bu dəmir konstruksiyanın üzərində tapıram. Başda, lap evdən çıxanda gəlmək niyyətində olmadığım, görmək istəmədiyim bu yerə məni hansı qüvvə gətirdi? Bəlkə musiqi? Bəlkə məktub? Ola bilər, bunların hamısı zəncirvari şəkildə məni məhz bu körpüyə doğru itələdi və missiyaları tamamlanan kimi çıxıb getdilər. Mənsə bu körpünün üzərində tamamilə tək, bəlkə də atamın hələ tam qaranlıq məkanına çəkilməmiş ruhu ilə üzbəüz qaldım. Körpünün üzərində elə çox insan yoxdu: bura əvvəllər sənaye mərkəzlərindən olsa da, hazırda tərk edilmiş xarabalıqdan fərqlənmir və nadir hallarda kimsə yolunu burdan salır. Yəqin ki, kiminləsə görüşmək üçün. Axı, körpü həm də görüş simvoludu, bağlılıq yaradan obyektdi. Mənim üçün isə körpü ayrılığı özündə əks etdirən bir nəsnədən başqa bir şey deyil.
Atamla sonuncu görüşümüz məhz burda, bu dəmir parçasının üzərində olmuşdu. Bir həftə idi ondan qaçmışdım, nəhayət, məni hardasa tapmışdı: arxamca qaçmağa başladı və məni körpüyə qədər qovdu. Yoruldu, əllərini dizlərinə yapışdırdı, çökdü və ağır-ağır nəfəs almağa başladı. Uzaqlaşmaq üçün əla fürsət idi, amma onda da hansısa bir qüvvə məni atamın yanına çəkmişdi. Məni görcək dirçəldi, sakit səslə “oturub danışaq. Hər şeyi istədiyin kimi edəcəm” - dedi. Razılaşdım. Ayaqlarımızı dəmir körpünün boşluqlarından aşağı salladıq, təxminən beş dəqiqəlik sükutdan sonra atam danışmağa başladı. Yarım saatlıq söhbəti ərzində gah hıçqırdı, gah ağladı, gah güldü, gah da üzündə heç bir emosiya sərgiləmədən sakit dayandı. Həyatını heç vaxt danışmadığı bir formada - xronoloji ardıcıllıqla nəql elədi və birlikdə olduğumuz altı ay ərzində ilk dəfə mənə çox doğma gələn və illər sonra atam barədə yeganə xoş xatirəmə çevriləcək şəkildə möhkəm sarıldı. Səsi, davranışı, üzü tamamilə dəyişmişdi: qarşımdan, üzündən sərtlik yağan, natəmiz saqqalın bütün emosiyalarını gizlətdiyi, gözləri çüxura düşən daz kişi çəkildi və tələbəlik illərindən olan şəkildən tanıdığım o şux qamətli, üzündə incə təbəssüm olan yaraşıqlı gənc obrazı peyda oldu. Atama doğru əyildim və həyatımda ilk dəfə, artıq son dəfə də demək olar, ona bütün xoş hisslərimlə sarıldım:

- Getmək fikrin qətidi? 
- Aha..
- Gedib biletini alaq… 

Bu, onunla son dialoqumuz oldu. Bilet almaq üçün stansiyaya qədər piyada getdik, amma yol boyu nə o, nə də mən danışmağa cəhd etdik. Hər şey bitmişdi: altı aylıq dramatik həyat olduqca sönük bir dialoqla sona çatmışdı. Bileti alandan sonra atam telefonla danışdı, kimisə möhkəm söydü və tələsik, mənimlə sağollaşmadan harasa getdi. Mənsə evə, səhər altıda isə qatarla daha doğma evə qayıtdım. Keçən illər ərzində də nə o, nə də mən bir-birimizlə danışmaq ehtiyacı duymadıq. Daha doğrusu, bu ehtiyacı özümüzə etiraf etmədik. Beləcə telefonlardan “Ata”, “Oğul” adları silindi və ya heç yazılmadı…
Ani olaraq hiss etdim ki, cibimdəki telefon özünə yer tapa bilmir. Qulaqlarım necə illər öncəyə bənd olubsa, heç bir səs eşitməmişəm. Dayanmadan zəng edən atamın dostu - Rüstəm əmi idi. Saata baxıb anladım ki, mərasimə gecikmişəm və bu zənglərin gəldiyi yerdə ünvanıma “ləyaqətsiz oğul” ifadəsindən başlayan ən ağır söyüşlər yağır. Dərhal tərpəndim, körpünü keçib son dəfə ümumi planda bu dəmir konstruksiyaya baxdım və ordan cəld uzaqlaşdım.
Məzarlığa çatanda qapıda məni gözləyən cavanlardan biri ilə görüşdüm, digərinin əlini sıxmağı unutdum, o da dərhal kobud formada bunun səbəbini soruşdu. Ara qarışacaqdı ki, Rüstəm gəldi. Məni danlamağa cəhd belə etmədi: yəqin, üzümdəki ifadədən çəkindi. Yaxşı ki… Məzarın yanına çatanda aydın oldu ki, tabut artıq yerinə qoyulub, sadəcə torpaqla örtülməyib. Rüstəmə qırıq cümlələrlə indi xatırlamadığım nəsə dedim, o da necəsə məni anladı və göstəriş verdi ki, tabut yerindən götürülsün. Onu məzardan çıxartdıq, bir neçə metr geri gedib çiynimizə qaldırdıq. Mən qabaqdan, sol tərəfdən hərəkət edirdim… Nəhayət, atamı son dəfə, bu dəfə əbədi olaraq məzarına qoyduq və qısa bir nəfəs dərəndən sonra üstünü torpaqla örtməyə başladıq. Hansısa təbii fəlakət və ya xoşagəlməz bir hadisə baş verməsə, bu adam son zərrəsinə qədər məhz burda çürüyüb torpağa qarışacaqdı...
Atam xristian adətlərinə uyğun şəkildə dəfn edilməyini istəmişdi. Rüstəm əmi isə qərara gəlmişdi ki, atamı o dünyada günaharından qismən arındırmaq üçün həm xristian, həm də müsəlman adətlərinə əməl etsin. Hərçənd, tabutdan başqa burda heç bir xristian adətinə rast gəlmədim. Molla fatihəni bir az başdan, bir az sondan oxudu, dualar etdi, "Amin" sədaları yüksəldi, hamı mənə başsağlığı verib uzaqlaşdı..
Mənim də deyiləcək çox sözüm qalmamışdı. Sadəcə ona söz verdim ki, özüm yaxşı ata olmağa və nəsil ağacımızdakı ata lənətini sonlandırmağa çalışacam… Ağır addımlarla ordan uzaqlaşarkən arabir geri dönürdüm. Bir qadının məzarın üstünə gəlib gül qoyduğunu və oturduğunu gördüm. Geri qayıdıb söhbətlərinə mane olmaq istəmədim. Yəqin, məhz indi, atam öləndən sonra danışılacaq çox şeyləri var idi.
Hava isə yenidən aydınlaşır, günəş yol boyu uzanan ağacların yarpaqları arasından mənə göz vururdu. Mənsə evə, daha doğrusu, məni evə çatdıracaq qatara tələsirdim. Çiynimdən atdığım bu yükün məni yüngülləşdirib yoxsa ağırlaşdırdığını isə evə çatanda biləcəkdim.

Elvin Jabizadeh, 12.09.2018

Comments