Skip to main content

Qəfil dayanma hissi - Hekayə

Kimdənsə nigaran deyildim. Amma ürəyim elə bərk döyünürdü ki, öz şüurum və hətta təhtəlşüurumdan belə şübhəyə düşmüşdüm. Əslində döyüntü səslərini məndən kilometrlərlə aralıdan gəlirmiş kimi eşidirdim: boğuq, manelərə toxunub sınan səslər... Qəlbdən aralı düşmək, yəqin, buna deyilir. Mənim misalımda, bu, heç də qəribə deyil. İllərdi o səsə qulaq asmamışdım. Deyəcəkləri vardısa belə, ona bu imkanı verməmişdim.
Bəzən möhkəm sızıldayır: kəskin ritmləri deşəcək dərəcədə sərt vuruşlar edir bədənimə. Dözürəm. Ürəklə mənimki tutmur. Onsuz yaşaya bilməyi sevə-sevə qəbul edərdim. Mənimki beyindi: sadə riyazi məntiq. 2+2=4 bütün suallarımın cavabıdı. Hər yolda iki seçim olduğunu qəbul etmişəm: orta yol yoxdu. Belə yaşamaq daha asandı, deyirlər, amma mən təkcə çətin tərəflərini görmüşəm. Özünü dəmir yollardakı sürət qatarı kimi düşün. Seçimlər konkretdi, ayrı yolda getmək şansın yoxdu, hara nə vaxt çatacağın vaxt belə dəqiqəsinə qədər hesablanıb. Qəfil dayanmaq istəyirsən - bu, hər zaman lazım ola bilər. Deyək ki, həyatdan götürmək istədiyin kiçik bir time-out var. O qədər sürətlə hərəkət edirsən ki, ani dayanmaq istəyin olsa belə istədiyin məsafədən azı kilometrlərlə uzaqda dura biləcəksən. Bəlkə də heç istəmədiyin, heç arzulamadığın bir nöqtədə. Qaçmağa çalışdığın bir xatirənin tam mərkəzində dayanmısansa, əslində dayanmaq istədiyin nöqtənin də bir mənası qalmır. Mən sadəcə bir anlıq durmaq istəmişdim. Bəlkə də, səhv yerdə...
İllər öncə də sürətli həyat axınını saxlamaq riskinə girmişdim və qəfil dayanma ilə hər şeyi korlamışdım. Dayandığım nöqtənin səhv, gərəksiz olduğunu anlamağım illərimi aldı. Bədxərclik barədə özümü qınamıram, onsuz da yaşayacağım 45 ili hansısa ali məqsədə həsr edəcək biri deyiləm. Mənə görə, məqsəd ümumiyyətlə mənasız çabadı: beynin oynadığı bir oyun. Şüura isə bel bağlamaq olmaz. Məqsəd tanış olmayan, yeni bir yol deməkdisə, deməli, onun axınına düşməlisən. Əgər tanış olmayan cığırda hərəkət edirsənsə, başqa yolların hara apardığından bixəbərsən. Bu hal bədbəxtliyin səni hara sürükləməsinə imkan verməkdən daha pisdi.
Niyə indi dayandığım nöqtədə olduğumu bilmirəm. Bura mənə çox yad bir yerdi: ucsuz-bucaqsız xarabalıq. Bəlkə də, cəmi bir gün öncə buralar da gülüstan olub. Rəngli insanlar, rəngli həyat kadrları, gülümsəyən dostlar, tin görən kimi öpüşməyi fürsət bilib dəyərləndirən cütlər, gözəl təbiət rəsmləri və qürub edən günəş, buludlarla rəqs edən ay. Klassik anlamda bütün gözəlliklər var amma fərqli nəsə axtarmağa dəyməz. Bu gün heç birindən əsər-əlamət yoxdu. Deməli, hamısı bir illüziya imiş. İlkin fəlsəfi sualın cavabını tapmışam: o, mövcud deyil. Sadəcə olaraq, bizim bunu dərk etməyimiz xeyli vaxt alır. O, bir illüziyadı: bəziləri tez bitir, bəziləri isə gözünü son dəfə yumana qədər davam edir. Elə ki gözünü əbədi yumursan, onda hər şey mövcudluğunu, hətta ekzistensialist mahiyyətini itirir. Mən də dünən gözümü yumdum. Müvəqqəti də olsa, bu qırpma bütün illüziyaların dağılmasına səbəb oldu.
Aha, niyə burda olduğumu dərk etdim. Bir azdan bir qatar gələcək, onun bir oturacağına oturacam və həmin qatar məni yeni xəyallara aparacaq. Beynimin oynadığı oyunda vaxtaşırı təkrarlanan səyahət. Yeni rənglər, yeni insanlar, yeni xoşbəxtlik həbləri, yeni sözlər, yeni mahnılar uyduracam. Əvvəlkindən bir az fərqli, amma onlara aid nələrsə daşıyan yeni gözəlliklər yaradacam: yenə günəş doğub sonra qürub edəcək, ay da öz əsrarəngiz rəqsini davam etdirəcək. Hansısa tində gözüyumulu öpüşən qız və ətrafını müşahidə edərək işini görməyə çalışan oğlandan ibarət cütlər axtaracam.
Video oyunlara maraq salandan əmin olmuşam ki, hansısa bir paralel kainatda hansısa mənasız bir oyunun içindəki personajam. Və tərslikdən mənim obrazımın oynadığı oyunda maneələr olduqca çətindi. Bəlkə də çox asandı, amma oyun o qədər mənasız və banaldı ki, onu yaşca böyük insanlar oynamırlar. Uşaqların başı qarışsın deyə bu oyunu körpə birinə oynadırlar və həmin lənətlik balaca tamamilə fərasətsizdi. Cəmi iki addım atan kimi qəhrəmanı hardasa "yandırır" və elə o dəqiqə də hər şeyi yenidən başlamağa məcbur edir. Nəfəsimi belə dərməyə imkan vermədən. Həyatın axınına düşən kimi qəfil baş qaldıran dayanma hissi, bəlkə də, elə o fərasətsiz küçüyün zibilləridi.
Qatar gəlir: yola düşməyə hazıram. Xarabalıqdansa səslər ucalmağa başlayır. Tanış tezliklər, yad olmayan hıçqırıqlar. Buranı tərk etməməyim üçün israr edən yalvarışlar. Anam aydın danışa bilmir: qürurundan getmə deməyə dili gəlmir, amma sözləri o qədər aydın riyazi şifrələrlə deyir ki, ardıcıllığı bərpa edəndə "GETMƏ" harayını düz qulağımın içində hiss edirəm. Bəlkə də ürəyimdə. Bəlkə də ona görə belə möhkəm atır. Tamamilə boz rəngdə geyinmiş cavan bir qadın da eyni dalğalarla mənə nüfuz edir. Onun da "GETMƏ"  çağırışını eşidə bilirəm. Qatarın son siqnalı verilir. Tələsməliyəm, amma ayaqlarım eyni fikirdə deyil. Nədənsə ürəyimdən ağır bir daş asılmış kimi hiss edirəm: məni yerə bərkidən qaya parçası...
Qəfil bir boşluğa atılıram və ani riyazi qərarla qatara tullanıram. İndi adını riyazi qərar qoya bilərəm, amma həmin anda bunun içimdəki hansısa insinktdən qaynaqlandığını da istisna etmirəm. Qatar sürətlənir, çağırışların səsi zəifləyir və xarabalıq getdikcə gözdən itir, açıq rənglər görünməyə başlayır. Təbiətin keçid effektləri ilə rənglənməsinə şahid oluram. Getdikcə boz rəng yerini açıq maviyə, qara isə təbiət yaşılına verir. Təhvil-təslim prosesi təbiətlə eyni anda mənim beynimdə də gedir. Artıq illüziyalarımda yeni dünyanın təməllərini qururam. Rəssamlığı yaxşı bacarmıram deyə rəngləri xaotik bir şəkildə dağıdıram, amma parlaqlıq gözümə elə bir gözəllik ehtirası verir ki, illərdi məhz buna ac olduğumu dərk edirəm. Yeni həyat başlayır və qatarda hər kəs bunu bayram edir. Sevincin yayılma sürəti qatarın sürətindən daha itidi və zamanla işıq sürətini də keçir. Sevinc zamanın sürətini aşır və onu dondurur. Möhtəşəm mənzərədi: günəş işıqlarının parıltısı gözlə görünəcək dərəcədə yavaş hərəkət edir. İnsan bədəninə nüfuz edən işığı hiss edə bilir. Keçmiş, gələcək və indi anlayışı itib. Yalnız bir zaman var: dairəvi, hər üç anlayışın eyni anda olduğu zaman…
Birdən o əclaf dayanma hissini sezirəm. Getdikcə sürətlənir, kəskinləşir və qarşısıalınmaz gücə çevrilir. "Yox, istəmirəm! Dayanmaq istəmirəm! Axmaq uşaq, təslim olma, hələ gücüm var, bu maneəni də keçə bilərəm! Dayanma!" İçimdən elə bir bağırtı qopur ki, öncə qulaqlarımı batırır, sonra da gözlərimi yummağa məcbur edir. Cazibə qüvvəsi sərt şəkildə məni yerə çırpır. Ayılıram və dərhal da buna peşman oluram. Bu, dayanmaq istədiyim yer deyildi. "Ey, qatar! Dayan! Bura deyil. Mən burda dayanmayacaqdım. Mənim aid olduğum yer bura deyil. Mən beynimdə buranı qurmamışdım axı... Burda düşmək istəmirdim…"
Heç bir faydası yoxdu. Qatar çoxdan uzaqlaşıb və mən ancaq onun səsi kəsiləndən sonra ətrafımda mənimlə eyni hərəkətləri təkrarlayan insanları görə bilirəm. Onlar da burda olmaqdan xoşbəxt deyillər. Bu stansiya heç birimizə aid deyil. Amma öncəki təcrübələrimdən bilirəm ki, ayrı yolumuz yoxdu. Biz burada məskunlaşacaq, bu məzarlığı yaşamaq üçün uyğun hala gətirəcək, ən az on ilimizi burda keçirəcəyik. Mənim bundan sonra maksimum bir səyahət imkanım qalır. Kədərlidi…
İlk dəfə idi ki, geri qayıtmaq hissinə qapılırdım. Bu istək kəskin hal alırdı və hansısa instinkt iradəsiz şəkildə yollar axtarmağa başlayırdı. Əks istiqamətə gedən bir qatar yolu da olmalıdır. Mütləq! O yolu tapacam və lazım gəlsə on il də gözləyəcəm ki, qatar gəlsin və heç olmasa məni tərk etdiyim son xarabalığa qaytarsın. Dərhal riyazi məntiqim işə qarışır və başımı döyəcləyir: xatırladır ki, indiyə qədər heç vaxt istədiyim nöqtədə dayanmamışam. Həmişə xəyallarını qurduğum nöqtədən uzağa düşmüşəm. Lap geri qayıtmaq imkanım olsa belə, bir də heç vaxt o nöqtədə dayana bilməyəcəm. Bu, daha kədərlidi… Bəlkə də min illər ərzində dövrə vurandan sonra kiməsə eyni nöqtəyə qayıtmaq şansı verilir. Ona da biz reinkarnasiya deyirik.
Mənsə geri qayıtmaq şansımı itirmişəm. Məhz bu məzarlıqda yaşayacam və mümkün olsa, bir də on il sonra qatarım məni burdan - artıq doğmalaşacaq yerdən aparacaq. Mən isə qayıtmaq istəyirəm. Anam üçün darıxıram…

Elvin Jabizadeh, 10.09.2018

Foto: The Glorious Sierra (Patrick Michael Karnahan)

Comments

Popular posts from this blog

Fallen Leaves (2023) - sevgi şəfalandırır - Film Analizi

  5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır. Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid. Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq. Simmetriya və balans. Kaurismäki filmlərində kompoz

Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası

Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta "azad bir sevgi eşqinə" ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar. Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi. Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi - sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç fo