5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır.
Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid.
Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq.
Simmetriya və balans. Kaurismäki filmlərində kompozisiya simmetriya və balans fokuslu olur. Bu isə minimalist səhnələrin ortaya çıxmasını şərtləndirir. Aki, eyni zamanda kamerasını çox hərəkət etdirməyi sevmir, minimalizmə burada da sadiqdir, əsasən, statik və geniş bucaqlı şotlardan yararlanır.
Soft işıqKaurismäki işıqlandırması filmlərdə nostalgiya və melanxoliya atmosferinin yaradılmasına xidmət edir. O, bəzi şotlarda soft, dağınıq işıq istifadəsi ilə “yuxu” təəssüratı yaratmağa çalışır. Əsasən, təbii işıqdan istifadə edir və ya onu imitasiya edir.
Sakit rəng tonları. Aki filmlərindəki rənglər əsasən nostalgiya, bununla birlikdə “dinclik” duyğusunu yaradır. Retro estetikanı o, özünəməxsus - sakit rəng tonları ilə əldə edir. Bəzən, məsələn, Fallen Leaves-də olduğu kimi qabarıq rənglər də görə bilərik, amma bunlar gözəbatan deyillər.
Statik kamera. Bunu xüsusi olaraq qeyd etmək lazımdır ki, Kaurismäki filmlərinin zaman anlayışı bugünkü sürət dövrü ilə uzlaşmır. Biz onun filmlərində zamanı daha ləng, təlaşsız yaşayır və təcrübə edirik. Kaurismäki long-shotlardan da istifadə etməklə tamaşaçını obrazla uzun müddət üzbəüz qoyur, bu da qəhrəmanın emosional dərinliyinə bizi dəvət edir.
Deadpan Humor. Kaurismäki zarafatları “klişe”, “güldürməyən”, “düşündürməyən”, “qıcıqlandırıcı” və s. kimi bütün neqativ etiketlərlə dəyərləndirilə bilər. Amma long-shot və statika bu yumorun obrazlar arasındakı təbii ünsiyyətdən doğduğuna bizi inandırır, beləcə, etiketlər neqativdən pozitivə dəyişir. İnsan gülür…
Sosial yadlaşma mövzusu. Kaurismäki obrazlarını toplumun sərhədlərində inşa edir. Onlar sürətli dəyişkən dünyada ya yerlərini axtarırlar, ya da vecsiz şəkildə bu sərhəddə veyillənirlər. Bu obrazlar sürreal dünya sakinləri kimidir, sanki insanın özü yox, onun fantasy dünyasında olan versiyası…
Musiqi - bir obraz kimi. Aki filmlərində musiqi sadəcə aksesuar deyil, filmin bir hissəsi, hətta onun obrazlarından biridir. Folk, Blues və Rock 'n' Roll Aki filmlərində atmosferin yaradılmasında həlledici rollardan birini oynayır.
Fallen Leaves Proletariat “trilogiyasının 4-cü filmi”dir. Shadows in Paradise (1986), Ariel (1988) və The Match Factory Girl (1990) kimi filmlərin məzmun davamını - işçi sinfinin gündəlik və romantik həyatını Fallen Leaves də göstərməyə davam edir. Trilogiya kimi nəzərdə tutulsa da, seriya uzadıldı, bir sözlə…
Ansa və Holappa ağır işlərdə işləyən, daimi istismara məruz qalan və oğurluq - alkoqol probleminə görə işdən qovulan sıravi işçilərdir. Təsadüfən bir karaoke rastlaşmaları onların həyatına bir dəyişiklik gətirir. Üstəlik, film Ukrayna işğalı dövründə - qorxu, qeyri-müəyyənlik mühitində cərəyan edir.
Amma Fallen Leaves Aki kinosunun ən ümid dolu filmidir. O ümid ki, onu yalnız emosional dərinliklərdə batmış və bəxti gətirsə, yüksələ bilmiş insanlar duya bilər.
Fallen Leaves unikal rəng paleti, yumşaq işıqlandırması, möhtəşəm musiqi seçimləri, deadpan yumoru ilə insan içini isindirən filmlərdəndir. Maustetytöt - Syntynyt suruun ja puettu pettymyksin musiqisi isə təkcə filmə yox, filmdən sonra bizim zehnimizə də damğasını vurur. Emosiyasız insanların portreti ilə insan zehnində ən uc duyğular yaratmağı bacaran Kaurismäki kino arxivinə növbəti şedevrini yazarkən hələ də illər əvvəlki “daxili yetərsizliyi” ilə əlləşməyə davam etmək üçün kamera arxasını tərk edib, bar masası arxasına keçir. Oradan qaçmaq üçün növbəti filmini çəkənə qədər.
Mən filmi izləyəndə Bakıya son illərin ən gözəl qarı yağmışdı, ya da filmin təsirindən mən bu qarı çox romantikləşdirmişdim. İçərişəhərdə filmi düşünərək yürüş edəndə beynimdə təkcə bir sual var idi: görəsən, niyə bütün bunlar ancaq kinoda olur?!
Müraciət: Bu tip yazıların və videoanalizlərin davam etdirilməsi üçün dəstək olmaq mümkündür. Bunun üçün kofeal platformasından mənə "bir kitab ala" bilərsiz. Hazırda Yarım Qalmış Fraqmentlər filminin çəkilişi üçün ictimai fondlaşma kampaniyası aparıram və dəstəyiniz yerinə düşər :)
https://kofe.al/@eljabizadeh









Comments
Post a Comment