Skip to main content

Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası

Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta "azad bir sevgi eşqinə" ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar.
Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi.
Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi - sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç formasını da dəyişmir.
Bu mövzuda insanı ilk olaraq təbiət insanı və onu özünün uydurduğu qaydalar sistemi ilə formalaşdıran - cəmiyyət insanı olaraq iki yerə ayırmalıyıq.
Təbiət insanının - xammalın heyvani instinktlər üzərində formalaşmış, davranışı bir meymunun davranışından qətiyyən fərqlənməyən varlıq olması danılmaz həqiqətdi. O, böyüdükcə təbiətin ana qanununu - törəməni həyata keçirəcək silaha çevrilir və beləcə həyatındakı seçim xaosuna düşür. Onun bu seçimində və bu seçimi davam etdirməsində heç bir məhdudiyyət, qayda yoxdu. Onun üçün partnyorun əqidəsi, rəngi və s. önəmli deyil. Onun üçün önəmli olan bunun zəncirvari olması, halqaların maksimum saya çatmasıdı.
Sosiallaşmış heyvan olan insan isə eyni formada böyüyüb seçim xaosuna düşəndən sonra beynini onu məhdudlaşdıran zəhərlərlə dolmuş görür. Beləcə, biz təbiətin ona verdiyi əsas funskiyanı yerinə yetirməkdə aciz varlıqlar görürük. Əxlaqi çərçivələr, maddi durum, dövlətin qanunları, üzərindəki başqa təzyiqlərlə boğuşan bu sosial heyvan məhz bu buxov və təbiət əmrləri arasında sıxışıb qalır.
Təbiət ona gördüyü hər qarşı cinsə "hücum" komandası verir, cəmiyyət normaları isə "dişini sıx"... Məhz bu iki divar arasında qalan qəhrəmanımız gah o, gah bu divarın əmrlərinə görə rəftar edir və beləcə gözümüzün qarşısında xaotik-nizamlı insan həyatı canlanır.
Əslində, bu da bir faktdı ki, çoxalma funskiyası təbiətin bizimlə oynadığı aşkar oyundu. Biz onun alətiyik, daha açıq formada, hamımız - bütün canlılar təbiətin cinsiyyət orqanıyıq.
Xəyanət mövzusuna nöqtə qoymaq fikrim yoxdu. Bu mövzuda nöqtə o halda qoyulardı ki, törəyən varlıqlar törədikləri varlıqlara həyat verdikdən sonra ölərdilər. Bir növ, özünü kopyalama mexanizminə qarşılıq kimi, çevrilmə üsulu...
Amma bu qayda təbiətə sərf etmir. Törəyən varlıqlardakı mümkün problemləri də nəzərə alsaq, bu çevrilmə üsulu zamanla irqin sonunu gətirə bilərdi. Təbiətə isə maksimum çoxalma lazımdır.
Qısası, Arthur Schopenhauerin - Cinsi sevginin metafizikası yazısı xəyanət və insanın cinsi arzuları barədə fikirlər formalaşdırmağa çalışan hər kəsin stolüstü kitabı ola bilər. Dünya - iradə və təsəvvür kimi əsərinin bir hissəsi olan bu yazı olduqca kəskin və parlaq fikirlərlə zəngindi. Əlbəttə, dünyada xəyanətdən hüquqi akt kimi danışmaq da dəbə düşəcək. Söz azadlığı, ifadə azadlığı, xəyanət azadlığı... Və cinslərin bərabərləşdiyi dünyada azadlıqlar hansısa cinsə spesifik deyil.
Schopenhauerin əsəri isə sosial heyvanın uydurduğu, heç bir məna kəsb etməyən və obyektivlik daşımayan bu illüziyalardan bəhs etmir. O, insanın dərininə enir, onun təbiət əmrlərini yerinə yetirən mexanizmlərini incələyir:
"Deməli, cinsi sevginin təməlində sadəcə törəməsi vacib olan fərdə yönəlmiş bir instinktin yatdığı həqiqətini göstərmək üçün bu instinkti onu meydana gətirən hissələrinə bölməliyik. Hər şeydən əvvəl kişinin təbiətinə görə sevgidə vəfasızlığa, qadının isə əbədi sədaqətə meyilli olması həqiqəti bu incələmənin içindədi. Kişi sevgisi doyduğu andan etibarən hiss ediləcək dərəcədə azalır: demək olar ki, bütün başqa qadınlar onu sahib olduğundan daha çox cəzb edirlər. Kişi dəyişiklik istəyir. Qadın sevgisi isə məhz o andan sonra artmağa başlayır. Bu, növü qoruyub onu davam etdirməyə və bu baxımdan mümkün olan qədər daha çox çoxalmağa yönəlmiş bir təbiət məqsədinin nəticəsidi. Bilirik ki, kişi ona yetərli qədər qadın verilsə, asanlıqla bir ildə yüz uşaq "yarada bilər". Qadın isə istədiyi qədər kişiyə sahib olsa belə, əkiz ehtimalını çıxsaq, ildə sadəcə bir uşaq dünyaya gətirə bilər. Buna görə də kişinin gözü hər zaman başqa qadınlardadı: qadın isə bunun qarşılığında bir kişiyə möhkəm sarılır. Çünki təbiət onun instinktləri ilə və heç düşünmədən gələcəkdəki doğumun bəsləyicisi və qorucusu olan kişini yanında saxlamasına vadar edir. Ona görə də, kişinin qadına sədaqəti qurma bir şeydi, qadının sədaqəti isə təbiidi. Başqa sözlə, qadının xəyanəti obyektiv olaraq nəticələri baxımından, subyektiv olaraq təbiətə qarşı olması baxımından daha az bağışlanası xəyanət hesab edilir". 
Biz təkamülü tamamlamamış natamam varlıqlar, eyni zamanda, təbiət əmrlərini yerinə yetirən biçarələr olduğumuzu inkar etdiyimiz anda bu tip bəşəri suallar qarşısında aciz qalırıq. Özümüzü təbiət və cəmiyyət arasındakı divar arasında sıxışdırılmış vəziyyətdə görmək istəməsək belə, bu reallığı qəbul etməliyik.
Necə deyərlər, mən insanam və missiyam cılızlığım üzərinə böyük mənalar yükləyənləri pərişan etməkdir...

Rəsm: Venus and Adonis (Titian)

Comments

Popular posts from this blog

Fallen Leaves (2023) - sevgi şəfalandırır - Film Analizi

  5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır. Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid. Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq. Simmetriya və balans. Kaurismäki filmlərində kompoz

Qəfil dayanma hissi - Hekayə

Kimdənsə nigaran deyildim. Amma ürəyim elə bərk döyünürdü ki, öz şüurum və hətta təhtəlşüurumdan belə şübhəyə düşmüşdüm. Əslində döyüntü səslərini məndən kilometrlərlə aralıdan gəlirmiş kimi eşidirdim: boğuq, manelərə toxunub sınan səslər... Qəlbdən aralı düşmək, yəqin, buna deyilir. Mənim misalımda, bu, heç də qəribə deyil. İllərdi o səsə qulaq asmamışdım. Deyəcəkləri vardısa belə, ona bu imkanı verməmişdim. Bəzən möhkəm sızıldayır: kəskin ritmləri deşəcək dərəcədə sərt vuruşlar edir bədənimə. Dözürəm. Ürəklə mənimki tutmur. Onsuz yaşaya bilməyi sevə-sevə qəbul edərdim. Mənimki beyindi: sadə riyazi məntiq. 2+2=4 bütün suallarımın cavabıdı. Hər yolda iki seçim olduğunu qəbul etmişəm: orta yol yoxdu. Belə yaşamaq daha asandı, deyirlər, amma mən təkcə çətin tərəflərini görmüşəm. Özünü dəmir yollardakı sürət qatarı kimi düşün. Seçimlər konkretdi, ayrı yolda getmək şansın yoxdu, hara nə vaxt çatacağın vaxt belə dəqiqəsinə qədər hesablanıb. Qəfil dayanmaq istəyirsən - bu, hər zaman lazım