Keçmişin paslanmış əqrəbləri - Hekayə

Bu dəfə dərsini yaxşı hazırlamış şagird kimi həvəslə, həm də vaxtında görüş yerinə çatdım, qapını açar-açmaz cəld bu palataya bənzəyən təmirsiz otağa nəzər saldım, pəncərəni, yarımçıq boyanmış divarı, stulları yaddaşıma yazdım və stuluma bir də heç vaxt qalxmayacaqmış kimi oturdum, dərhal söhbətə başladım:
- Hər şeyi dəqiqliklə bilirəm. Olduğu kimi. Ağlımda nə qalıbsa... Bəzi şeylər… Onları unutmuşam bəlkə də, amma xatırlamağa çalışacam.
Bunu o qədər əminliklə dedim ki, cavabın nə olacağını belə gözləmədən düşünməyə başlayacaqdım. Di gəl ki...
- Yox, ona cəhd etməyin, lütfən, düşünməyin!. Sadəcə gözünüzdə canlananları danışın - deyə cavab verdi, qarşımda əyləşən gənc xanım.
- Bəlkə də düşünsəm, daha çoxunu xatırlayaram. Bunun köməyi olmaz?
- Əsla! Beyin belə hallarda bizi aldadır, daha doğrusu, oyun oynayır. Daha çox düşündükcə daha çox şey xatırlamırıq, sadəcə xatirələr inşa edirik.
- Mən uydurmamağa çalışacam.
- Lütfən, mənim qaydalarımla davam edək. Düşünməyin, gözünüzü yumarkən canlanan görüntüləri bədəninizdən elektrik keçirircəsinə ötürün. Onlara toxunmadan.
Gün ərzində artıq neçənci dəfə olduğunu unutduğum beynimdəki o boğuq səs fırtınası yenidən başladı. Özümə nəzarəti itirməmək üçün ehmalca əlimi cibimə atdım, kiçik, büzüşmüş qeyd dəftərimi çıxardım və onu ilk dəfə görürmüş kimi nəzər salmağa başladım. Əslində, bütün bu qeydləri özüm etmişdim, amma deyəsən, uğultu məni dünənə qədər geri qaytarmışdı. Son gecə heç olmayıbmış kimi… Bütün baş verənlər hara qeybə çəkilmişdi? Zibilə qalsın.
Sanki birdən mənə məlum oldu ki  elə indicə nəsə danışmalıyam… Elə indi! Düşünməksə qadağandır. Düşünərək qavraya bilmədiklərimi düşünmədən necə deyəcəm?
Birdən, ani sükutdan sonra anladım ki, saatın ləngər vuran əqrəb səsləri məni dəhşətli dərəcədə narahat edir, hətta bu formada davam etsə onu çilik-çilik edəcəyəm. Xanım bunu sezdi, yoxsa o da narahat oldu, bilmirəm, amma yerindən qalxdı, bu axmaq saatın səsini kəsdi.
- Hə, artıq başlamaq olar - deyib, gülümsədim.
- Yenə çox gərgin görünürsüz - deyə cavab verdi. Üzü kəskin ifadə aldı, əlindəki qələmin barmaqlararası hərəkəti yavaşladı.
- Yox, qətiyyən! And içirəm! Mən… Sadəcə… Xatırlamıram.
- Nə gözəl. Bu, əla başlanğıcdı. Bəs bu qeydlər? Onlar da sizə heç nə demir?
- Axı, düşünmək olmaz?!
- Elədir ki, var! Sadəcə qeydlərə nəzər salın və danışın.
- Yox, yox! Bu, işə yaramır. Sizə alınmayacağını demişdim. Boş yerə vaxtınızı xərcləyirsiz.
- Zamanı bir az əvvəl saxladım. Vaxtımdan getmir, narahat olmayın. Amma bu boş girişi uzatsaq, yenidən “tık-tık” səsləri başlayacaq.
Bu şantaj dolu xəbərdarlıqdan sonra qəribə bir qorxu məni bürüdü, beynimin dərinliyində o səsin uğultusunu eşitdim və başımı sağa-sola sürətli şəkildə yelləməyə başladım. Saatın əqrəbləri o qədər ağır hərəkət edirdi ki, yağsız qapının cırıltısına bənzər səsi ətimi ürpəşdirirdi.
- Tələsmək lazımdır! Sizin ləngliyiniz zamanı sürətləndirir. Unutmayın, biz sürətli olduqca zaman yavaşlayır, amma biz ləngidikcə onun amansız sürəti qarşısında əzilirik.
Xanım bu cümlələri çox ləng, ətrafımda bir dövrə vuraraq dedi. Onun hərəkət trayektoriyasını izləyərkən otağı yenidən gözdən keçirdim. Kiçik pəncərə şüşələrinin sındırdığı günəş işıqları otağın boğuq əhvalını dəyişəcək qədər güclü deyildi, amma bayırdan gətirdiyi sehrli bir şey mənə nüfuz edəndə beynimdəki səs kəsildi, hətta artıq bir addımlığımda dayanan bu gənc xanımın səsi belə dərinliklərə qərq olmağa başladı. İradəsiz halda qeydlərə nəzər saldım:
- Saat 02:05... Qeyd dəftərindən oxumağa başladım.
Xanım qarşıma keçdi, yerinə oturdu və yüksək səslə, sanki başqa kimlərəsə çatdırırmış kimi danışmağa başladı:
- Belə də bilirdim. Əvvəl-axır görəcəyini bilirdim. Başqa cür ola da bilməzdi.
Əslində, indi onun sevindiyini ya təəccübləndiyini anlamaqda çətinlik çəkirəm. Məsələ budur ki, mən onu sevindirəcək bir şey etməmişdim. “Gecə saat 02:05” qeydi heç mənim özümə də nəsə de… Ya da yox! Dayan, dayan! Bunlar gecə boyu oyandığım saatlardı: 02:05, 04:19, 06:01, 06:45, 07:32… Bunları niyə yazmışam ki?!
Hafizəmdə qurdalanarkən xanım hirslə yerindən qalxdı, stulun cırıltısı qulaqlarıma doldu və səhvimi anladım:
- Yox, yox, mən heç nə düşünmədim. Daha doğrusu, buna fürsət olmadı. Siz… imkan vermədiniz…
- Onda başlayın. Elə birinci saatdan! Bu, nəsə çox uzandı.

02:05

- Əlbəttə, əlbəttə! - dedim və gözlərimi iradəsiz şəkildə yumaraq davam etdim. Gözümdə qaranlığın içindən çıxan kadrlar birləşməyə, görüntülər yaranmağa başlayırdı. Onlar tam hazır hala gələndə gördüyümü danışmağa başlayırdım.
- Atamın Seritçayın sahilində yerləşən daxma-evindəyəm və bundan heç xoşum gəlmir. Burdan qaçmalıyam, özü də dərhal... Nəsə, yaxşı fikrə bənzəmir. Bayırda çoxlu qoz ağacları var və deyilənə görə, gecə onun altında və üstündə nəsə təhlükəli varlıqlar peyda olur. Mən heç vaxt onlarla rastlaşmamışam, heç elə fikrim də yoxdur, amma anamın belə xatirələri bəs qədərdir. Üstəlik, ildırım çaxır, qoz ağacları belə havada ən təhlükəli ağac növü sayılır. Bəs, səhərə qədər bu xarabada necə qalım? Tualetə getməliyəm, ya yox?
Bir az əvvəl məni tamamilə sarmış utanmaq hissi harasa yoxa çıxmışdı:
Bilmirəm necə deyim, amma belə görünür ki, yerimə işəmək ən yaxşı çıxış yoludur. Madam ki, bunu saxlaya bilməyəcəm, qoy ötürüm, getsin…
Bu anı görmək istəməməkdən idi ya yox, bilmirəm, amma gözümü qaranlıq tam zəfər qazananadək sıxdım...
Yox, yox, mənə nəsə oldu... Boynuma nəyinsə yapışıb məni çölə doğru dartdığını hiss edirəm. Vurnuxuram, sürünürəm, o qoldan yayınmağa çalışıram, amma alınmır. Nəhayət, tam gücdən düşəndə təslim oldum, qapı açıldı, qol məni bayıra itələdi. Ani külək geyimimdəki sidiyi bədənimə sarmağa başlayanda kəskin soyuğu hiss etməyə başladım. Soyuq məni ayıltdı, qorxa-qorxa gözlərimi qaldırdım ki, ətrafı müşahidə edim. Heç nə yoxdu, ümumiyyətlə heç nə. Zülmət qaranlıqda başqa necə olmalıydı ki?
- Düşünməyin, lütfən! Axı bunda razılaşdıq… Sizsə anlar, hətta emosiyalar yaradırsınız. Hətta bütün anları...
Xanım o qədər təəssüf dolu ton seçmişdi ki, özümü günahkar hiss etməyə, utanmağa başladım.

04:19

- Yenə bu xarabadayam və yenə tualetə getməliyəm. Bu qədər dözümsüz böyrək mənə necə düşüb, heç anlamıram. Amma artıq utanmaqdan keçib, elə buraya işəyəcəm. Zibilə qalsın, yenə bu qol! Axı niyə müqavimət göstərə bilmirəm? Niyə bu əclafın üzünü görmürəm axı?
Soyuğu hiss edincə anladım ki, artıq bayırdayam… Qorxuram… Görüntülər də gah bulanıq olur, gah çox uzaq  gah da ümumiyyətlə anlaşılmaz. Amma yox, burda aydın nəsə var… Heç bir halda üz-üzə gəlmək istəməsəm belə bu Əzrayıldı. Əlində dəryaz, sakit, heç tərpənmədən dayanıb. Axı, bunu qaranlıqda necə görə bilirəm?!

06:01

Hava bir az aydınlanıb, deyəsən. Görüntülər də daha aydın, daha dəqiqdir. Əzrayıl boynundakı ipdən asılıb, bəlkə də çoxdan can verib. İp hərəkət etdikcə ağaca sürtünür və o səs həyətdə dolaşan qara itin zingiltisinə qarışır. Deyəsən, itin də vəziyyəti yaxşı deyil. Yəqin, o qol həm də itin sahibidir. Külək yenə əsir, geyimim bədənimə yapışıb və mənə soyuqdur… Axı, nə vaxta qədər burda qalacağam...
Bunu düşünmədən dayana bilmirdim.

- Kifayətdir! - kəskin emosiya ilə dedi gənc xanım.
- Bəlkə o biri saatlara keçim?
- Yox, ehtiyac yoxdur. Artıq gedə bilərsiniz… Yenə qeydlər götürün və hazır olanda gəlin…
- Bəs Əzrayıl?
- Əzrayıl? - deyə təəəcüblə soruşdu.
- Aha, boynunda ip olan…
- Anlamıram.
- Mən sizə nədən danışırdım?
- Həyatınızdan…
Beynimin dərinliyindən yenə o boğuq səs eşidilməyə başladı. Keçmişin paslanmış əqrəblərinin uğultusu məni qapıya qədər izlədi.

Elvin Jabizadeh
03.10.2019

Comments