Kedi filmi | istanbul pişikləri - Video

 


Kedi 2016-cı ildə İstanbul Beynəlxalq Müstəqil Filmlər Festivalında premyerası olan sənədli filmdi. Filmin rejissoru və ssenaristi Ceyda Torundu. Film ABŞ, Türkiyə, Kanada və Avstraliya kinofestivallarında yarışıb.

Mövzu olduqca sadədi: Kamera müxtəlif pişiklərin gözündən İstanbul şəhərinə və onun insanlarına, gündəlik həyatlarına nəzər salır.  80 dəqiqəlik film dünyanın məşhur kinokritiklərindən müsbət rəylər alıb. Indiwire Kedini 2017-ci ən yaxşı müstəqil filmləri sırasında göstərib, belə rəy verib:
"Pişiklərlə onları xoşbəxt etməyi peşə etmiş insanlar arasında bənzəri olmayan bağı səhnəyə daşıyan Kedi təkcə pişiklərlə maraqlanan yox, bütün heyvansevərlər üçün gözəl bir film izləmə təcrübəsi vəd edir".

Variety filmə 100 ballıq sistemlə 90, TIME isə 80 verib.

Filmin ən böyük üstünlüyü pişik azadlığını kameraya daşıya bilməsidir. Bu fokus pişiksevərləri bu canlılara, antik pişik şəhəri olan İstanbula növbəti dəfə heyran edir. Burada pişiklər olduqca sərbəstdi: binaların damına çıxır, kafe və bazarlarda rahat dolaşır, hətta girmək istədikləri evə giriş üçün israr da edirlər.

İstanbulda olanda, xüsusilə şəhərin mərkəzində bu kadrları görmək mümkündür. Kafedə bir stulu zəbt edən pişiyi narahat etməmək üçün müştərini ayrı masaya keçirən insanları görmək pişiklər və ümumiyyətlə küçə heyvanlarının daimi təzyiq altında olduğu ölkə sakini kimi, bizim üçün çox təəccüblü və xoş emosiyalarla yadda qalmışdı. Əlbəttə, İstanbul pişiklərinin də hamısı bu qədər şanslı deyil, amma fərq açıq şəkildə görünür. Və Bakıda, ümumiyyətlə Azərbaycanda da eyni davranışın olması üçün görüləsi işlər çoxdu.

Kedi filminin çəkilişləri texniki cəhətdən olduqca ağır əmək tələb edib. Pişik gözündən şəhərə nəzər salmaq üçün onun göz hizasına enmək lazımdır, üstəlik, bu cəld heyvanların hərəkət trayektoriyasını təxmin etmək asan deyil. Bu mənada Ceyda və komandasının işi heç də asan olmayıb. Amma sonda onlar arzuedilən nəticəni əldə edə biliblər. Pişikləri təqib etmək, onların gündəlik rutinlərini izləmək, sonra hekayələrini tamaşaçıya çatdırmaq baxımından Kedi məqsədinə çatmış filmdi.

Pişiklər azadlığa düşkünlüyü ilə diqqət çəkir. Bu sahədə araşdırmalar onları hətta evcil heyvan kimi sinifləndirməyin də düzgün olmadığını ortaya qoyub. Bunun səbəbləri barədə isə növbəti materiallarda. Hələlik!


Comments