Kim Ki-Duk özünü izah edir

 



Akademik təhsil almayan, kinoda “sınamaq-yanılmaq” metodu ilə böyük uğurlar qazanan Kim ki-Duk 2020-ci ilin 11 dekabrında, 59 yaşında Covid-19-a yoluxaraq, Latviyada həyatını itirdi. Dünya poetik-kinosunun ən məşhur simalarının birindən geriyə xeyli sayda möhtəşəm filmlər qalıb.

Spring, Summer, Autumn, Winter ... And Spring, Pietà, Arirang, Samaritan Girl, 3-Iron, The Net, Human, Space, Time and Human kimi filmləri dünya kinosuna qazandıran Kim Ki Duk 2017-ci ildən başlayaraq, müxtəlif vaxtlarda aktrisalara qarşı seksual zorakılıqla ittiham olunmağa başladı, hətta məhkəmədə cərimələndi də. 

Bu müsahibədə, o, rejissorluğa başlaması, çəkdiyi filmlər və s. mövzulara toxunur.

"

"Mən hansısa akademik təhsil almadan və hansısa bir film qrupuna daxil olmadan, tamamilə şəxsi macəra kimi başlamışam bu hekayəyə. İnsanlığa baxıb, insanı incələyib, onun problemləri ilə maraqlanaraq özümü inkişaf etdirdim. Öz beynimdəki düşüncələri hekayələrə çevirib, onlardan filmlər çəkdim. Zaman keçdikcə də, filmlərimin dünya üzrə sevildiyini və təqdir edildiyini gördüm. Çox böyük festivallarda bir çox mükafatlara layiq görüldüm. Əslində, bu, məni də təəccübləndirdi. Çünki “film çəkməyi öyrənib, film çəkim” - deyə yox, tamamilə öz həyatımı yaşayaraq, öz düşüncələrimi ortaya qoyaraq başladığım macəra idi bu.

İyirmi beş illik rejissorluğum dövründə iyirmi beş film çəkmişəm. Hər il bir film çəkməyə can atıram. Çəkdiklərim içində hansını daha çox sevdiyimə dair bir dəyərləndirmə prosesinə girməmişəm. Ata öz övladları arasında ayırım edə bilmədiyi kimi, mənim də filmlərimlə bağlı belə müqayisə etməyim çətindi. Əlbəttə, hamısını sevirəm, amma hazırda üzərində işlədiyim Human, Space, Time and Human (müsahibə 2019-cu ilin noyabr ayına aiddi) filminin ən fərqli olacağını hiss edirəm sanki. Çünki bu film indiyə qədər çəkdiklərimi də öz içində daşıyır.

Cənubi Koreyada iyirmi il öncəyə qədər filmlər dövlət tərəfindən nəzarət və kontrol edilirdi. Amma iyirmi il əvvəl bu qanun ləğv edildi. Hazırda Cənubi Koreyada rejissorlar, kino istehsalçıları istədikləri mövzuda, istədikləri şəkildə və tərzdə filmlər çəkə bilir. Mənim The Net (Geumul) filmimi çəkməyimdə, belə sərbəst davranmağımda da bu amil rol oynadı. Bu filmə hökumətdən hansısa reaksiya gəlməyib. Sadəcə, bunu hiss etdim: filmdə haqqında danışdığım Cənubi və Şimali Koreya arasındakı problemlər və onların həlli ilə bağlı məqamlar sanki real həyatda da görülür, təqdir edilir, izlənir. Buna görə xoşbəxt hiss edirəm.

İndiyə qədərki bütün çəkdiklərim öz içimdən, könlümdən gələn filmlər olub. Buna görə də onları yuxuda gördüyüm, xəyalını qurduğum filmlər - deyə adlandıra bilərəm.

Dünyaca məşhur, bəyəndiyim rejissorlar arasında Akira Kurosawa, Martin Scorsese, Alejandro González Iñárritu kimi adları sadalaya bilərəm. Təəssüf ki, çox türk filmi izləmək şansım olmayıb. Amma çox hörmət etdiyim rejissorlardan olan Nuri Bilge Ceylanın üç filmini izləmişəm, hamısını da çox bəyənirəm, özünü də çox hörmətəlayiq rejissor hesab edirəm.

Bugünkü Cənubi Koreya kinosuna baxanda, həqiqətən də çox orijinal hekəyələrin olduğunu görürəm. İndiyə qədər hansısa başqa bir ölkədə Cənubi Koreyaya aid hekayənin adaptasiyasını izləməmişəm. Bunun çox önəmli olduğunu düşünür və belə şeyləri problem olaraq görmürəm. Hazırda çox dərin və çox böyük bir kino tarixi var. Çox sayda rejissor çox sayda mövzu ilə bağlı çoxsaylı filmlər çəkib. Ona görə də, hazırda mənim də içində olduğum dünyada bir çox rejissorun eyni qayğını paylaşdığını düşünürəm: orijinal hekayələr, yeni fikir və düşüncələr tapmaq…

Rejissorluqdan başqa, əlbəttə, mən də izləyiciyəm. Mən də Hollywood-dakı bu super-qəhrəman filmlərini izləyirəm. Bu filmlərlə bağlı pozitiv və neqativ düşüncə ortaya qoymamışam, yaxşı-pis dəyərləndirməsi etməmişəm. Nəticədə, elə ya belə, bu da bir kino janrıdı, əməklə ortaya çıxıb. Onların izləyicisi var olduqca yaradılacaq.

İyirmi beş il öncə, yeni başlayanda çəkdiklərimə indi baxanda çox fərqli vəziyyətlər olduğunu hiss edirəm. Zaman içində kinoya və həyata baxışımın həqiqətən dəyişdiyini deyə bilərəm. Kinonun nə demək olduğunu hər gün yeni-yeni öyrənirəm, sanki. Özümə xas bir fərqlilik olaraq gördüyüm şeyi demək lazımdırsa, mən həmişə təkcə görünəni, real olanı yox, fantastik qismi də qatıb filmlər çəkmişəm. Qarşımızdakı periodda da bu cür davam edəcəyimi düşünürəm.

Aktyor seçimi ilə bağlı özümə xas bir standartım var. Bir ssenarini yazıb bitirəndə, ağlımda olan aktyorlara bunu oxuduram, onların bu hekayəni necə anladıqlarını dəyərləndirirəm. Ən yaxşı qavradığını düşündüyüm adama rolu verirəm. Ssenarini mənim qədər yaxşı anladığını düşünəndən sonra nə bir problem yaşayıram, nə də yaşadıram. Setlərdəki aktyorlara qarşı heç vaxt avtoritar, despot davranışım olmayıb. Onları dost kimi görür və hörmət edirəm.

Mən hansısa təhsil almadan, “sınamaq-yanılmaq” (trial and error) metodu ilə bugünlərə gəlmiş adamam. Film çəkmək üçün təhsil önəmlidi, amma mən bunun bir şərt olduğunu düşünmürəm. Yəni, istəyən təhsilini də ala bilər, amma təhsil olmasa da, bəlkə də mənim getdiyim yolları gedərək, uğurlu ola bilərlər. Gənc rejissorlara verə biləcəyim tövsiyyə budu: mən indiyə qədər ətrafımdakı, yaşadığım bölgədəki insanları, onlar həyat şərtlərini, yaşam tərzlərini və düşüncə formalarını çox yaxşı müşahidə etmişəm. Qısası, gənclərə bunu məsləhət görürəm: mümkün olduğu qədər insanları analiz etsinlər. Çünki bütün hekayələr ordadı. Qətiyyən ikinci bir Kim ki Duka, ikinci bir Nuri Bilge Ceylana, ikinci bir Tarkovskiyə ehtiyac yoxdu. Özləri olsunlar, öz tərzlərini, öz düşüncələrini ifadə etdikləri filmlər ortaya qoymağa çalışsınlar". 

Müsahibə: TRT2, Sinema+ proqramı, 26 noyabr, 2019


Comments