Kollektivet filmi | ideallarının qurbanına çevrilən qadın - Video

 


Kollektivet - ideallarının qurbanına çevrilən qadın

Kino, ümumiyyətlə sənət bizə paralel dünyalar qurmaq fürsəti verməsi baxımından əvəzsiz bir vasitədi. Bu mənada bu gün haqqında danışacağımız film möhtəşəm sənət əsəri sayılmasa da, eksperimental iş olduğu üçün onu izləməyə dəyər. Söhbət 2016-cı ilin Danimarka istehsalı olan Kollektivet filmindən gedir.

Filmin rejissoru Thomas Vinterbergdi. Dogma 95 proyekti ilə məşhurlaşan Thomas 19 yaşınadək Kopenhagendəki bir kommunada böyüyüb.

Film mükafatlar barədə zəngin deyil. Onun baş rol ifaçılarından biri - Trine Dyrholm Berlin Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa nominasiyasında Gümüş Ayı mükafatını əldə edib.

1970-lərin Danimarkasında keçən filmin mövzusu belədi: Erikə bir böyük imarət miras qalır və o xərcləri ödəyə bilməyəcəyi üçün evi satmaq istəyir. Həyat yoldaşı Anna isə ərini kommuna halında yaşamağa vadar edir. Bir qızı da olan ailə qismən tanıdıqları və hətta tanımadıqları bir neçə şəxsi evə yığıb, icma halında yaşamağa başlayır. Tamaşaçı məhz eksperimental olaraq kommuna yaşayışının necə alınacağını gözləməyə başlayır. İcmadaxili kiçik problemləri saymasaq, hələlik hər şey qaydasında görünür. Amma birdən universitet müəllimi Erik tələbələrindən birinə aşiq olur və mövzu həmin qızın onlarla birgə yaşamasına qədər uzanır. Əslində, təklif Annadan gəlir, amma sonradan aydın olur ki, o, bu tip yaşayışı qaldırmaq gücündə deyil. Bundan sonra film icma yaşayışından qopub, ailədaxili problemə fokuslanır. Və, məncə, Kollektivet öz gücünü məhz bu anda itirir. Daha doğrusu, Kollektivet əvvəldən yaratdığı gözəntini doğrultmur. Filmin böyük bir hissəsində tamaşaçı xəyanət, sevgi üçbucağı və digər məişət mövzuları barədə daha çox düşünməli olur. Rejissor Thomas Vintenberg bu filmi uşaqlığının keçdiyi kommuna, paylaşmağa meyilli icma üçün darıxdığı, onun niyə dağıldığını anlamadığı üçün çəkib.

Filmin başqa bir zəif tərəfi digər obrazlarının az qala aksesuar kimi istifadə edilməsidir. Onlar filmdə sadəcə cütlüyün münasibətlərinə bəzək vurmaq, hekayəni darıxdırıcı olmaqdan xilas etmək üçün var sanki. Övladlı cütlüyün faciəsi də filmə dramatiklik gətirsə də, əsas hekayəyə təsirsiz ötüşür. Filmdə obrazlar açılmır, tamaşaçı onları tanıya bilmir.

Yeri gəlmişkən, filmdə Emma rolunun ifaçısı Helene Neumann (Helin Noymən) Vinterbergin həyat yoldaşıdı və onun son filmi Another Roundda da rol alıb. Film cütlüyün 2019-cu ildə, avtomobil qəzasında itirdikləri qızlarına həsr olunub.

Kollektivetdə zamanla Anna rolu ön plana çıxır. O, hazırki ailə strukturlarına tamamilə yad bir ideallara sahibdi: ərini düşüncəsində başqa biri ilə paylaşa bilər. Və bu idealların gerçəkləşməsi olduqca ağrılı olur. Anna özünün verdiyi bu qərarın altında əzilir və ideallarının qurbanına çevrilir. Onun çevrilmə prosesi filmdə yaxşı işlənmiş məqamlardan biridi. Anna kollektiv tərəfindən əzilən fərdi simvolizə edir. Filmin sonunda məruz qaldığı basqı da bu xətti tamamlayır.

Vinterberg insanların bir-birini asanlıqla əvəz etməsini qəddarlıq deyə xarakterizə edir. Qısası, o, kinizmə qarşı kollektivizm anlayışı ilə hadisələrə yanaşır və öz təbirincə, filmlə bunu bağırmaq istəyir.

Əlbəttə, bu mövzuda daha geniş müzakirələr açıb, debat yaratmaq da olar. Amma bunun üçün bir neçə suala cavab tapmaq lazımdır:
İnsan monoqam yoxsa poliqam varlıqdır?
Sahiblənmə, mənimsəmə instinktinə qalib gəlmək mümkündürmü?

Suallara nəinki cavab tapmaq, hətta onlar haqqında düşünmək belə çətindir. Amma istər fəlsəfə, istər sosiologiya, istər psixologiyada, bu mövzuda bəs qədər araşdırma aparılıb və artıq müəyyən cavablara sahibik. Bütün bunlar haqqında ayrıca danışmaq daha doğru olardı. Film özü isə hansısa cavab vermək iddiasında deyil. Vinterberg özü də deyir ki, o, sadəcə, paylaşmağa meyilli toplumun niyə dağıldığını anlamadığı və həmin dövrdən ötrü darıxdığı üçün belə bir film çəkib.

Vinterberg bu vaxta qədər Festen, Jagten, Submarino kimi möhtəşəm filmlər ərsəyə gətirib. Kollektivet bu filmlər qədər uğurlu alınmasa da, Thomasın verdiyi suallar heç də uğursuz sayılmamalıdı…

Digər videolarda Vinterbergi daha yaxından tanımağa çalışarıq. Hələlik!

Comments