Cortázarın pişiyinin gözü ilə - Hekayə

Düz bir il keçmişdi… Və son dəfə öz varlığını iliklərinə qədər, emosional olaraq canlı hiss etdiyi gecənin eyni saatında, hətta bəlkə də saniyəsində Julio Cortázarın pişiyi Theodor W. ilə qarşılaşdı. İnsan olmanın utancı ilə aylardır asta-asta çürüyən bədənindən qəfil gizilti keçdi və gözlərindən qaynar ehtirasla çölə fışqırdı. Bir neçə saniyəlik bu dəhşətdən sonra ətrafda hər şeyin rəng çalarında dəyişikliklər hiss etməyə başladı. Əzim Əzimzadənin məğrurla əsərlərinə baxan heykəlini görə bilmirdi. Halbuki, dəqiq xatirindədir, saniyələr öncə o, heykələ baxır, gülümsəməsini yamsılamağa çalışırdı. Qəribədir, artıq heykəli görmürdü, amma qəlbi Əzimzadənin öz yaradıcılığından duyduğu fərəh hissi ilə qaynayırdı. Sonra qranitləşmiş əsərin yükü altında duyduğu ağrı hopdu canına. Emosiyalar o qədər intensiv dəyişirdi ki, onları adlandırmağa belə macal tapmırdı. Theodor W. ona yaxınlaşdı, quyruğu ilə ayaqlarına toxundu, qucağına çıxıb, gözlərini yalamağa başladı.

Və birdən ona əyan oldu ki, hazırda bu parka - bir ildir bu meyit kimi gəzdiyi məkana Theodor W. gözləri ilə baxır. Pişiklərin görmə bucağı və spektrını xatırlayır, elədir ki, var! Dünyanı, ən azından bu kiçik parkı Julio Cortázarın telefon-pişiyi ilə kəşf etmək ehtirası bədəninə yayılırdı, amma xarakteri də mənimsəmiş olmalıdır ki, dərhal mürgüləmək istəyi basqınlaşdı. Gözünü yumar-yummaz kimsə ona timsahlarla bağlı bir şeylər pıçıldamağa başladı. Liftdədir, zirzəmiyə enir və bu yanındakı zat timsahlara yem olmağın ən az ağrılı yollarını danışır. Deyir ki, timsah çənəsini bağlamaq müşkül məsələdir, amma hətta bir barmağıyla belə onun çənəsini açmasına mane ola bilər. Bu bilgi ilə nə edəcəyini bilmir, çünki ona bu sikdiyimin çənəsini bağlamaq yox, açmaq lazımdır. Və əgər nəfəsini tutsa, 34.47 MPa-lıq çənə qüvvəti onu məhv etməmiş ölmüş olacaq ki, bu da onu dözülməz ağrıdan azad edər. “Bu ki Adornonun yuxusudur” - deməyə macal tapmadı. Dərhal timsah, olduqca gözəl başlı olanı ona doğru yaxınlaşdı. İzah etməyə çalışırdı ki, timsah tərəfindən yeyilmək gözəl sondur və bu akt ona proses boyu olduqca gözəl şeylər vəd edir. O, hazırda hər şeyə inanacaq qədər zəif, müdafiəsiz hiss edir. Əgər timsah onu yesə, elə bu dəqiqə onun dişləri arasında tikələnsə, bu pişik gözlü adam üçün ağrılı bir şey baş verməz. Bu cümləni qura biləcək iki insan var dünyada: dünyanın ən xoşbəxti, dünyanın ən bədbəxti. O, daha çox hansı olduğunu dəqiq ayırd edə bilmir, çünki fantaziyaları və real həyatı arasındakı uçurum sayəsində ikisini də eyni anda duya bilir. Ümumiyyətlə xoşbəxtlik və bədbəxtlik elə bir sərhəddə yerləşir ki, onlar arasındakı məsafə bir saniyə içərisində aşıla bilər. Bir növ, bu iki duyğu arasında soxulcan dəlikləri var.

Pişik gözü ilə dünyanı görmək əsrarəngiz təcrübədir, əmin ola bilərsiz. Üstəlik, bu pişik Cortázara aiddirsə… Məsələn, pişiklər bizdən 20 dərəcə daha geniş ərazini görürlər və ya biz ətrafı pişiklərdən 20 dərəcə daha az görürük. Şeylərin həqiqiliyini sorğulamaq üçün bəzən bizə 1 dərəcə də bəs edir. İndi - 20 dərəcə daha geniş rakursa sahib olduğu anda ona ətrafda görünən hər şey yeni kimidir. Təbiətdə, elə gündəlik həyatda da şeylərin bir-biri ilə əlaqəli, sinxron çalışdığını düşünsək, 20 dərəcəlik itki belə reallıq duyğusunu fiyaskoya uğradır. Kimsə kənardan təkəbbürlə pıçıldayır: biz ki sabit nöqtədən baxmırıq hadisələrə, panoram edirik, hətta 360 dərəcə belə bizim üçün əlçatımlıdır. Amma mən hadisədən danışmıram, mövzu duyğulardı.

Reallığı sorğulamağın mənasızlığından bezən adam Theodor W-ni qucağına aldı, xoşbəxtliyindən bədbəxtliyinə qısa bir zəng etdi: “hazırlaşın, bir aya gələcəyəm…”


15 yanvar, 2024

Elvin Cəbizadə





Comments