Başa düşmürsüz, yox, dəqiq anlamırsız. Mən kiçik bir pantomim teatrının sıradan bir aktyoruyam. Baş rol yox, heç onun dublyoru da olmamışam - o dərəcə sıradan. Hətta ağacı oynadığım da olub. Yggdrasildən - sürreal, dərin mənaları olan, itirilmiş cənnəti, utopiyanı simvolizə edən ağacdan söhbət getmir; iki bambılı sevgilinin altında bayağı söhbətlər etdiyi kölgəsalan söyüd ağacı. Dekor üçün lazımi pul ayrılmamışdı, məni rejissor ağac olaraq istifadə etdi. Üstəlik, bunu kreativ ideya kimi baş rejissora satdı da. Dedilər ki, artıq dekorlara çox ehtiyacımız yoxdu, bu qədər aktyora niyə pul veririk. Stul lazımdır, ol daa..
Amma iddialarım böyükdü: xəyallarımda çox möhtəşəm rollar oynayıram. Məsələn, Kamünün Kaliqulasında baş rolam, oynadığım teatr salonunun işıqları möhtəşəmdir, başa düşmürsüz, çünki heç vaxt o möhtəşəmliyi görməmisiz, xəyal kasıbları, səhnədə hər yan qan içindədir. Və bu qan təbiidir ha! Realizm!
Sonra Çexovun Vanya Dayısı, ordan məni kinoya bəyəniblər, Drive My Car-da da baş rolam.
Mən Fukonun Utopik Bədən yazısını əzbərdən oxuya bilirəm. Hətta xəyallarımdakı Utopiya tamaşamda 20 dəqiqəlik monoloqum var. Evdə, güzgü qarşısında bunları məşq edirəm. Başqa işim yoxdur ki… Oxu, məşq et, oxu, məşq et, yemək ye, yat, dur, oxu, dişlərini yu, oxu, məşq et… Küçədəki pişikləri yemlə, oxu, məşq elə, teatra get, məşq elə, qayıt, məşq elə, oxu… İçini sikim, heç belə də həyat olar?
Bu qədər qiymətli söhbətləri özümlə edib, gedirəm teatra. Rejissor deyir ki, bu gün nazirlikdən adam gələcək, daha entuziazmatik oyun oynayım. Mənsə bir fəhləni canlandırıram. Bu gijdılllax’ rejissora izah edə bilmirəm ki, fəhlə entuziazmatik ola bilməz. Ən azından, mənim fəhləm… Özü də tamaşada əziyyət çəkən bir obrazı canlandırıram. İstismar edilir, döyülür. Heç bilmirəm, nazirlik bu tamaşaya necə ok verib. Yə’qin, sadəcə ona görə ki, hekayə adsız bir məkanda keçir. Adətən, Azərbaycanla bağlı bir tamaşada belə fəhlə hekayəsi senzuraya məruz qalar. Amma adı Azərbaycan qoymursansa, istəyirsən lap köləliyi göstər, heç kimin sikində deyil.
İndi bu fəhlə necə entuziazmatik olsun? O qədər iyrənirəm ki özümdən… Sonda hamı xoşbəxt görünsün deyə, tamaşanın finalında əlimizə şar verirlər. Qıpqırmızı, sikimsonik bir şar… Axı, o fəhlə öldü… Onu öldürəm sistemi bir yüngülvari də olsa sorğulamaq lazımdır, ya yox?
Bir dəfə teatrın baş rejissoru iclas keçirmişdi, mən orda söhbətə düşünürəm ki ilə başlayıb, onu tənqid edəndə mənə demişdi ki, biz sənə düşünmək üçün pul vermirik. Vəssalam, həqiqətən mənə niyə pul verdiklərini anlamıram. Teatrımız niyə var, heç onu da anlamıram.
Amma mən xəyallarında sosial məsuliyyəti olan bir aktyoram. Azərbaycanda jurnalistlər həbs olunur, etiraz edirəm, Azər Qasımlıya azadlıq istəyirəm, çünki həm də ona görə ki, bizim tamaşalara gəlirdi, şəklimiz belə var. Beynəlxalq mükafat almışam, orda Qəzzadakı olayları pisləyirəm, alqış-qiyamət… Yə’ni, çox hörmətli adamam öz iməcineyşınımda. Amma burda mənə deyirlər ki, biz sənin düşüncələrinə görə pul vermirik.
Tamaşaçılar da az axmaq deyillər ha. Bu sistemə dözdükləri üçün… 37 repressiyasından tamaşa edirik, öz günümüzün repressiyasına susuruq… Onlar da gəlib, izləyirlər və deyirlər, ar olsun Stalinə! Aaa, sən öz gününə ağla, ay bədbəxt. Brecht yenə haqlı idi… Mən pantomim aktyoruyam, Stanislavski oxuyuram. Çünki dərsliklərimiz köhnədi, hələ də 37-ci il əlifbasında qalmışıq. Metod əktinq elə ordan-burdan eşidirik…
Bəzən tamaşaçıların qarşılarında baş əydiyimə görə də özümdən iyrənirəm. Deməli, bir yaşlı qadın müəllimdir, tamaşaya gəlib, sonda baş rola gül də verir. Amma mən görmüşəm ki, o müəllim seçki saxtakarlığında iştirak edib. Fiziki dünyasında insanların gələcəyini oğurlayır, mənəvi dünyasında gəlib, sözsüz, fəlsəfi pantomim tamaşası izləyir. Mövzu da ki haqqın özü. Buna niyə baş əyəsən ki?
Bu gün nazirlikdən gələn adamı götürək. Şəxsən bizim teatr binasının təmiri üçün dövlət büdcəsindən ayrılan pulu təkbaşına yeyib. Binamızda soyuqdu, götüm donur, bu göt üzündən… İndi buna mən niyə baş əyim?
Amma əyəcəm! Başqa yolum yoxdur. Və beləcə hər baş əydikcə öz şəxsiyyətimdən uzaqlaşır, nimdaşlaşır, daşlaşır, məhv olub, gedirəm.
Artıq xəyallarımda da hörmətli rollar oynaya bilmirəm. Əlimdəki tək qaçış imkanını da məndən alıblar. Mənsə pantomim aktyoruyam, sıradan bir aktyor, sabah alkaş olacağam, sonra narkoman, kimsə yazacaq haqqımda, çəkəcəklər üzümü, göstərəcəklər örnək kimi, ki, narkotikdən uzaq durun, yoxsa, bu bədbəxtin gününə düşərsiniz.
Bəs neyləyim, siz deyin, mən də edim. Bu ölkədə high olmadan necə yaşaya bilərəm? Necə ağlımı itirməyə bilərəm, necə dispanserə düşməyə bilərəm…
Mən pantomim aktyoruyam. Sıradan bir aktyor, Azərbaycan tamaşasını oynayıram… Bu gün pulumu alacam, sonra bir az kolbasa alacam. Siz inanmırsız, amma aktyor əgər gic seriallara çəkilməsə, kolbasa onun üçün lüks olur. Sonra da deyirsiz ki, niyə aktyor tamadalıq edir? Nə etsin, siz deyin, onu da etsin…
Mən Pantomim aktyoruyam, sözsüz dünyanın sakiniyəm. Rasionalizmə meydan oxuyuram, spiritual əlaqə növləri tapıram, sizə ruhi dünyanızı zənginləşdirəcək suallar verdirə bilərəm. Məsələn, həqiqət nədir, İnsan olmaq nə deməkdir? Dasein haqqında danışa bilərəm sizə, insan ekzistensindən, ağrılardan, tənhalıqdan… Hətta ağac olaraq belə…
Tənhalığı elə gözəl oynayaram ki, Eric Fromm-dan monoloqlar, özqəbul, özsevgi, simvolik atributlar…
Amma mən bu gün fəhləni oynayacam. Səhnədə, elə dünyada da sadəcə aksesuar kimi var olanı… Sonda ağır işdən tapdığı xəstəliklə öləcək, tamaşa sonunda qalxacaq, əlinə şar verəcəklər. Qıpqırmızı, sikimsonik bir şar…

Comments
Post a Comment