Dəyərlər və Əxlaq: Nietzsche fəlsəfəsində əxlaqın kökləri, Genealogiya, Ağa və Kölə Əxlaqı, Ressentiment
Qadın, insan haqları, azadlıq, onun sərhədləri, ailə kimi bir çox müzakirələrdə ən populyar təqlər bunlardı: əxlaq, ailə dəyərləri, milli-mənəvi dəyərlər, Azərbaycan ailəsi, dəylərin itirilməsi və s. Bəs, nədir bu əxlaq? Nədir əxlaqi dəyərlər? Onları kim tə’yin edir, onlar necə ortaya çıxır, necə dəyişirlər? Ümumiyyətlə dəyişirlərmi?
Gəlin, bir önqəbulla başlayaq: Azərbaycanda bir çoxları düşünür ki, əxlaqi dəyərlər sistemi ilahidi, müqəddəsdi, dəyişməzdi. Cəmiyyət feminizmə, qadın azadlığına, LGBTQI+ haqlarına e’tiraz edəndə o sistemin dəyişməsinə müqavimət göstərir, ona statik bir ölçü biçir. Nietzsche fəlsəfə tarixində öz xüsusi yerini məhz bu düşüncə sisteminə sağalmaz xəsarətlər yetirən hücumlarına görə qazanıb. Nietzsche “dəyərlər ilahi deyil; onlar ağrıdan, kinə bürünmüş xatirələrdən, güc istəklərindən doğulur” - deyəndə, dəyərləri güc münasibətləri ilə bağlı analiz edəndə öz pikində idi.
Genealogiya
“Bu mənim vicdanımdır” - dediyin şey bəlkə də min illik köləlik mexanizminin məhsuludu” - budu bizim Nietzsche fəlsəfəsində əxlaqa baxışımızın mayakı.
Nietzsche Genealogiyası fəlsəfəyə dinamik baxış gətirib. Əvvəlcə, Genealogiya nədir?
Sadə tə’riflə, şeylərin necə yaranması və necə formalaşdığını izah edən tarixçələşdirici metod.
Nietzsche əxlaq, dəyər, vicdan, günah, mə’suliyyət kimi anlayışların mənşəyini araşdırır. Onun məqsədi bu anlayışların həqiqi, statik mə’nalarını tapmaq deyil, onların necə formalaşdığını və hansı məqsədə xidmət etdiyini göstərməkdi.
Ənənəvi fəlsəfədə:
- əxlaq sabit, ilahi və ya rasional əsaslıdı;
- yaxşı və pis arasındakı fərq obyektivdi.
Nietzsche üçün:
- əxlaq tarixi, psixoloji və güc münasibətləri ilə formalaşıb;
- yaxşı və pis güc münasibətlərinin məhsuludu.
Nietzsche ənənəvi baxışı metafizik illüziya adlandırır. O, deyirdi ki, insanlar əxlaqı ilahi, universal - adlandırmaqla onun tarixi izlərini gizlədirlər.
Genealogik metodun əsas sual tipləri:
- bu anlayışın mənşəyi nədi: vicdan hardan gəlib - bioloji instinkt, yoxsa sosial təzyiq?
- bu anlayışı kim yaradıb və niyə - yaxşı anlayışını hansı qrup, kimin leyhinə ortaya atdı?
- bu anlayış hansı güc strukturunu qoruyur - əxlaqi günah ideyası insanı itəatkar saxlamaq üçün ola bilərmi?
Nietzsche üçün genealogiya insanı öz mənəvi dəyərlərinə yadlaşdırmaq üçündü: Yə’ni, sən sənə təlqin edilən şeyləri sarsıdırsan: Bu mənim vicdanımdı - dediyin şey bəlkə də min illik köləlik mexanizmi məhsuludu - qayıtdıq başa.. Bu, eyni zamanda, azadlıq gətirir: dəyərləri sorğulamaq = yeni dəyərləri yaratmaq imkanı verir insana.
Bu me’todu Azərbaycan ailə dəyərləri sisteminə tətbiq etmək üçün öncə dəyərimizi tə’yin edirik: Kişinin ailə başçısı rolu
Təsnifatı: ailədə siyasi, iqtisadi, inzibati qərarları verən, ailə üzvlərini qoruyan və rifahı tə’min edən şəxs kimi kişinin üstün statusu
Genealogiyanın əsas sualları:
- bu dəyəri kimlər ilk dəfə formalaşdırıb? Patriarxal tayfa strukturları, ərəb-islam hüququ, feodal ağalıq sistemi;
- niyə ortaya çıxdı? İctimai sabitliyi tə’min etmək, Fiziki gücü, hərbi, iqtisadi rolu olan kişini ailəni qorumağa, davam etdirməyə təşviq etmək, bunun mədəni-hüquqi ba’zasını yaratmaq
Bəs, bu üstünlüyün sosio-psixoloji funksiyası nədir?
- kişinin fiziki üstünlüyü ailəni müharibələrdən, quldurlardan qorumağa xidmət edir;
- uğurlu ailə başçısı - kişi rifahın zəmanətidi: bu yolla kişi öz gücünü legitimləşdirir
Bu me’tod ailə başçısı - kişi anlayışının təbii və əbədi olmadığını ortaya qoyur. Sən demə, kənd həyatı, iqtisadi şərtlər, müharibə - təhlükəli dövlər bunu formalaşdırıbmış.
Artıq kişinin qoruyuculuğu funksiyasını sosial institutlar - polis, təhsil, sığorta yerinə yetirir.
Deməli, ailə başçısı kişiyə artıq ehtiyac yoxdur. Məhz indi inklüziv ailə modelləri barədə düşünmək olar.. Beləliklə, dəyərləri sorğulamaq yeni dəyərləri yaratmaq imkanı verdi bizə.
Bu, təkcə köhnə, neqativ kimi etiketlədiyimiz dəyərlər üçün keçərli deyir. Bəs, qadınların bərabərlik haqları necə ortaya çıxdı?
Dəyər: qadınların bərabərlik haqları - əmək bazarında, ictimai‑siyasi həyatda kişilərlə eyni imkan, hörmət və şərtlərə malik olma
Sual - bu tələbi kim formalaşdırdı? Sənaye inqilabından sonra fabrik işçiləri olan qadınlar, təhsil almış orta sinif qadın intellektuallar
Nə vaxt, harada formalaşdı? 19-cu əsrin sonunda Avropa və ABŞ-ın sənayeləşmiş şəhərlərində
Niyə ortaya çıxdı? Fabriklərdə eyni işi görən qadın daha az maaş alırdı, inzibati qərarlara qatılmırdı.
Feminizmin, ümumiyyətlə bərabərlik ideyalarının ortaya çıxmasını sənaye inqilabının yaratdığı yeni reallıqlar kontekstində düşünməliyik. Artıq daha çox işçi qüvvəsi lazımdı, qadınlar da işləyir, o zaman evdə iş bölgüsü lazımdı. Qadınlar da kişilərlə eyni işi görürlər, o zaman bərabər əməkhaqqı lazımdı. Qadınlar da kişilər qədər ictimai həyatdan tə’sirlənirlər, istismar olunurlar və s. deməli, siyasi - seçmə, seçilmə haqları olmalıdı. Dəyərlər sistemi belə yaranır, belə dağılır, belə dəyişir..
Burda xüsusi bir qeydə ehtiyac var: Nietzsche əsərlərində qadınları zəif, hiyləgər, təbiətcə kölə əxlaqına meyilli kimi stereotipləşdirən ifadələr istifadə edib. Feminist filosoflar, məsələn, Simone de Beauvoir bunları cinsiyyətçi və təhqiredici hesab edir. Amma bə’zi feminist filosoflar, məsələn, Judith Butler Nietzsche-in genealogiya metodundan istifadə edib, gender və əxlaqın sosial konstruksiyasını təhlil edir: “Nietzschean genealogiya, gender normalarının təbii olmadığını, güc münasibətləri ilə formalaşdığını göstərmək üçün feminist tənqidə kömək edir." La’kin Butler qeyd edir ki, Nietzsche-in özü bu metodu genderə qarşı tərəfli şəkildə tətbiq edib. Nietzsche-in ağa əxlaqı/kölə əxlaqı dualizmi bə’zi feministlər tərəfindən ikili qarşıdurmalarla məhdudlaşdırıcı hesab olunur: Rosalyn Diprose deyir ki, bu dualizm qadınları həmişə kölə kateqoriyasına sıxışdırır. Feminist mübarizə nə ağa, nə də kölə əxlaqına uyğun gəlmir; o, üçüncü bir yol yaradır.. Yə’ni, Nietzsche fikirlərini seçici şəkildə gender təhlilinə inteqrasiya etmək mümkündü.
Ağa və Kölə Əxlaqı, Ressentiment
Nietzsche iddia edirdi ki, fəlsəfədə əxlaq sabit kateqoriya deyil, tarixi mübarizənin məhsuludu. Yə’ni, ilk mədəniyyətlərdə Yaxşı anlayışı üstün sosial və hərbi rol oynayan az sayda elit qrupun özünütəsdiqi idi. Onlar gücü, mövqeyi və yaradıcı enerjini müsbət dəyər kimi təqdim etdilər. Bu, Ağa Əxlaqı idi - Herrenmoral. Ağa əxlaqına görə;
- Yaxşı - güclü, yüksək statuslu, yaradıcı, əzəmətli insanlar;
- Pis - zəif, təvazökar, passiv olanlar.
Xüsusiyyətləri:
Dəyərin şüarı - mən güclüyə heyranam, gücünü alqışlayıram
Davranışı - spontanlıq, iddalılıq, riskə açıqlıq, hedonistlik
Normativi - güc, azadlıq, yaradıcı özreallaşma - yaxşı hesab olunur. Ağa əxlaqında mərhəmətli olmaq yaxşı sayılmaz, çünki bu, gücün təsdiqi deyil, zəifliyin maskalanmasıdı.
Zəif qrup (kölə, məcburi itaət edən) güclülərə birbaşa müqavimət göstərə bilmədiyi üçün daxili kin (ressentiment) vasitəsilə əxlaqi meydanoxuma yaratdı. Öz zəifliyindən qaynaqlanan bu kin yaxşı və pis anlayışlarını tərsinə çevirdi. Bu, Kölə Əxlaqını yaratdı - Sklavenmoral
- Yaxşı - zəif, ehtiyac sahibi, itaətkar, səbrli, təvazökar insanlar;
- Pis - güclü, sərt, üsyankar, hegemon qruplar.
Xüsusiyyətləri:
Dəyərin şüarı - xilasın yolu səbr, təvazökarlıq və itaətdi
Davranışı - qisas, daxili kin
Normativi - təvazökar mərhəmət
Beləliklə, ilk mərhələdə - ağa üstünlüyündə güc sahibi yaxşı-pis qəbilə kodlarını formalaşdırır;
Rеssеntimеnt prosesində - zəiflərin daxili kini, qəzəbi gizli şəkildə toplanır;
Yenidən dəyərləndirmə - zəiflər yaxşı anlayışını təvazökarlığa, itaətə, səbrə köçürdülər, güclüləri - sevgi və mərhəmətdən məhrum, za’lım kimi damğaladılar.
Ressentiment Nietzsche fəlsəfəsində kin saxlamaq, içində saxlayaraq uzun müddət əzilmək - deməkdi və güclü hisslərin - kin, qısqanclıq, nifrətin passiv şəkildə saxlanması və əxlaqa çevrilməsi prosesidi.
- Ağa əxlaqı: Güclü öz dəyərlərini birbaşa yaradır: Yaxşı = güclü, yaradıcı, nəcib
- Kölə əxlaqı: Zəifin reaktiv cavabı: Pis = ağa, güclü, Yaxşı = itaətkar, kasıb, əziyyət çəkən
Zəif insan güclünü açıq şəkildə məğlub edə bilmir, içində kin toplanır, amma bu kin açıq - təcavüz şəklində ifadə olunmur, əxlaqa bürünür.
Beləliklə, Əxlaqın İnversiyası (Moralın inversiyası daha dəqiq olar) baş verir. Orijinal vəziyyətdə Yaxşı - güclü, sağlam, özünü təsdiq edəndir, Pis - isə zəif, yararsız olan. Ressentimentin nəticəsi olan İnversiyada isə əvvəl Yaxşı olan Güclü - indi pisdir: qəddardı, eqoistdi, Zəif - əvvəl Pis olan isə indi Yaxşıdı: mehribandı, səbr edir, qurban olur. Yə’ni, bu bir sadə dəyişiklik deyil, köklü bir çevrilmədi, sanki dəyərlər alt üst olur.
Kölə vəziyyətində olan insan zəifliyini həyat tərzi kimi təqdim edir, gücsüzlüyünü mənəvi fəzilət kimi şərh edir: qurban verməyi sevirəm. Bu da özünüaldadıcı təsəlli sistemini yaradır.
Nietzsche ağa əxlaqını ideal kimi təqdim etmir, la’kin onun həyatı təsdiq edən tərəflərini üstün tutur. Kölə əxlaqı kin və mə’nəvi təsəllidən doğulsa da, ağa əxlaqı fəaliyyət, risk və özünü həyatakeçirmə ilə bağlıdı. Nietzsche üçün ağa əxlaqının əsas xüsusiyyəti, dəyərlərin passiv şəkildə qəbul edilməsi deyil, aktiv yaradılmasıdı. Ağalar - aristokratlar, güclülər öz dəyərlərini xarici mənbələrdən ilahi, ənənəvi olanlardan gözləmədən, öz həyat təcrübələri, güc istəkləri və yaradıcılıqları əsasında formalaşdırırlar. Ağa əxlaqının əsasında bəyənmək (bejahung) dayanır: Güclü insan öz varlığını, ehtiraslarını və həyat sevincini təsdiq edir. Bu, həyatı inkar etmək yerinə onunla üzbəüz durmaqdı.
Amma eyni zamanda, Nietzsche-nin Ağa Əxlaqını idealizə etmədiyini də təkrarlamaq lazımdı. Sistematik şəkildə olmasa da, Nietzsche üçüncü yolun varlığını bildirir: dəyərlərin tarixi reallıqlarını ifşa etmək, onları dağıtmaq bizə yeni dəyərlər yaratmaq imkanı verir. Bizi - Üstinsana aparan budu.
2-ci Qarabağ müharibəsi zamanı zənginlər müharibəyə getmirdilər. Kasıblar bu mövzunu müzakirə edəndə deyirdilər ki, zənginlər - həmişə ləyaqətsiz və şərəfsiz olublar. Vətəni qorumaq isə şərəfli və ləyaqətli işdi və bunu biz etməliyik. Bu, öz çarəsizliyini mənəvi üstünlüyə çevirmə cəhdidi. Səndən kimsə soruşmur ki, sən müharibəyə gedirsənmi, ya yox və ya yaxud, sənin zənginləri də döyüşə aparmaq gücün yoxdu, beləliklə, öz məcburiyyətini əxlaqi bir dəyərə çevirib, təsəlli sistemi yaradırsan. Bu, Nietzsche üçün Kölə əxlaqına güclü örnəklərdən biridi.
Nietzsche üçün Xristianlıq - ressentimentin ən yüksək ifadəsidi. Çünki o, güclüləri Pis adlandırır, zəifliyi - əzabkeş müqəddəslik kimi təqdim edir, əbədi cəza və cənnət anlayışı ilə kinli intiqam sistemi qurur. Nietzsche kinin əxlaq kimi təqdim olunmasına qarşıdı. O, deyir ki, Ressentimentin nəticəsi olaraq, fəaliyyət yox, reaksiya əsaslı həyat yaşayır insanlar - insan öz potensialını ifadə etmir, başqalarına reaksiya verir. Qurban kimliyi zəif olmaqla fəxr etməyə gətirib çıxarır. Əxlaq həqiqətdən uzaqlaşır, dəyərlər həyatdan yox, psixoloji müdafiədən yaranır.
Nietzsche deyir ki, insan Ressentiment əsaslı əxlaqı tanıyıb, ifşa etməlidi, öz həyat dəyərlərini reaksiyadan yox, yaratmaqla doğurmalıdı, əxlaqı həyatın qarşısına yox, yanına qoymalı, məhz həyatı təsdiqləyən dəyərlər yaratmalıdı.
Ressentiment, insanın içindəki gücsüzlük hisslərini mənəvi dəyərlər vasitəsilə ört-basdır etmə mexanizmidir. Nietzsche üçün bu əxlaq forması passiv, kinli və həyatdankənar olduğu üçün təhlükəlidir.
Nietzsche bizi dəyərləri sorğulamaqla, yeni dəyərlər yaratmağa çağırır. Biz dərk etməliyik ki, hər dəyər sistemi öz mövcud olduğu şərtlərin, güc münasibətlərinin nəticəsidi. Yüz il, iki yüz il əvvəlki dəyərlər sistemi əgər funksional deyilsə, ona zorla yapışıb, həyatda saxlaya bilməzsən. Dəyərlər sistemi dəyişir, yeniləri yaranır, bə’ziləri isə inteqrasiya ilə forma dəyişir.
Bütün bunları dərk edəndən sonra biz dəyərlərin dəyişməsini, yenilərinin gəlişini də qorxu ilə yox, analitik düşüncə ilə qarşılaya bilərik.. Dəyərlər həqiqət deyil, məqsəd əsasında yaranır, məqsəd isə daha yaxşı yaşamağın yolunu tapmaqdır. Bərabərlik - yaxşı yaşamağın ən unikal yoludu..
Bu tip yazıların davamı üçün mənə KofeAl-dan kitab alaraq dəstək ola bilərsiz: İanə et

Comments
Post a Comment