Fəlsəfə nədir? - Seriya, I hissə: bilgi, onun növləri, fəlsəfənin analitik və sintetik funksiyası

 

Bir molla, müdrik insan və filosof arasında fərq nədir? Ümumiyyətlə fərq varmı və ya bir dəqiqə… Fəlsəfə nədir? Başdan deyək; fəlsəfənin elə ən böyük problemlərindən biri fəlsəfənin nə olduğu sualına cavab verməkdi. Suala cavab tapmaq və ya heç olmasa cavab axtarmaq, bu axtarışda çoxlu suallar vermək üçün (fəlsəfəni doğru suallar verəbilmə sənəti kimi tə’rif edənlər də var) Bilgi, onun növlərinə nəzər salmaq, fəlsəfi bilginin əldə edilmə yollarını gözdən keçirmək lazımdı. Çünki fəlsəfə hər nədirsə, bilgiylə bağlı bir şeydir. Bu seriyada fəlsəfənin özünün fəlsəfəsini edəcəyik, ilk olaraq isə bu dörd başlığa nəzər salacağıq:

- Fəlsəfə nədir?

- Bilgi və onun növləri

- Fəlsəfi bilgi

- Fəlsəfi düşüncənin xarakteristikası

- Fəlsəfənin analitik və sintetik funksiyası

Aristotle (Aristoteles) Metaphysics (Metafizika) əsəri belə başlayır: insanlar - təbii olaraq bilmək istəyirlər! İnsanın görmək, eşitməkdən duyğu həzz buna sübutdu. İnsanı insan edən ən önəmli xüsuslardan biri onun özünü əhatələyən dünyanı, fərdi olduğu toplumu, keçmişini və şəxsən özünü də bilmək istəyidi.

Bilgi - bilən varlıq (fəlsəfi dildə - Subyekt) ilə bilinməsi istənən və ya bilinən varlıq (fəlsəfi dildə - Obyekt) arasında münasibətdi.

Fəlsəfə də əsas etibarilə bir bilgidi, amma xüsusi bir bilgidi. Bilgi növlərinə nəzər salanda daha aydın olacaq.

Gündəlik və ya Ümumi Bilgi

Bilgilərdən ən məşhur olanı, hamımızın az-çox sahib olduğu bilgi növüdü. O, gündəlik yaşantılarımız (experience) əsasında əldə etdiyimiz bilgidi. Məsələn, intellektual səviyyəsindən asılı olmayaraq, hamı isti bir sobanın əlini yandıracağını bilir. Su içsən - susuzluğun keçəcək. Bu bilgilər şüurlu bir araşdırma yolu ilə əldə edilmir, fərqində olmadan belə qazanılır və strukturu etibarilə sistemsizdi. O, sadəcə yaşamaq, duyğuları istifadə, ən ibtidai təcrübə nəticəsində əldə edilib və hansısa şüurlu metoda söykənmir.

Fəlsəfi Bilgi

Onu tə’yin etmək daha çətindi, hətta fəlsəfənin ən önəmli problemi fəlsəfənin nə olduğu problemidi - demək olar.

Kant fəlsəfəni - özünü ağıla söykənən səbəblərlə legitimləşdirmək və ya haqlı çıxarmaq iddiasında olan zehni bir fəaliyyət forması - kimi tə’yin etmişdi. Bu, bütün fəlsəfi düşünmə formaları üçün ortaq bir nöqtə sayıla bilər. Haqlı çıxarmaq və legitimləşdirmək iddiası deyəndə “hər hansı bir təklifi, bu təklifi irəli sürməyi mümkünləşdirən sübut, təməl və ya səbəblərlə ortaya qoymağı” anlamaq lazımdı. Yə’ni, məsələn, bütün canlılar ölümlüdürsə, qurbağa də bir canlıdırsa, qurbağanın da ölümlü olduğunu qəbul etmək məcburidi. Təbii ki, önəmli olan ilk öncülü necə əldə etdiyimizdi. Fəlsəfə bu iki öncülün özlərinin əldə edilməsini belə tə’yin edir:
a) yenə bu cür məntiq yürütmənin nəticəsi olaraq;
b) yuxarıda dediyimiz daha ümumi mə’nada insanın şüurlu müşahidəsinin, təcrübəsinin, bunlar üzərində düşünməsinin nəticəsi olaraq və ya insani intuisiyanın da işin içinə qarışdırılaraq əldə edilməsi olaraq.

Fəlsəfədə önəmli olan fəlsəfi nəticələrdən çox, o nəticəyə çatma formasıdı. Fəlsəfədə digər elmlərdə olduğu kimi hamı tərəfindən qəbul edilən və ya qəbul edilməsi vacib olan doğru, dəqiq bilgi və nəticələr mövzu deyil. Məsələn, riyaziyyatda bir teoremi, fizikada bir təbiət qanununu, tarixdə keçmişdə insan icmalarının necə yaşadıqlarına dair bə’zi şeyləri öyrənirik. Fəlsəfədə isə filosof deyilən insanların müxtəlif mövzularda irəli sürdükləri və bir-birinə zidd olan düşüncələr, sistemlər var. Bir elm insanı başqa bir alimin elmi görüşünü mənimsəməyə məcburdu, filosofdan isə digər bir filosofun fəlsəfi sistemini paylaşması gözlənilmir, hətta bu, arzuedilən də deyil. Bügünədək hansısa filosofun fəlsəfi sisteminin hamı tərəfindən qəbul edilməsinə çox rastlanılmayıb. Hər filosof özündən əvvəlkini inkar edərək, yeni bir sistem inşa edir, özündən sonrakı tərəfindən inkar edilmə taleyindən də qaça bilmir. Yə’ni, önəmli olan fəlsəfi sistemləri, filosofların düşüncələrini öyrənmək deyil, fəlsəfə etməyin özünü öyrənməkdi. Kant bunu daha aydın ifadə edir: öyrənilə biləcək fəlsəfə yoxdu; fəlsəfə etməyin özü isə öyrənilə bilər. Jaspers daha poetik ifadə forması tapmışdı: fəlsəfə - həmişə yolda olmaqdı. Fəlsəfə müdriklik iddiası deyil, müdrikliyi sevmək, onu əldə etməyə çalışmaq arzusudu. Burada filosof və müdrik insan, molla arasında fərq qismən ortaya çıxır, bunu düşünməyi özünüz üçün bir fəlsəfə etmək praktikasına çevirə bilərsiniz.
Fəlsəfədə yeni və unikal bir problemi ortaya atmaq - bir fəlsəfi suala cavab vermək qədər önəmlidi. Daha əvvəl fəlsəfi düşünmə və araşdırmanın maraq dairəsi içində olmayan yeni bir varlıq sahəsinin, problemlər qrupunun fəlsəfi düşünmə sahəsinə salınması və fəlsəfi edilməsi önəm daşıyır. Yunan fəlsəfə tarixində Sofistlər və Sokrates daha əvvəl fəlsəfi radarda olmayan əxlaq, mədəniyyət və siyasətlə bağlı mövzuları fəlsəfi şəkildə müzakirə edərək fəlsəfə tarixinə bir sıçrayış qazandırdılar. Burada da bir praktiki fasilə götürə bilərsiz. Sizcə, hansı sualı fəlsəfələşdirmək mümkündü? Həyatınızda hansı sahə, mövzu üzərində fəlsəfi düşünmək potensial vəd edir?

Fəlsəfi düşüncənin xarakteristikası

Fəlsəfi düşüncə tənqidi bir düşüncədi: o, data olaraq ələ aldığı hər növ materialı ağlın tənqidi süzgəcindən keçirir. Filosof və ya fəlsəfi düşünən biri birbaşa təbiət, tarix, cəmiyyət üzərinə tənqidi perspektivlə düşünə də bilər, öz təcrübələri, müxtəlif elmlər tərəfindən bu varlıq sahələriylə bağlı şəkildə özünə verilən data material üzərində də düşünə bilər, onların sərhədlərini sorğulayar, məsələn. Fəlsəfəni buna görə bilginin bilgisi və ya refleksiv düşüncə (Refleksivlik - düşünən özü və öz biliyi üzərində dönüb, mən nə üçün elə düşünürəm?, bu məlumatın əsaslandığı arqumentlər nədir? suallarını verməsi) fəaliyyəti də adlandıra bilərik. Yə’ni, zehin öz üzərində dönərək sahib olduğu bilgilərlə bağlı düşünür. Emprik həyatın özü, sənətin icrası, elmlər bizə bir çox data təqdim edir. Fəlsəfə bu bilgilər üzərində düşünmək, onların təməlini, dəyərini yoxlamaq və araşdırmaq fəaliyyətidi.
Fəlsəfi düşüncənin digər xarakterik xüsusiyyəti elmi düşüncə ilə ortaq şəkildə paylaşdığı konsept (anlayış) və abstraksiyalar istifadə etməsi və bunların köməyilə Prinsiplər və Qanunlar ortaya atmasıdı. Məsələn, elmin əmək, tələb, mülkiyyət, enerji, sür’ət kimi ümumi və abstrakt konspetlərlə məşğul olmasına qarşılıq olaraq, fəlsəfə təcrübə, bilgi, mə’na, Tanrı, zehin, təbiət kimi anlayışlarla - konseptlərlə işləyir. Beləliklə, fəlsəfi tənqidi düşüncə sadəcə nə baş verir? sualını vermək yox, niyə belədi?, başqa cür ola bilərmi?, bu anlayışın sərhədləri hansılardır? suallarını vermək və konkret nümunələrlə bu sualları cavablandırmaq deməkdi.
Fəlsəfənin bir qolu olan Metafizika - varlıq olmaq baxımından varlığın elmi kimi tanınır: varlıq, araşdırma sahəsində özünü göstərən ümumi xarakterlərin incələnməsi və maddə, forma, qanun, proses, səbəb və bunlar kimi konseptlərin analizi ilə məşğuldu.

Fəlsəfənin Analitik və Sintetik Funksionallığı

Fəlsəfi düşüncənin bir başqa özəlliyi onun Analitik və qurucu, inşaedici - Sintetik funksiyasıdı. 

Analitik funksiya - filosofun özünün də içində, bir parçası olduğu dünyanı anlamaq və qavramaq üçün özünə təqdim edilən hər növ bilgi, təcrübə, intuisiya nəticələrindən yaranan materialı öz bilgi, təcrübə və intuisiya bacarıqlarına görə yenidən düşünməsi, analiz etməsi və aydınlaşdırması funskiyasıdı. Məsələn, Əxlaq-ı götürək. Analitik mərhələdə filosof Yaxşı və Pis-ə təriflər verib, onların fərqli etik cərəyanlarda (utilitarizm, deontologiya) necə əsaslandırıldığını analiz edir.

Sintetik funksiya

Filosof sadəcə analitik funksiya ilə kifayətlənmir. O, paralel şəkildə üzərində düşünülmüş, aydınlaşdırılmış materialdan və ya datalardan yola çıxaraq, dünyanı yenidən inşa edir, qurur, bir birlik və vahidliyə qovuşdurur. Bu da fəlsəfənin sintetik və sistemləşdirici funksiyasıdı. Aristotle və Hegel kimi filosoflar dünyanı bütün parçaları bir-birilə uyğun bir bütün halına salaraq, yenidən quran sistemçi filosoflar kimi qəbul edilirlər.

Aristotle təbiət hadisələri, məntiq və etik prinsipləri birləşdirib, Metafizika-da varlığın əsas kateqoriyalarını vahid sistemdə təqdim etdi.
Hegel tarixi dialektik proses kimi görüb, Tezis-Antitezis-Sintezis modeli ilə fərqli ideya və hadisələri sintezləyib, ümumi tarixi inkişafın rasional sistemini formalaşdırdı.
Beləliklə, fəlsəfə əvvəlcə analitik mərhələdə mövcud bilikləri sındırıb də'rinliyinə enir, sonra sintetik mərhələdə bu elementləri yenidən quraşdırıb, bütöv, ardıcıl və sistemli nəzəri struktur yaradır.

Bu material tamamilə Ahmet Arslanın - Fəlsəfəyə Giriş kitabı əsasında hazırlanıb, sadələşdirilməsi üçün bə’zi hissələrdə izahlar əlavə edilib. Belə materialların davamı üçün mənə KofeAl platformasından ianə edərək dəstək ola bilərsiz.

Comments