Sosial-psixologiyanın təməl konseptlərindən olan ingroup (iç qrup) və outgroup (çöl qrup) yə’ni, Biz - Onlar ayrımı bir çox məsələləri anlamaq üçün çox vacib rola malikdir. Biz - Onlar psixologiyasının arxasındakı mexanizmləri açıqlayan iki təməl nəzəriyyə var:
- Social Identity Theory (Sosial İdentifikasiya Nəzəriyyəsi)
- Self-Categorization Theory (Self-Kateqorizasiya Nəzəriyyəsi)
Henri Tajfel və John Turner tərəfindən inkişaf etdirilən Sosial İdentifikasiya Nəzəriyyəsi Self (Mənlik) konseptlərimizin çoxunun milli, etnik və ya peşə kimi sosial qruplara aidliyimizdən qaynaqlandığını iddia edir. Anlayış üç əsas prosesdən ibarətdir:
1) Sosial Kateqorizasiya: bu, dünyanı anlamaq üçün özümüzü və başqalarını qruplara böldüyümüz ilk addımdı. Bu sinifləndirmə Biz (azərbaycanlılar, sekulyarlar, rəssamalar, solçular və s.) və Onlar (ermənilər, dindarlar, yazıçılar, sağçılar) kimi qruplar yaradır.
2) Sosial İdentifikasiya: burada sinifləndirdiyimiz bir qrupa özümüzü aid hiss edirik və o qrupun kimliyini mənimsəyirik. Qrupun uğurları bizim uğurlarımız, uğursuzluqları bizim uğursuzluqlarımız olur. Bu aidlik hissi self-hörmət (özhörmət) üçün önəmli qaynağa çevrilir. (Qarabağ müharibəsindəki məğlubiyyət və qələbənin ictimai tə’siri, Qarabağ futbol klubunun qələbələri və s.)
3) Sosial Müqayisə: öz qrupumuzun dəyərini və statusunu anlamaq üçün onu əlaqəli xarici qruplarla müqayisə edirik. Özhörməti artırmaq üçün təbii şəkildə öz qrupumuzu xarici qruplardan daha yaxşı, üstün, haqlı pozisiyalara çəkirik. Bu proses içqrup favoritizminin təməlini yaradır. Qarabağ münaqişəsi boyu yayılan miflərə fikir versəz, bizimkilərdə ermənilər hər zaman qəddar, zorakı, amansız, ermənilərin hekayələrində də biz bənzər şəkildə təsvir edilirik. Bu, xüsusilə münaqişə tərəfləri arasında heç vaxt dəyişməyən bir dinamikadır. Faktlar, obyektiv datalar tam tərsini iddia etsə belə…
Self-Categorization Theory (Sosial İdentifikasiya Nəzəriyyəsi) John Turner və digərləri tərəfindən Social Identity Theory-nin bir əlavəsi kimi inkişaf etdirilib. Bu konsept bir fərdin özünü nə vaxt bir fərd, nə vaxt bir qrup üzvü olaraq qavradığını açıqlamağa fokuslanır. Konsepsiyaya görə, bizim kimliyimiz fərqli səviyyələrdə mövcuddur - fərdi kimlik, sosial kimlik və s. Hansı kimliyin aktiv olacağı isə içində olduğumuz situasiyaya uyğun dəyişir. Məsələn, iş yerində jurnalist kimliyimiz ön plana çıxır, futbol oyununda fanat kimliyimiz, evdə övlad, küçədə etirazçı və s. Nəzəriyyəyə görə, sosial kimlik ön plana çıxanda fərd öz individual xüsusiyyətlərindən ziyadə o qrupun prototipinə - tipik özəlliklərinə uyğun düşünməyə, hiss etməyə və davranmağa başlayır. Bu vəziyyət qrupiçi ahəngi və Biz şüurunu artırır, Onlar ilə aramızdakı fərqləri daha da kəskinləşdirir.
Niyə bu qruplaşdırmaya ehtiyac duyuruq?
İnsan zehni sosial dünyanı mə’nalandırmaq üçün təbii şəkildə kateqorizasiya edir. Bu, qarışıq bilgiləri bəsitləşdirmək və ani qərarlar almağımızı tə’min edən koqnitiv bir qısayoldur. Bu mexanizmin bir parçası kimi Biz və Onlar da ortaya çıxır və bu, sosial kimliyimizi müəyyən etməkdə, qruplararası münasibətlərdə mərkəzi rol oynayır.
- Ingroup: (İçqrup) bir fərdin özünü psixoloji olaraq aid hiss etdiyi, özidentifikasiya etdiyi və emosional bağ qurduğu sosial bir qrupdur. Bu qrup fərdin kimliyinin parçası halına gəlir və onu Biz olaraq tə’yin edir. Ailəmiz, etnik kimliyimiz, fanatı olduğumuz klub, işlədiyimiz şirkət, eyni ideologiyanı paylaşdığımız insanlar içqrupun üzvlərini təşkil edirlər.
- Outgroup: (Çölqrup) fərdin özünü aid hiss etmədiyi, özidentifikasiya etmədiyi və əsasən, içqrupa rəqib və ya ondan fərqli olaraq qavradığı sosial qrupdur. Bu qrupu Onlar deyə tə’yin edirik. Düşmən ölkənin nümayəndələri, rəqib klubun azarkeşləri, fərqli ideologiyalara mənsub insanlar Outgroup üzvlərini təşkil edirlər.
Kateqorizasiyanın ən önəmli özəlliyi onun əsasən dəyişkən xarakterdə olmasıdır. Məsələn, Qarabağ - Neftçi oyununda neftçililər üçün qarabağlılar çölqrup olurlar, amma Azərbaycan millisinin oyununda hər ikisi içqrupda birləşirlər. Ermənilərə münasibətdə bütün azərbaycanlılar içqrup sayılır, amma daxili məsələlərdə qaçqınlar çölqrup hesab olunurlar. Ermənistanda da eyni dinamikanı Ermənistan və Qarabağ erməniləri arasında müşahidə etmək olar.
Özlüyündə bu kateqorizasiya tam-neqativ bir fenomen deyil; insan təbiətinin bir parçasıdır və bizə aidlik, həyatı mə’nalandıma kimi faydalar gətirir. Amma nəticələr həmişə bu cür saf məcrada qalmır.
Biz - Onlar ayrımının nəticələri, əsasən İçqrup Favortizmi olaraq bilinən ümumi meyil altında toplanır.
- Ingroup Favoritism: (İçqrup Favoritizmi) biz öz qrupumuzu, onun üzvlərini daha pozitiv dəyərləndirib, onlara müsbət keyfiyyətləri aid edirik. Həmin qrupa daha çox resurs ayırır, onlara qarşı daha anlayışlı davranırıq. Bə’zi araşdırmalar göstərir ki, hətta heç bir məntiqi səbəb olmadan, sadəcə püşk yoluyla yaradılan qruplarda belə bu dinamikaları müşahidə etmək mümkündür. İnsanlar öz qrup üzvlərini daha çox mükafatlandırmağa meyillidirlər.
Minimal Group Paradigm (MGP) qrup ayrımlarının sadəcə keyfi və mə’nasız olduğu durumlarda belə qrupiçi favortizimin və çölqrup diskriminasiyanın nə qədər asan ortaya çıxdığını göstərən bir sosio-psixoloji me’toddur. Henri Tajfel-in inkişaf etdirdiyi bu paradiqma nə qədər önəmsiz olursa-olsun, bir qrupa daxil edilməyin fərdlərin öz qruplarını favrotiləşdirməsinə və qrup xaricinə qarşı stereotipik davranmasına yol açacağını göstərir, sosial kimliyin güclü tə’sirini vurğulayır.
Klee və Kandinsky Eksperimenti (1971) buna ən gözəl örnəklərdən biridir. Təcrübənin heyrətamiz nəticəsi isə bu idi ki, iştirakçılar təkcə öz qruplarının qazancını artırmağa çalışmadılar, həm də çox vaxt iki qrup arasındakı fərqi maksimuma çatdırmağı seçdilər. Yə’ni, öz qrupları 10 xal, digər qrup 1 xal alacaqsa, bunu öz qruplarının 17, digər qrupun isə 16 xal alacağı bir vəziyyətdən üstün tuturdular. Bu, qazanmaq hissinin mütləq mənfəətdən daha vacib olduğunu göstərirdi. Bu davranış, qruplar arasında heç bir düşmənçilik, rəqabət, resurs mübarizəsi və ya hətta tanışlıq olmadan, sadəcə bir qrupa aid olmaq düşüncəsinin özünün tərəfkeşliyə səbəb olduğunu sübut etdi.
- Outgroup Derogation: (Çölqrup Alçaldılması) içqrup favoritizmi həmişə olmasa belə, xüsusilə qruplararası rəqabət və ya təhdid qavrayışı olanda ortaya çıxır. Belə vəziyyətlərdə insanlar çölqrup üzvlərini neqativ stereotiplərlə etiketləməyə, onlara qarşı diskriminativ davranmağa meyillənirlər. İçqrup hər zaman daha cəsur, daha dözümlü, daha mərhəmətli, daha humanist və daha savadlı təsvir olunur, Çölqrupsa mənfi keyfiyyətlərlə bəzədilir.
- Outgroup Homogeneity Effect: (Çölqrup Homogenliyi Effekti) biz Onları demək olar, hər zaman hamısı-eyni şəklində qavrayırıq. Qrup üzvlərinin fərdi özəlliklərini silir, bütün sağçılar eynidir, bütün solçular belədir - illüziyasına qapılırıq. Bu vəziyyət çölqrup fərdlərinin bir-birinə bənzər, monolit bir kütlə olaraq qavranılmasına yol açır. Onlara qarşı stereotiplər gücləndirilir, fərdi davranışlar belə bütün qrupa şamil edilir. Məsələn, Ərəblərin Azərbaycanda qaldıqları otelləri, maşınları çirkləndirmələri ilə bağlı böyük bir inanc mövcuddur və bununla bağlı statistika, data heç bir əhəmiyyət daşımır. Təmizliyin fərdi xüsusiyyət olması faktı da bu tip ümumiləşdirmələrdə gözardı edilir.
Biz-Onlar ayrımı insan psixologiyasının təməl parçası kimi xaotik sosial dünyamızı bəsitləşdirməyə, bir aidlik duyğusu inkişaf etdirməyə kömək edir. Amma eyni zamanda, içqrup favoritizmi, stereotip və qruplarası mübahisələr kimi neqativ nəticələrə də zəmin hazırlayır. Bu dinamikaları anlamaq ictimai qütbləşmənin, diskriminasiyanın və mübahisələrin köklərini anlamaq və daha empatik, əhatələyici toplum inşası üçün kritik önəmə sahibdir. Üstəlik, bəlkə də özümüzə bu sualları verməliyik: mənim qrupum barədə obyektiv fərz etdiyim təsəvvürlərim necə formalaşıb? Onları kim, necə formalaşdırıb? Özümü bu qrupa aid hiss etməyim hansı emosional bağlılıqdan qaynaqlanır? Qorxu burada necə rol oynayır? Mənim içqrupa aidliyim başqalarına mental, psixoloji və hətta fiziki zərər verə bilərmi?
Vacib məqam bundan ibarətdir ki, Biz və Onlar psixologiyası xüsusilə avtoritar rejimlər üçün kütlələri idarə etmək, hakimiyyəti möhkəmləndirmək və müxalifəti zərərsizləşdirmək üçün istifadə edilən ən güclü siyasi-psixoloji alətlərdən birinə çevrilir. Bu, sadəcə təbii bir sosial proses deyil, həm də şüurlu və sistemli şəkildə tətbiq edilən bir strategiyadır. İlk baxışdan sadə görünən həyatımə’nalandırma vasitəsi miflər, narrativlər və propaqanda ilə əzici bir resursa çevrilir. Bu isə, başqa bir yazının mövzusudur…

Comments
Post a Comment