Gürcüstan etirazları: narrativlər, əsl Qərbin adamları və Azərbaycandakı təqdimat

Gürcüstanda küçələr yenə etiraz aksiyaları ilə qaynayır, polislə etirazçılar arasında toqquşmalar olub, müxalif liderlər saxlanılıb və baş nazir Irakli Kobakhidze xarici xüsusi xidmət orqanlarını günahlandırıb. Sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə baxanda elə mənzərə yaranır ki, sanki bütün hadisələr Qərb-Rusiya qarşıdurması çərçivəsində baş verir. Əlbəttə, məsələnin geosiyasi freymi də müzakirəyə layiqdi amma bu gün niyə onun dominant olduğunu sorğulamağa çalışıram.

İddiam ondan ibarətdir ki, bu, Azərbaycan hakimiyyətinin illərdir davam edən ideoloji təbliğatının uğurudu. Başlayaq ondan ki, cahilliyin ən ba’riz simptomu - Bəsitləşdirmədi. İnsanlar mürəkkəb konfliktlər, məsələlərlə bağlı dərhal, ani, qısa cavablar istəyir və gözləyirlər. Heç də hamı onlarla mənbə axtarıb, təfərrüat öyrənməyə vaxt sərf etmək istəmir. Sosial media da qısa, emosional mesajları sürətlə yayıb gücləndirir. Sadələşdirilmiş freymlər, məsələn, Qərbin adamları viral olur, kompleks izahatlar isə arada əriyib, yox olur. Üstəlik, insanlar mürəkkəbliyə dözmür, koqnitiv yükü azaltmaq üçün sadə hekayələrə inanırlar. Belədə, hadisələrin real-struktural fonu araşdırılmır, qəliblər üzərindən fikirlər yürüdülür.

Azərbaycan hakimiyyəti də daxili nəzarət və qorxu yaratmaq, yerli auditoriyanı idarə etmək üçün illərlə bu bəsit narrativləri yaradıb. Ukrayna nümunəsini qorxulu bir presedent kimi göstərib, öz vətəndaşlarına mesaj verir: əgər siz də küçələrə çıxıb, siyasi dəyişiklik tələb etsəz, ölkəmiz xaos, müharibə və ərazi itkisi ilə üzləşəcək. Bizim tə’min etdiyimiz sabitlik, bu dəhşətli alternativdən daha yaxşıdı. Bu, potensial etirazçıları passivləşdirmək və rejimin legitimliyini tə’min etmək üçün edilir; onu sabitliyin qarantı kimi təqdim etməkə işə yarayır.

Həm də korrupsiya, işsizlik, sosial ədalətsizlik, demokratiya, insan haqları pozuntuları kimi də’rin problemlərin səbəb olduğu protestləri Qərb-Rusiya konflikti kimi dar freymə soxmaq bu real və narahatlıq yaradan daxili problemləri diskursun xaricinə atır. İnsanlar da hökumətin zəif idarəetməsini deyil, xarici güclərin oyunlarını müzakirə etməyə başlayır..

Müxalifəti və vətəndaş cəmiyyətini, müstəqil medianı da gözdən salmaqda bu bəsit narrativlər effektivdi. Hakimiyyət bu narrativ vasitəsilə ölkə daxilindəki istənilən müstəqil səsi və tənqidi fikri xarici agent, qrantyeyən və ya düşmənin əlində alət kimi damğalaya bilir. Gürcüstan etirazçılarını Qərbin maraqlarına xidmət edən marionetlər kimi göstərməklə, Azərbaycan hakimiyyəti öz ölkəsindəki fəallara və müxalifətə də eyni damğanı vurur. Bu, onların cəmiyyət içindəki etibarını sarsıtmağa və onları marjinallaşdırmağa yönəlib. Üstəlik, bu, Azərbaycan üçün, ümumiyyətlə bütün avtoritar sistemlər üçün köhnə-xarakterik bir davranışdı.

Bəsitləşdirilmiş narrativlər cəmiyyəti qütbləşdirmək üçün də ideal vasitədi - biz və onlar anlayışını gücləndirir. Hakimiyyət mediası bir tərəfdə milli maraqları və suverenliyi qoruyan vətənpərvər hakimiyyət, digər tərəfdə isə Qərbin pulu ilə ölkəni qarışdıran satqınlar obrazları yaradr. Bu ağ-qara təqdimat, dualizm mürəkkəb məsələləri anlamağa çətinlik çəkən kütlələr üçün asan həzm olunur və hakimiyyətə sədaqəti gücləndirir. Diqqət yetirin, hakimiyyət mediasının Gürcüstan hadisələrini necə freymlədiyinə, anlayışlarla necə rəqs etdiyinə..

Azadlıq tələbi yerinə dövlət çevrilişinə cəhd, vətəndaş itaətsizliyi yerinə xarici təxribat, fəallar yerinə radikal dəstələr, marionetlər kimi terminlərdən istifadə olunur. Bu söz seçimi, auditoriyanın hadisəyə münasibətini ilkin mərhələdən formalaşdırır. Xüsusilə tatulu, sırğalı, liberal görünüşlü insanlar ön plana salınır və narrativ quruculuğuna alət edilir.

Amma Gürcüstanın problemləri bu dar çərçivəyə sığmır. Elə bugünlərdə (30 sentyabr) Gürcüstanın Laqodexi rayonunun əsasən azərbaycanlıların yaşadığı 4 kəndini sel basdı. 20 minə yaxın azərbaycanlının yaşadığı kəndlərdə günlərlə bütün infrastruktur iflic oldu. Dövlət qurumları insanların köməyinə gəlmədi, azərbaycanlı fəallar (Salam platforması) yığışıb, tələbələrin də yardımı ilə ianə kampaniyası keçirib, insanlara ərzaq, su daşıdılar. Hadisə ilə bağlı yayılan görüntülərdə sakinlərin əsas şikayəti dövlət qurumlarının etinasızlığı idi.

Gürcüstandan xeyli işçi Avropa ölkələrdə mövsümi işlərə gedir, ordan qazanc əldə edirlər. Aİ viza razılaşmasını ləğv etsə, bu insanlar əziyyət çəkəcəklər - etiraz edirlər. Gürcüstanda yoxsulluq həddində 30-35% əhali yaşayır. Gəlir bərabərsizliyi və təxminən eyni faizlərdədi. İşsizlik faizi 14 hesab olunur. Gürcüstanın korrupsiya reytinqində vəziyyəti qismən yaxşı olsa da, qənaətbəxş deyil - 180 ölkə arasında 53-cü yer. Gürcüstanda demokratik mühit daraldıqca investisiyalar çəkilir, ölkə 2010-dan bəri əldə etdiyi iqtisadi inkişafı itirmək təhlükəsiylə üz-üzədi. Gürcüstan cəmiyyətini demokratiyanın vəziyyəti də narahat edir. Etirazlarda təkcə Avropadan qrantyeyən gənc nəsillər yoxdur, orada yaşlı nəsil təmsilçilərini də görmək olar.

Bütün bunları kənara qoyub, məsələni sadəcə Qərb-Rusiya çərçivəsinə salmaq dayaz zehniyyət məhsuludu və ya ideoloji bir təbliğatın parçasıdır..

Azərbaycan vaxtaşırı Gürcüstandakı seçkilərə müdaxilə etməkdə ittiham olunur. Gürcüstanda 2024 26 oktyabrda keçirilən seçkilərdən öncə Azərbaycandan bu ölkəyə rəsmi və qeyri-rəsmi şəxslərin gəlib, açılışlarda hakim Gürcü Arzusunun təşviqat kampaniyalarında azərbaycanlı icma ilə görüşlərində iştirakı birmənalı qarşılanmamışdı. İcmanın fəal insanları Gürcüstanda hər dəfə seçkilər keçiriləndə bu kimi müdaxilə və dəstəklərin olmasından narazı idilər. Meydan TV-nin bu reportajından prosesləri ətraflı izləyə bilərsiniz. Azərbaycan hakimiyyətinin nəzarətində olan media kanalları da Gürcü Arzusunun pr-nı aparır, azərbaycanlı icmasını manipulyasiya edərək, onlara səs verməyə çağırırdı. Azərbaycan hakimiyyəti Gürcüstanda avtoritar idarəçiliyi saxlamaqda maraqlıdır, bu, onun Cənubi Qafqazda yeganə avtoritar idarəçilik olaraq təklənməsinə qarşı preventiv addımlarıdır.

Bəs, Qərbin Adamı narrativlərinin real kökləri nələrdir?

Azərbaycanda qərbmeyilli hesab edilən kəsim hər zaman Qərbin Azərbaycanda demokratiyanı iqtisadi əməkdaşlığa qurban verdiyindən şikayətçi olub. Amma mən bu iddianı bir qədər də radikallaşdırmaq niyyətindəyəm. Avropa (Qərb) Azərbaycanda heç vaxt demokratik bir hökumət arzulamayıb, bunun üçün heç vaxt real olaraq çalışmayıb. Çünki demokratik bir hökumət Əsrin Müqaviləsini sorğulayacaqdı. Demokratik bir Milli Məclisdə Azərbaycanın buradakı təxminən 25-30%-lik payı sorğulanacaqdı. Demokratik idarəçilikdə vətəndaşlar 2017-də SOCAR-ın layihədəki birbaşa iştirak payı 11,65%-dən 25%-ə qaldırılanda buna qarşı çıxar, rəqəmləri artırmağa çalışardı. Demokratik bir hökumət Avropada enerji krizi var deyə öz əhalisindən qaz kəsib, Avropaya sata bilməzdi.

Ölkənin tükənən təbii sərvətləri xammal şəklində ixrac edilir və əsas mənfəətin böyük hissəsi transmilli korporasiyalara çatır. Demokratik hakimiyyət buna ma’ne olar, bu imperialist, neo-kolonial Qərb modelini dəyişərdi. Azərbaycanın xammal ölkəsi kimi qalmasında bugünkü hakimiyyət ən maraqlı-optimal tərəfdi. BP və digər Qərb şirkətləri Xəzəri çirkəndirir, ekoloji fəlakəti bizə miras qoyub, gedəcək, demokratik hakimiyyət buna imkan verməz, əngəl olmağa çalışardı.

Məsələ, insanlara sərf edən gender bərabərliyi, ədalətli seçki, insan haqları, LGBTQI+ kimi anlayışlara gələndə Qərbi söyən hakimiyyət həmişə Qərbin yanında olub, indi də bunu davam etdirir. Azərbaycan hakimiyyəti Qərblə heç vaxt enerji mövzusunda fikir ayrılığı yaşamayıb, Avropa üçün ucuz, idarəolunan xammal bazası kimi qalmağa razılıq verib.

Eyni məsələni biz Serbiya etirazlarında da müşahidə edirik. Serbiyada 2024-cü ilin avqustunda minlərlə insan litium yataqlarının işlənməsinə etiraz edirdi. Bu etirazlar yeni də deyildi, 2022-ci ildə etirazçılar layihənin ləğvinə də nail olmuşdular. Amma hakimiyyət Anglo-Australian Rio Tinto şirkətinə ölkənin Jadar vadisində işləmək üçün mədənçilik lisenziyasını geri verdi. Avropa Birliyi bu anlaşmanı Serbiya və Avropa üçün tarixi bir gün kimi dəyərləndirmişdi. Daha sonra nəqliyyat qəzası ilə alovlanan və aylarla davam edən Serbiya etirazlarına Avropa Birliyi etinasız yanaşdı, Serbiyaya qarşı hər hansı addım atmadı. Etirazçılar Avropa Birliyini də ittiham edirlər, amma Serbiyada, eləcə də Azərbaycanda onlar Qərbin adamı kimi etiketlənməyə davam edirlər. Hətta Serbiyada aksiyalar barədə yayılan məşhur miflərdən biri də odur ki, etirazçıların hər birinə Avropa təşkilatları tərəfindən gündəlik 50 avro ödənilir. Bu, narrativ quruculuğunun necə universal bir fenomen olduğunun da göstəricisidir. Qlobalizasiya, anti-kapitalizm, anti-imperializm, anti-kolonializm kimi anlayışlar avtoritar idarəçilər üçün öz bərbad siyasətlərini pərdələmək vasitəsinə çevrilib.

Mən, əlbəttə ki, Gürcüstan, Serbiya, Azərbaycan məsələsinin geosiyasi çərçivədə ələ alınmasının əleyhinə deyiləm, bunun vacibliyini və real olduğunu da anlayıram. Amma kompleks konflikt və məsələləri bəsitləşdirib, onun üzərindən narrativ qurmaq, bu narrativləri təkrar istehsal etmək təhlükəlidir və avtoritar idarəçiliyin alətinə çevrilmə riski daşıyır. Media subyektləri, ictimai fəallar, siyasətçilər hadisələri şərh edərkən bəsit freymlərdən çəkinməli, daha kompleks təhlilləri gündəmə gətirməlidirilər.

Bu tip materialların davamı üçün mənə kofeal platformasında ianə edərək dəstək ola bilərsiniz.

Comments