Skip to main content

Dördüncü alma - Hekayə

Nənəmin nağıllarında göydən üç alma düşürdü. Bizsə dörd qardaş idik. Almaları daha ədalətli bölək deyə birini öldürdük. 
Biganəlik bizim ailəvi silahımız oldu. Uzaq, bivec və soyuq olduq: dördüncünün qəfil qeybinə əhəmiyyət vermədik. İnsanı biganəlik və tənhalıqdan daha işgəncə ilə öldürən silah hələ icad edilməyib. Valideynlərimizin həyasızlığı o müddətdə elə dəhşətli həddə çatdı ki, bizi qışda yay tətilinə inandırdı. Hətta həmin tətildən biz də arzuladıq. Maraqlı səslənirdi: biz qışın soyuğunda səhər tezdən üşüyəcəyimiz kənd məktəbinə qaçırıq, o isə şəhərdə isti yatağında dincəlir. Soyuq məzarda səssiz uzandığını öyrənənə qədər hər səhər yuxudan qalxanda bütün günah ondaymış kimi dördüncünü söyür, onu ən iyrənc şəkildə yad edirdik. Kiçik qardaşları belə vəziyyətdə tək qoymaq heç bir böyük qardaşa yaraşmaz axı... Öyrənəndə ki, o cılız bədəni həmin soyuqda yerin altında üşüyürmüş, bədənimdən nəsə qopdu. İllərdir həmin qopan hissə bərpa olmur. Heç yenilənmir də.
Dördüncü almanı məndən daha çox sevirdi. Hətta ən sevdiyi meyvə də alma idi. Heç bir növünə, formasına fərq qoymur, almanı bütöv halda içəri ötürürdü.
Mənimkisə heyva idi. Tez-tez xəstələndiyim üçün dənələrindən hazırlanan suyun şəfalı olması bir yana, heyvanı qızardıb yeməkdən ötrü sözün əsl mənasında ürəyim gedirdi. Deyirlər, alma daha xeyirlidi, üstəlik, almanın vitamini qabığındadı. Amma mikrobları da. Ola bilsin... Bəlkə də almanın şəfalı dənələri yoxdu deyə sağ qalan mən oldum. Heyva sağ olsun...
Dördüncü son nəfəsinin gəldiyini hiss edəndə alma istəyib. Kimsə mənə deməsə də, bundan əminəm. Həmin səhnə illərlə gözümün qarşısında bir tablo tək asılıb qalıb... O son almanı ona vermək üçün nələrdən keçməzdim ki... Ya da yox! Ona sonuncu almanı verən adamı boğub öldürərdim. Axı hara tələsirdi? O yubatdıqca, alma vermədikcə dördüncünün həyatı da uzanardı. Əlbəttə, bu, çox poetik səslənə bilər. Bəs inanca nə deməli?
İnsanın ilk günahının alma ilə bağlılığı mənə heç vaxt məntiqli gəlməyib. Amma məhz dördüncünün ölümündən sonra biz öz sevimli cənnətimizdən qovulduq: şəhərə köçdük. Dördüncüyə qismən daha yaxın - 15 dəqiqəlik məsafəyə.
Yolda kiçik bir qəza yaşadıq: təkəri çıxan maşın min metrlik hündürlükdən aşağı doğru getməyə başladı və xoşbəxtlikdən bir alma ağacına toxunub, dərəyə aşmadan dayandı. Yəqin ki, ağac təkcə mənim yuxumda alma ağacı idi. Çinar və ya dəmirağacı yox, məhz alma... Nə deyəsən? Məni hər pis vəziyyətdən xilas edən dördüncü indi də almaları ilə ailəmizi qorumuşdu. Hərçənd, o aralar xilas olmaq mənim üçün heç nə ifadə etmədi.
İlk dəfə məzarına gedəndə alma aparmışdım. İnanırdım ki, qəfil peyda olacaq, o sakit və ən dərindən gələn gülüşü ilə üzümə baxıb almanı alacaq və şirəsi dodaqlarından dağıla-dağıla yeyəcək. Bu hiss özü ilə elə dəhşətli qorxular gətirirdi ki. Qardaş olanda nə olar, o ki artıq ölüdür...
Sonralar bütün həyatımı son cümlədəki acınacaqlı faktı inkar etməklə keçirmək istədim. Natamam qalan hər şeyi tamamlamaq üçün: mənim olmayan ağrıları və adı daşımaqla. Məncə, ilk işim yaxşı bir alma ağacı əkmək olardı. Məzarı başında, ya da hardasa. Təsadüfi bir yerdə... Alma yeyən hər kəsdə dördüncü əlaməti yaransın deyə. Bütün insanlıqda... Əgər mümkünsə...
Artıq heyva sevgim əvvəlki kimi güclü deyil. Səbəbini bilmirəm, amma çevrilməmin əlaməti kimi görürəm bunu. Çaxır və alma tandemini kəşf edəndən sonra isə ölümə nifrətim birə on artıb. Dördüncünü bu daddan məhrum etdiyi üçün... Axı, elə bu dəqiqə, tam bu anda o həzzi paylaşa bilərdik.
Əvəzini çıxmağa çalışıram. İçdiyim hər dördüncü içki, sevdiyim hər dördüncü qız, daddığım hər dördüncü dad, komandamın vurduğu hər dördüncü qol onundu. Ümumiyyətlə dördüncü olan hər şeyim...

Elvin Jabizadeh, 29.08.2018

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...