Skip to main content

Qarı - Hekayə

Qonşuların ən azından üzdə mehriban olduğu bu yerdə qəribə bir qarı yaşayırdı. Hamının başqalarına nifrət üçün xüsusi səbəblərinin olduğu bur yerdə birmənalı şəkildə bütün məhəllənin kinini qazanmaq təkcə bu qadına nəsib olmuşdu. Onun da çarpaz şəkildə başqalarına nifrət etdiyini demək çətindir; ümumiyyətlə, Qarının hansısa duyğular yaşadığını söyləmək də...
Qadın geniş həyəti, çoxlu meyvə ağacı, mövsümi tərəvəzlər yetişdirdiyi böyük bir bağı olan evində tamamilə tək yaşayırdı. Daha doğrusu, evdə ondan başqa bir insanın olmadığı fikrində məhəllənin çoxu həmfikir idi. Qarının pişiyi də var idi və stereotiplərə tamamilə uyğun olaraq pişik qara rəngliydi. Başqaları ilə ünsiyyəti minimum idi: heç kim onun paslanmış qapısını döyməzdi, elə o özü də qonşuların evinə getməyə maraqlı deyildi. Kimsə təsadüfən onunla yolda rastlaşanda məcburi salamlaşar, dərhal sonra da bu qəfil sarsıntıdan arınma ritualları icra edərdi. Hətta hamının bayramlaşdığı Novruz çərşənbələrində belə qarının qapısına yaxın düşən olmurdu. Əgər kimsə nə vaxtsa çaşıb, o həyətə papaq atsaydı belə, yüz faiz saatlarla gözləməli olar, səs çıxmadığını görüb, kor-peşman, papaqsız halda geri qayıtmalı olardı.
Qadın ayda bir dəfə küçəyə çıxar, sakitcə, ətrafına baxmadan, piyada şəhər mərkəzinə gedib, pensiyasını alar, oradan birbaşa mağazaya keçib, alış-veriş etdikdən sonra geri qayıdardı. Bunu qarını izlədiyim xəfiyyə günlərimdən bilirəm. Qarı iki əlli arxasında düyünləyib, 30-40 dərəcə əyilib, heç dayanmadan yol gedərdi. Bu, insan yerişi deyildi, qarı sürüklənirdi, sürüşürdü, necə deyim, qarı ayaqlarını dartmırdı arxasınca... 
Ayın digər günlərində qadını görmək səadəti təkcə kommunal xidmətlərə görə qapısına düşən insanlara müəssər olurdu; hərçənd, buna da səadət demək olmaz. Qadın sözün əsl mənasında onları boğaza yığmışdı. Seçki öncəsi qapı-qapı gəzib səs yığanlar da qarının söyüşlərinə qonaq olmuşdular.
Məhəllə söz-söhbətlərinin zehnimdəki qarşılığı olaraq arabir mənə elə gəlirdi ki, qadın bu ev-qəsrində çox vacib və təhlükəli bir işlə məşğuldur. Məsələn, bütün kainatı məhv edəcək məxluqlar yaratmaq... Sizə qəribə görünə bilər, amma mənim fərziyyəm məhəllənin digər sakinlərinin uydurduğu nağıllardan heç də az inandırıcı deyil. Qəfil ağlıma gəlirdi ki, bir gün qarı illərlə yığdığı kini doğacaq, dəmir darvazasından vəhşi varlıqlar çıxacaq və bütün məhəlləni ələ keçirəcək. Yuxularım qarının doğduğu bədheybətlərlə mübarizə ilə zəngin idi. Belə düşüncələr məni bürüyəndə evə hava qaralmamış qayıtmalı olurdum - əks halda mütləq onun qapısının yanından keçməli olacaqdım, - və bu qorxu sadəcə valideynlərimə sərf edirdi. Mənim bu fərziyyəmi ölməyə qoymayan isə vaxtaşırı eşitdiyim telefon zəngi səsi idi. Bir neçə gün pusquda durub, dünyanı dağıdacaq bu küpəgirən qarının planlarını pozmaq istədim. Qarı sayəsində özümü Hollivud filmlərindəki xəfiyyələr kimi hiss etdiyim günlərdən danışıram. Pusquda durduğum müddətdə yeganə eşitdiyim səs telefon zəngi olurdu. Həyətə açılan pəncərə qarşısından o səs yüksəlirdi, qadın telefonu götürüb, "daha gizlin" yerə gedirdi və səssizlik qaldığı yerdən davam edirdi.
Qarı ünsiyyət qurmurdu, amma onun haqqında xəbərlər necəsə, haradansa, bəlkə sadəcə radiodalğalar yoluyla bizə çatırdı. Bir gün eşitdik ki, qadının övladları Rusiyada yaşayır və bizim kimi bir neçə nəvəsi var. Növbəti yaydan başlayaraq məhəlləmizə yeni insanlar gəlməyə başladı. Qadının qapısı hərəkətləndi; məhəllənin ən dinamik hissəsinə döndü; maşınlar gəldi, bir növ da bu sükunət ocağında bayram şənliyi yaşandı. Hər şey aydın idi: qadının övladları və nəvələri onu ziyarət etmək üçün gəliblər. Qadın nəvələrini eynilə bizim nənələrimiz bizi qucaqlayan kimi qucaqlayır, ağlayır, sevinir, əllərini yuxarı qaldırıb tanrıya şükrlər edirdi. O ərəfədə kimsə mənə demişdi ki, Qarı haqqında hekayələrə nifrət edir, hətta düşünür ki, biz qarını sevmirik, çünki məhəlləmizdə hamı bir-birinə nifrət etsə də bunu gizlədir, lakin bu qadın dürüst şəkildə "pis"dir. Mən sakitcə başımı yelləmişdim - razılıq əlaməti olaraq.  
Yay aylarında bizim yeganə əyləncəmiz hər axşam həyətimizdə keçirilən futbol yarışı idi. TV-lərdən, futbol matçlarından öyrəndiyimiz fəndləri özümüz təkrarlamağa cəhd edirdik. Məndə bu, o qədər də yaxşı alınmırdı. Futbolçu kimi ləqəbimin “Topal” olması hər şeyi ifadə edir. Məncə… Ayağımın içi ilə topa toxunanda bunu elə bir bucaq altında edirdim ki, top az qala öz ətrafımda dönürdü, barmaq ucları ilə endirdiyim zərbələr isə, əsasən, qapıdan çox uzağa, məsələn, məlum qarının həyətinə gedirdi. Beləcə xoşbəxt bir futbol matçı məhəlləni fövqəladə rejimə, kriminal rejimə keçirirdi. Pıçıldaşmalar, planlar, xəfiyyəlik eşqi baş qaldırırdı. Hərə bir yol təklif edirdi və ən sonda ümumi fikir “kim vurubsa, o da gedib gətirsin” olurdu. Bəzən böyük qardaşım məsuliyyəti öz üzərinə götürsə də, əksər hallarda isə o da digərlərinə qoşulurdu və beləcə, məni “minalanmış ərazi”yə göndərirdilər.
Qarının evinə yaxınlaşmaq qorxumun şiddətləndiyi günü xatırlayıram. Payızın qışla təhvil-təslim etdiyi günlərin birində evə qayıdanda qara bir pişiyin zarıdığını eşitdim. Pişik yorğun, ac halda olsa da, bütün daxili gücü ilə harayını eşitdirməyə çalışırdı. Pişiyin gözəlliyi və çarəsizliyi arasındakı təzad məni o qədər narahat etdi ki, dərhal sahibini tapmaq üçün zehnimi səfərbər etdim. Məhəllə pişiklərini şəxsən tanıyırdım, amma bu qara, dairəgözlü, yumşaq tüklü, çənəsində ağ naxışları olan məstan heç vaxt qarşıma çıxmamışdı. Onun qarıya aid olması düşüncəsi ani ildırım tək beynimdən keçdi, amma pişiyin gözəlliyi və qarı haqqında miflərin zehni toqquşmasından ikinci qalib ayrıldı. Qorxudan özünə qısılmış pişiyi qucağıma aldım, evə apardım, yedirdim, içirdim və geri qaytardım. Qayıdanda qarı artıq oraya zühur etmiş, kəskin gözləriylə bu aktı gözləyirmiş kimi gələcəyim yerə zillənmişdi. Sonrasını qırıq-qırıq xatırlayıram. Qarı incə hərəkətlə pişiyi məndən aldı, qucaqladı, öpdü və bağrına basdı. Məni isə söydü... Vəssalam. 
Topun ardınca hər dəfə o qorxu hasarına dırmaşan kimi qarı məni görürdü - ürək döyüntülərimin səsindən tanıyaraq hər halda, - əjdaha ağzı açılırmış kimi üzərimə söyüşlü-tənbehli fikirlər yağırdı. Mən Qarının lüğətini xatırlaya bilmirəm. Sanki Qarı bildiyimiz bir dildə danışmırdı, amma necəsə mən onu anlayırdım... Topu geri qaytarmaq isə bizə heç vaxt müəssər olmurdu. Qadın onu parçalayırdı, tikələrini küçəyə atırdı, mən də pərişan halda parçaları yığıb geri qayıdırdım. Matç sona çatırdı, topu mən “itirdiyim” üçün komandama texniki məğlubiyyət verilirdi və hamı çarəsiz evinə dağılırdı. Bu hadisə ən az həftədə bir dəfə təkrarlanırdı və növbəti topun alınması üçün pul yığmaq da əlavə bir həftə çəkirdi. Əslində, məsələ təkcə topu bağdan çıxartmaqla bitmirdi. Həmin bağa məcburi gedişlərin sonu evdə döyülməylə bitirdi; çünki bu cəhdlərin hər biri qonşulararası ağır savaşa yol açırdı. Bu qonşulararası savaş bizim ən böyük qorxumuza çevrilmişdi. Kimsə onu "müharibə" deyə şərh edirdi, kimsə "son döyüş". Məhəlləmizin üzərindən quşdan çox müharibə qorxusu uçur, bizi əsir alırdı. Beləcə, yay bitirdi, dərs və evə qapanma mövsümü açıq elan olunurdu. Qadının övladları geri - Rusiyaya qayıdır və o, özünün ənənəvi həyat tərzini, ya da mənim narrativlərimlə bədheybət istehsalı dönəmini bərpa edirdi.
Bu hadisələr biz böyüyənədək davam etdi. Artıq universitet hazırlıqları, iş axtarmaq məcburiyyəti yaranırdı deyə yay aylarında futbol oynamırdıq. 
Amma nəsə yolunda getmirdi, qadının qapısı qarşısında hər yay ortaya çıxan o coşqu yaşanmırdı. Qarı artıq yayı da digər fəsillərdəki kimi keçirirdi. Həmin maşın gəlmirdi… Bir neçə il beləcə - səssiz keçdi, kimsə onun qapısını döymədi. Bəlkə, telefonu da susmuşdu… Artıq xəfiyyəlik etmədiyim üçün əmin deyiləm. Qarı haqqında hekayələrə də inanmağı tərgitmişdim, müharibə qorxusuna da. 
Məhəlləmizə daha böyük qorxu hakim kəsilmişdi. Kapitalizm addım-addım məhəlləmizə girir, televiziyadan o sözü daha çox eşitməyə başlamışdıq. Oyun sahələrimizin yerində evlər ucalırdı, hər yan sökülür, hər yan tikilirdi. Zehnim söküntü, dağıntı, xaos səsi ilə yaşamağa alışmışdı. Məhəlləmizdə zarafatyana söz gəzirdi ki, Kapitalizm təkcə Qarıdan qorxur; çünki onun evinin həndəvərində nə söküntü var idi, nə də tikinti. 
Mən hərbi xidmətə getdim, tam on səkkiz ay sonra qayıtdım və məhəlləyə girən kimi ağlıma məhz həmin qarı gəldi: onun doğacağı məxluqlar barədə yuxularım, xatirələr, cırdığı toplar və söyüşləri. Doğrudan da illər keçəndən sonra ən cılız, ən ucuz xatirə belə özünü doğma bir şeymiş kimi insana qısa bilir… Xatirələr ağuşunda asta yerişlərlə həmin qapının yanından keçirdim ki, o, birdən açıldı, artıq beli bükülmüş qarı düz qarşımda dayandı. Salam verməyimə imkan vermədən özü məni salamladı, hətta əhvalımı da soruşdu:
- Xoş gəlmisən. Həmişə evində, eşiyində. Çox sağ olun - dedim, amma xitab yerinə nə deyəcəyimi bilmədim. Axı, indiyə qədər bu qadına nə adı ilə, nə də xala ya bibi formasında müraciət etmişdim.
- Necəsiz?
- Bu yaşda adam necə olar? - dedi.
O anda hansısa səbəbdən yox, sadəcə ağlıma başqa nəsə gəlmədi deyə - uşaqlar necədir - soruşdum. Qadın ağır köks ötürdü. Səhv etdiyimi dərhal anladım, amma o, mənə məhəl vermirdi. Sakitcə dedi ki, övladları onu atıblar, artıq illərdi nə yanına gəlirlər, nə də zəng edirlər. Atıblar - söz olaraq mənə həmişə çox ağır gəlib. Dünyaya atılmışlıq hissi ilə assosiasiya olunur deyə, hər halda. Daş parçasıdırmı bu, atıblar - nə deməkdir? “Heç həyətimə top da düşmür” - qadın təbəssümlə dedi.
- İstəyirəm indi bir neçə top alıb qonşu həyətlərə atım ki, uşaqlar da oynayıb, onu mənim bağıma salsınlar… Qadın bunu deyib güldü: özü də lap içdən güldü… Sonra dodağaltı öz sözlərini təkrarlayıb uzaqlaşmağa başladı. Qarşımda əllərini belində düyünləyib, qozbel halda yeriyən tənhalıq və onu izləyən gözəl bir pişik görürdüm…

Elvin Jabizadeh, 25.10.2018

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...