Skip to main content

The mind, explained - Mini Serial



“Netflix” əsasən əyləncə yüklü platforma sayılsa da, sənədli seriallara da burada çox rast gəlmək olar. Bəziləri əsasən köhnə üslubda çəkilsə də, tamamilə yeni formatlı, informasiya yükü çox olanlarını da tapmaq mümkündür. Bu gün onlardan biri – “The Mind, Explained” mini-serialı haqqında danışacam.

“Explain” - bir mövzunun A-Z açıqlanması tərzi media və sənədli film tərzində xüsusi yerə sahibdir. “Vox” bu mövzuda maraqlı nümunələri ilə həmişə öndə olan platformalardan olub. “Netflix” məhz bu formatı qısa sənədli-serial şəklinə salıb və insanın ən maraqlı üzvünə - beyinə fokuslanıb.

“The Mind, Explained” beyinlə bağlı ən müxtəlif mövzuları açıqlamağa çalışır. Və bunu xüsusi qrafik elementlərlə gözünüzü ekrandan çəkə bilməyəcəyiniz qədər maraqlı edir: "Xatirələrimiz nə qədər güvəniləndir?" , "niyə yuxu görürük?" , "narahatlıq nədən qaynaqlanır?" , "meditasiya ilə zehin-kontrol mümkün ola bilərmi?" , "psixodelik maddələrin beyinə təsiri necə olur?" kimi suallar barədə bircə dəfə belə düşünmüsünüzsə, mütləq bu təxminən 100 dəqiqədən ibarət, hər biri 20 dəqiqəlik 5 seriyanı izləyin.

1. “Memory” (Yaddaş)

Bu seriyada beyin barədə ibtidai dillə akademik biliklər qazanmaq mümkündür. Yaddaş üzrə beynəlxalq yarışmalarda rekordlara imza atan şəxsin beyni incələnir, onun yüzlərlə rəqəmi ardıcıllıqla necə yadda saxladığı araşdırılır. Eyni zamanda, xatirə olaraq danışdığımız və az qala hamısından əmin olduğumuz şeylərin zamanla necə eroziyaya uğradığını görə bilirik. Uşaqlıq vaxtlarında getdiyiniz parkda gördüyünüz bir hadisəni düşünün. Onu bugünkü kimi xatırladığınızı deyəcəksiniz. Əslində isə hadisənin azı 50%-i tamamilə uydurmadır. Yox, narahat olmayın, siz yalançı deyilsiniz, sadəcə beyniniz sizə "yalan danışır". Beyin itirilmiş informasiyaları, yəni silinən "faylları" yeniləri, uydurma versiyaları ilə əvəzləyir. Yağışlı gündə baş vermiş hadisəni parlaq günəş altında baş vermiş kimi xatırlaya bilərsiniz. Və bu davranış dünyada az qala hər kəsin bildiyi, yaxşı xatırladığı 11 sentyabr hadisələri ilə araşdırılır.

2. “Dream” (Yuxu)

Yuxular və yuxu yozumu insan tarixi ilə yaşıd sayıla bilər. Təkamül cəhətdən yuxunun necə inkişaf etdiyi də elmdə mübahisə mövzularından biridir. Bu istiqamətdə bir neçə araşdırma var. Qədimdə yuxular simvollarla əlaqələndirilir, tanrı mesajı kimi dəyərləndirilirdi. Xüsusilə hökmdarların gördüyü yuxular ölkənin gələcəyi barədə fikirlər yaradırdı. Müharibə təhlükəsi, quraqlıq xəbərdarlığı məhz yuxular sayəsində “əyan olurdu”. Amma elm inkişaf etdikcə yuxu barədə düşüncələr də dəyişdi. Sigmund Freud yuxular barədə geniş araşdırmalar apardı və yekunda onun əsasən seksual mesajlardan ibarət olduğu iddiasını irəli sürdü. Freyd yuxuların yozumunda simvolika ənənəsini davam etdirdi. Gördüyünüz hər detal hansısa hadisə, şəxs və ya ödənilməmiş arzunu simvolizə edir. Başqa sözlə, yuxu real həyatda qarşılaya bilmədiyiniz seksual arzunun təzahürüdür: nərdivanda qalxmaq - sekslə məşğul olmaq, qılınc - penis, çanta - vagina, budaq - penis, ağacdan budaq qoparmaq - masturbasiya və s. Psixoanalitika inkişaf etdikcə bu mövzuda fikirlər də dəyişdi. Carl Gustav Jung Freud-un iddiasını qismən qəbul etdi, amma dedi ki, bu mesajlar təkcə seksual məzmuna yozula bilməz. Sinir araşdırmaları davam etdikcə yuxular barədə daha çox informasiya əldə edirik. Hazırda möhkəm təməli olan fərziyyələrdən biri odur ki, yatarkən beyinin məntiqi funskiyasını həyata keçirən bölümü sönür, duyğu hissəsi aktivləşir. Bu da yuxu görülməsinə səbəb olur. Yuxu barədə təkamülçülərin başqa bir iddiası da odur ki, bu proses bizim sağqalma vəzifəmizi yerinə yetirməyimizə kömək edir. Qədim insanlar hər an vəhşi heyvanların hücumuna məruz qala bilərdi. Oyaq vaxtlarda qorunma asandır, amma yatarkən, təhlükə daha da artır. Beyin bunun qarşısını almaq üçün sizə yuxuda da xəbərdarlıq edəcək sistem inkişaf etdirir. Yuxuda ilan və digər təhlükəli heyvanlar görməyi bununla izah etmək olar. Bəs yuxuda seksual akt görmək necə? Təkamülçülər deyir ki, bu da təbiətin törəmə əmrinin icraçısıdır. Bu seriyada yuxu barədə bu və ya digər fikirləri daha dolğun şəkildə əldə edəcəksiz.

3. “Anxiety” (Narahatlıq)

Depressiya və “anxiety” kimi “zərərli” saydığımız proseslərin nə qədər faydalı ola biləcəyini heç düşünmüsünüzmü? Bəlkə bu narahatlıqlar bizə nəsə deməyə çalışır? Bəlkə bizi xəbərdar etməklə xilas edirlər? Bədənimizə dincliyin lazım olduğunu, qaçmalı ya da döyüşməli olduğumuzu deməyə çalışan bir “SOS” siqnalı… Kifayət qədər məntiqlidir və bunu Afrika çöl donuzunun beynindəki araşdırmalar da sübut edir. Yaxında aslan görən çöl donuzunun beyni ona qaçmalı olduğunu diktə edir. Və məhz bu hal heyvanın “anxiety” yaşamasına səbəb olur. Bəzən onun xilaskarına da çevrilir. İnsanın da sosial heyvan olduğunu nəzərə alsaq, bu kimi mövzularda məhz təkamülə istinad etməliyik. Kapitalist iqtisadi münasibətlər dövründə işdən bezdiyimiz günlərin sayı hesabı yoxdur. “Deadline” vaxtı, həmişə narazı müdir, maaşımızdan kəsiləcək cərimələr və s. Üstəlik səhər tezdən oyanma qayğısı. Məhz şəhər insanlarında bu kimi halların çoxluğu bəlkə elə bununla izah edilməlidir? Bəlkə beynimiz qaçmalı ya da savaşmalı olduğumuzu bizə xatırladır? Məhz bu baxışla bu kimi narahatlıqlara qarşı daha dözümlü ola bilərik. Amma bu fikirlər sadəcə mövzuya giriş üçün kifayət edir. Bu bölümdə siz “anxiety” haqqında daha dərin məlumatlar öyrənə biləcəksiz.

4. “Mindfulness” (Diqqətlilik)

Yongey Mingyur uşaqlığını Nepalda keçirib. Qorxulu panik ataklar yaşayan balaca qar fırtınalarından, ildırımlardan, yadlardan qorxduğunu deyir. Bir gün atası ona meditasiya öyrənməyi təklif edir. Və ilk meditasiya vaxtı nəfəsini izləməsini istəyir. Mingyur bir müddət sonra meditasiya dahisinə dönür. Başqa sözlə, meditasiya onu sağaldır. Bu anlayış məşhurluq qazandıqca elmin də diqqətindən kənarda qalmır. Yongey Mingyurun beyni incələnir və aydın olur ki, 41 yaşı olmasına baxmayaraq, o, “33 yaşlı beyinə” sahibdir. Alimlər empatiya hissinin meditasiya ilə əlaqəsini də araşdırdı. Nəticə inanılmaz idi. Bu gün qlamur əyləncəsi sayılan meditasiyanın əslində nə qədər elmi tərəflərinin olduğunu görmək üçün bu bölümü qaçırmayın.

5. “Psychedelics” (Psixodelik)

Ölümü düşünməyən insan yoxdur. Amma bu hal bəzən cızığından çıxır. İnsan beyni hər saniyə ölümü düşünən bir mexanizmə dönür. Ölüm riskini dərk etmək önəmli bir xüsusiyyətdir. Bu, bizə sağ qalmaq üçün çalışmalı olduğumuzu diktə edir. Qorxunun təkamül izahı məhz belədir. Amma yəqin razılaşarsız ki, ölüm düşüncəsini kənara ata bilməmək həyatın hər sahəsində işinizi çətinləşdirir. Nəticə etibarilə, biz artıq hər an mamontun gələ biləcəyi bir mağarada yaşamırıq, təhlükəsizliyimiz daha çox təmin olunub. Bu cür “anxiety” vəziyyətində insanın xilas yollarından biri də psixodelik maddələrdə ola bilər. Gərginlik içində olan biri bu tip müalicədən sonra özünü minimum stress altında, daha rahat hiss edir. Depressiyadan əziyyət çəkənlər, siqaret aludəçiləri dərmanla dərdlərindən xilas olurlar. Bəs niyə? Bu maddələr necə işləyir? Bu maddələrə qarşı qorxu hissi nədən qaynaqlanır? Bütün bu suallar və cavablarını son bölümdə izləmək mümkündür.

“The Mind, Explained” təkcə informasiya vermir, o həm də ilham qaynağıdır: sahib olduğumuz sehrli alətimiz - beynimiz barədə daha çox araşdırma aparmaq üçün. Beyin barədə daha çox oxumaq, daha çox bilgi sahibi olmaq lazımdır. Hər halda, həyatımızda və onun formasında bir çox şey məhz beynimizdən asılıdır.

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...