Skip to main content

İsrailin İrana hücumu: fəlsəfi və sistematik düşüncə üçün bə'zi anlayışlar

 

13 iyun 2025-ci ildə İsrail İrana gözlənilmədən hücum edəndə əsas motivasiyasının İranı nüvə silahı əldə etməkdən məhrum qoymaq olduğunu bə’yan etdi. Amma bu hücum İran - ABŞ nüvə danışıqlarını sıradan çıxardı. Daha sonra İsrail rəsmilərinin, xarici ölkələrə sığınmış bə’zi iranlı dissidentlərin açıqlamalarında paralel motivasiya da özünü göstərməyə başladı, bu hücum həm də İranın demokratikləşməsi üçün fürsət kimi oxunmağa başladı.

Bu yanaşmalar iki fəlsəfi anlayışı üzbəüz qoyur: Utilitarizm - Deontologiyaya qarşı.

İsrail - İran müharibəsində sistemli və analitik müzakirə üçün bə’zi fəlsəfi anlayışlar üzərindən düşünmək olar. Öncə sualları dəqiqləşdirməklə həmin anlayışların sistematik izahına baxaq:

- İsrailin bu hücumda təməl motivasiyası nədir?

- İşğal və hərbi güclə bir ölkəyə “demokratiya gətirmək” mümkündürmü?

- Milyonlarla insanın xoşbəxtliyi üçün yüzlərlə, minlərlə insanın ölümünü legitimləşdirmək mümkündürmü?

- Dehumanizasiya nədir, necə işləyir və bu müharibə müzakirələrində özünü necə göstərir?

- Fəlsəfi müzakirələrdə hansı anlayışlara istinad etmək olar və onların əsas iddia, arqument, sual və problemləri nədir?

Əsas sualımızı tə’yin edərək, davam edək: Milyonlarla insanın xoşbəxtliyi üçün yüzlərlə, minlərlə insanın ölümünü legitimləşdirmək mümkündürmü? Bu haqda ətraflı danışarıq, öncə iddiaların özündəki manipulyasiyalara, propaqanda texnikalarına və məntiq xətalarına nəzər yetirək.

Legitimasiya (Legitimization)

Bu, hər hansı bir hərəkəti (mülki əhaliyə də hücumları ehtiva edən müharibəni) məqbul, zəruri və etik göstərmək üçün onun arxasında yüksək dəyərlərin (insan haqları, qadın haqları və s.) durduğunu iddia etməkdir. Beləliklə, mülki sakin ölümləri də universal humanist motiv əsasında legitimləşdirilir.

Çakaranda Ağacının Uşaqları kitabının müəllifi Sahar Delijani bununla bağlı qısa və təsirli bir yazı yazmışdı: “Mən bir İran həbsxanasında doğulmuşam. Ailəm onların həbsxanalarında olub. Qohumlarım onların kütləvi məzarlıqlarında yatır. İran rejiminin cinayətləri haqqında mənə deyə biləcəyiniz elə bir şey yoxdur ki, mən onu qanımda və canımda yaşamamış olum. Amma bu, xalqımın bombalanmasını, şikəst qoyulmasını, öldürülməsini, evlərinin xarabaya dönməsini istədiyim mə’nasına gəlmir. Əgər xilas (qurtuluş) vizyonunuz sadəcə mə’sum həyatların yox edilməsiylə gerçəkləşirsə, o zaman arxasınca düşdüyünüz şey - azadlıq deyil!”

False cause fallacy (yalnış səbəb-nəticə əlaqəsi) də iddiadakı manipulyasiya növlərindən biridi. Əgər məqsəd həqiqətən insan haqlarıdırsa, niyə Səudiyyə Ərəbistanı və ya digər avtoritar ölkələrə qarşı belə müdaxilə edilmir? Və yaxud, niyə Azərbaycandakı insan haqları pozuntuları üçün indiyə kimi bircə sanksiya belə tətbiq edilməyib? Bu, onilliklərdir davam edən ikili standart iddianı çürütmək üçün yetərlidi. Və yaxud, daha praktiki davam etsək, müharibə, zor yoluyla hansısa ölkəyə “demokratiya gətirmək” cəhdlərinin fəsadlarını İraqda, Əfqanıstanda, Liviyada və digər ölkələrdə görə bilərik.

Üstəlik, İran rejiminin xarakterini də unutmaq lazım deyil. Totalitar sistemlər üçün xarici düşmən anlayışı mərkəzi ideoloji və psixoloji vasitədi: bu, cəmiyyəti qorxu əsasında birləşdirmək, daimi təhlükə narrativi qurmaq, fərqli fikirləri susdurmaq və repressiyaları legeitimləşdirmək üçün istifadə olunur.

Hannah Arendt Totalitarizmin Mənşəyi (The Origins of Totalitarianism) əsərində bu mexanizmi çox dərindən təhlil edir: totalitar sistemlər o zaman sabit qalır ki, daimi müharibə və ya düşmənçilik vəziyyəti saxlanılır. Arendt deyir ki, totalitar rejim öz varlığını əsaslandırmaq üçün düşmənlə mübarizə rejimini daim aktiv saxlamalıdı. Bu ideoloji və emosional səfərbərlik olmadan rejim çökməyə başlayır. Totalitar sistemin ən böyük gücü reallığı yenidən dizayn etməsidi. Xarici düşmən mifi, sadəcə qorxu yaratmır; alternativ məlumat mənbələrini yox edir, insanları reallıqdan təcrid edir. Arendtə görə, bu rejimlər insanlarda düşünmək qabiliyyətini yox, inanmaq ehtiyacını prioritetləşdirirlər. İran rejimi də varlığını hər zaman ABŞ-İsrail - xarici düşmən mifi üzərində qurub. İsrail bu hücumla, ABŞ illərdir davam edən ağır sanksiyalarla bu narrativi gücləndirir, rejiminin “əlinə oynayır”. İran etirazlarında hökumət həmişə haqlarını tələb edənləri xarici agent elan etməklə - özünü müdafiə edib. Bu tip müdaxilələr rejimin dəstəkçilərini artırır, əhalini məhv olmamaq üçün hakimiyyət ətrafında birləşməyə va’dar edir. Azərbaycan və Türkiyədə də bu narrativin necə işlədiyini asanlıqla müşahidə etmək mümkündü. Qısası, İsrailin bu hücumu İranla nüvə razılaşması ilə bitsə, müdaxilə insanları rejimə qarşı qaldırmaqdan çox, onun ətrafında sıx birləşdirəcək.

İrandakı rejim dəyişikliyi müqabilində yüzlərlə insanın ölümünü müdafiə etmək bizi Utilitarizmə aparır. Utilitarizm, əxlaqi bir nəzəriyyədi və əsas prinsipi budu: ən çox insan üçün ən çox xoşbəxtlik və ya fayda yaratmaq düzgün hərəkətdi. Yə’ni, milyonlarla iranlının azadlığı, xoşbəxtliyi və faydası tə’min olunacaqsa, bu hücumu legitimləşdirmək mümkündü.

- Etik dəyər, bir hərəkətin doğurduğu nəticələrlə ölçülür;

- Ən yaxşı hərəkət o sayılır ki, cəmiyyətin ümumi rifahını maksimuma çatdırsın;

Akt utilitarizmi - hər konkret vəziyyətdə hansı hərəkət daha çox fayda gətirirsə, onu seçmək doğrudu;
Qayda utilitarizmi - fayda gətirən ümumi qaydalar müəyyənləşdir və bu qaydalara əməl et.

Utilitarizmin problemlərini 4 əsas başlıqda birləşdirə bilərik:

Ədalət problemi - 10 nəfərin xoşbəxtliyi üçün 1 insanı qurban vermək - utilitarist baxışla doğru ola bilər, amma əxlaqi doğruluğu mübahisəlidi;

Azlıq hüquqları - bu yanaşma ilə azlıqda olan qrupların rifahı əhəmiyyətini itirə, çoxluğun xoşbəxtliyinə qurban verilə bilər;

Ölçüləbilməzlik - kiminsə xoşbəxtliyini, faydasını necə, hansı me’yarlarla ölçüb, necə müqayisə edəcəksən?

Niyyət əhəmiyyətsizliyi - bu yanaşma ilə aktın arxasındakı niyyət əhəmiyyətini itirir, çünki yalnız nəticə vacibdi. Amma bu da əxlaqi intuisiya ilə ziddiyyət yaradır.

Bu anlayışa qarşı ən klassik nümunə Immanuel Kantın deontoloji etikasıdı. Kant deyirdi ki, əgər əxlaqlı olmaq istəyiriksə, bizə şərtsiz, universal bir prinsip lazımdı. Bu, vəzifə yönümlü əxlaqdı. Əxlaqın əsasını nəticələr yox, əxlaqi vəzifə və niyyət təşkil edir.

- Əxlaq istək, maraq və duyğulara deyil, ağlın öz prinsiplərinə əsaslanmalıdı;

- Əxlaqi davranış - azad iradə ilə, daxili borc hissiylə ediləndi.

Əxlaqi davranışımın səbəbi onun nəticəsi deyil, sadəcə düzgün olan budu! Kategorik imperativ Kantın əsas əxlaqi me’yarıdı. Hərəkətləri bu prinsipə uyğun dəyərləndiririk: elə hərəkət et ki, davranış qaydan ümumi bir qanuna çevrilə bilsin. Yə’ni, əgər sən etdiyin hərəkəti hər kəs etsəydi, dünya yaşanmalı bir yer olardımı?

Kontekstə salsaq; hətta İsrailin niyyətini saflaşdırsaq belə, dünyada bütün dövlətlər İsrail kimi davransa və demokratiya, insan, qadın haqları na’minə müharibə və bombalama yolunu seçsə, bizi necə bir gələcək gözləyərdi?

Burada qısa bir haşiəyə də çıxmaq lazımdı. Xüsusilə Yaxın Şərq insanlarının ölümü rəqəmlərə çevrilib, adiləşdirildiyi üçün insanlar riyazi-statistik hesablamalar apara bilirlər. Bunun əsas səbəblərindən biri Dehumanizasiyasıdı.

Dehumanizasiya - bir insanı və ya insan qrupunu insanlıqdan çıxararaq, onları aşağı varlıq, obyekt, heyvan, mikrob və ya düşmən simvolu kimi təqdim etmə prosesidi. Bu, xüsusilə zorakılığı, diskriminasiyanı və ya qətliamları haqlı göstərmək üçün istifadə olunur. İsrailin artıq keçmiş müdafiə nazirinin Qəzza sakinlərini “heyvan-insan” adlandırması kimi…

Bu narrativi qırmaq üçün fərdi hekayələrə fokuslanmaq, onları izləmək və həmin insanları canlı, yaşayan varlıq kimi zehnimizdə yenidən dizayn etmək lazımdı.

Tehran hücumlarının birində öldürülən Niloufar Ghalehvand (atası və anası da həlak olub) 32 yaşlı pilates instruktoru idi və yeni yaratdığı Instagram kanalını inkişaf etdirmək üçün planlar qururdu. Onun dostu Ghazal (şərti ad) deyir ki, Niloufar ümid dolu bir insan idi: “Kafedə oturub, kofe içirdik. O dedi: ”İran çox gözəldi. Kaş ki, biz də digər ölkələrdə olduğu kimi sülh içində yaşayardıq”. Ghazal dostunun ölümünə hələ də inana bilmədiyini deyir, əlavə edir ki, onlar 28 iyunda Niloufar-ın 32-ci ad gününü keçirməyə hazırlaşırmışlar.

Yə'ni, əgər dehumanizasiya xaricində düşünürüksə, eyni mövzuda şəxsi ölümümüzü, yaxınlarımızın qətliamını da gözdən keçirməliyik. Sabah eyni şey, eyni iddia ilə Azərbaycana qarşı edilsə...

Media bu hekayələri təqdim etməməklə, tərəfli təqdimatla ölən insanları rəqəmlərə çevirir və beləliklə - milyon insanın “xoşbəxtliyi və azadlığı” qarşılığında amansız müharibə legitimlik qazanır. HRANA - İran İnsan Haqları Aktivistlərinin xəbər agentliyi məlumat yayıb ki, İsrail hücumlarının 6-cı günündə 639 nəfər həyatını itirib. 1329 yaralının da olduğu bildirilir. Bə’zi mənbələr artıq 20 uşağın müharibə qurbanı olduğunu bildirir.

İsrail hazırda dünyada ən önəmli insan haqları təşkilatlarının genosid törətməkdə ittiham etdiyi bir dövlətdi. Belə bir gücün hansısa əraziyə demokratiya aparmaq iddiası gülünc olsa da, minlərlə insan tərəfindən mənimsənir.

İran rejimi, onun əməlləri müharibəni, zorakılığı, uşaq-yaşlı-gənc ölümünü legitimləşdirə bilməz. Üstəlik, bu hücumun nüvə danışıqlarının sülh yolunu blokladığını da unutmamaq lazımdı. Yox, həqiqətən İrandakı insan haqları, qadın haqları mövzusu sizi narahat edirsə, yenə Sahar Delijani-nin bu qısa çağırışına qulaq verin, İraq və Əfqanıstanda olanları göz önündən keçirin:

“Tarix dərsi:

İran - İraq müharibəsinin son ilində İran rejimi minlərlə siyasi məhkumu e’dam edib, kütləvi məzarlıqlara gömdü. Unutmayın! Müharibə sadəcə dağıntı gətirmir! O, diktatorlara dirənən hər kəsi qətl etmək üçün bir lisenziya halına gəlir…”

Bu tip yazıların davamı üçün mənə KofeAl-dan ianə edərək dəstək ola bilərsiniz

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...