Skip to main content

Fəlsəfə nədir? - Seriya, III hissə: fəlsəfə və dinin fərqi, inanc nədir, sərhədləri harada bitir?

 

Fəlsəfə və din arasında hansı fərqlər var? Bir fikrin iman, inanc sahəsində sayılması hansı halda mümkündü? Dinin sərhədlərini müəyyən etmək üçün imanın da legitimlik sərhədlərinə baxmalıyıq. Mənim inancıma görə, qadınlar kişilərdən daha az zəkaya sahibdi, buna görə kişilərə daha çox haqq verilməlidi - bəyanı inanc sferasına girirmi? Mənim inancıma görə, bütün qadınlar örtünməlidi - bəyanı bəs? Mən Tanrıya inanıram - bəyanı necə?

Dini bilgi ilə elmi və ya fəlsəfi bilgi qaynaqları, strukturları, məqsədləri baxımından fərqlənir. Hətta demək olar ki, dində elm və fəlsəfədə anlaşıldığı mə’nada bir bilgidən söhbət gedə bilməz. Din - insan həyatını onun yaşadığı kainatla müəyyən qədər qaneedici və mə’nalı bir əlaqəyə daxil etmə cəhdi və insan fəaliyyətlərinin idarəsində müdriklik təmin etmə təşəbbüsüdü. Amma din bunu intellektual plandan çox praktiki və emosional fazada reallaşdırmağa çalışır. Din insanın dünyanı bilmək ehtiyacından çox dünyaya və onu idarə edən prinsipə, Tanrıya, insan həyatının bir mə’nasının olmasına inanmaq ehtiyacına cavab verir.

İnanmaq və bilmək arasında isə açıq fərq var. Bilinən şeyə inanılmır, o şey sadəcə bilinir. Deyək ki, cihazdan hazırda olduğum otağın temperaturunun 28°C olduğunu öyrəndim. Bu bilgiylə bağlı ona həm də inandığımı deməyimin məntiqli anlamı yoxdu. İnanılan bir şey isə bilinmir, daha doğrusu, dində söhbəti gedən iman (faith, foi) mə’nasında - yə’ni gerçək, saf anlamda inanmaqda inanılan şeyin bilinməyə ehtiyacı yoxdu; o, hər hansı bir bilgi ilə təsdiqlənməyə ehtiyac duymadığı kimi, hər hansı bir qarşı-bilgi ilə təkzib oluna biləcək bir quruluşa və xüsusiyyətə də malik deyil.

İman mə’nasındakı inancın mövzusu olan şey struktural olaraq bir bilgi ilə dağıdılacaq şey deyil, elə olmamalıdı da.
Əgər mən Tanrı varlığına inanıramsa, hansı bilgi bunu aradan qaldıra bilər? Aparılan elmi araşdırmalarda bir yaradıcı izinə rastlanmaması, Yuri Qaqarinin kosmosa çıxanda Tanrını orada görməməsi? Buna cavabım belə olacaq: kim dedi ki, Tanrı göydədi və ya ümumiyyətlə cismani bir varlıqdı? Bu dünyada əzab çəkən insanları mənə göstərib, Tanrı varsa, bunlar nədir - desən, sənə o biri dünyada ədalətin bərqərar olacağı ilə bağlı moizə oxuya bilərəm.

Dinlər onlara inanan insanlardan bilgi də istəmirlər, çünki bilgini özlərinin verdiyini iddia edirlər. Dinin istədiyi verdiyi bilgiyə inanmağın, ona iman etməyindi. Əgər bilmək iman etməyin və ya inanmağın yerini tuta bilsə və ya iman edilən şey, eyni zamanda bilinməsi struktural olaraq mümkün bir şey olsaydı, onda dinə ehtiyac qalmaz, bir müddət sonra inancın yerini bilgi alardı.

İman insanın bir şey, bir varlıq, bir dəyər barədəki bilgi əskikliyindən ötrü keçici bir müddət üçün mənimsənən və bu mövzuda dəqiq, güvənilən bilgilərə çatandan sonra yerini bu bilgiyə verməli olan zehni fəaliyyət və ya bir ruhi təsdiq deyil. İman bir varlıq və ya bir dəyərlə bağlı bilgidən asılı olmayaraq mənimsənən və hər hansı bir qarşı-bilgi ilə aradan qaldırılması mümkün olmayan, çünki insan ruhunun ayrı bir səviyyəsinə aid olan orijinal bir zehni fəaliyyət və ya ruhani-iradi bir təsdiqdi. Qısası, bir şeyə inanmaq, ona iman etmək və onu bilmək arasında heç vaxt doldurula bilməyəcək bir aralıq, məsafə olacaq.

Deməli, insanların ancaq hər hansı bir bilgiylə aradan qaldırılmayacaq varlıqlara, dəyərlərə inanmaqları ağlabatan və qəbulediləbilən ola bilər. İmanın həqiqi bir dəyər ifadə edəcəyi, insan həyatı üçün həqiqətən anlamlı ola biləcəyi yer ancaq budu. Bunun xaricindəki şeylərə inanc (o halda, doğru anlamda inanc deyil) - batil inanc - yə’ni, səhv olduğu çox açıq bilinən və bilinəbilən olan cəfəng inancdı. Məsələn, kimsə məntiqli və mə’nalı bir tərzdə qadınların kişilərdən daha az ağıllı olduğuna, buna görə də kişilərə daha çox haqq verilməli olduğuna inana bilməz. Çünki bu, hamının praktiki-empirik təcrübəsi içində səhv olduğunu gördüyü bir şey olmaqla bərabər, elmi-psixoloji araşdırmalar, testlər tərəfindən də doğrulanmayan bir tezdi. Ona görə də, insana uyğun, insani varlıq üçün qəbul ediləbilən, dəyərli inanc ancaq həqiqətən hər hansı bir növ bilgiylə aradan qaldırılması mümkün olmayan varlıqlara, şeylərə və dəyərlərə inanc ola bilər.

İddia budu ki, inanc - əsaslandırma tələb etmir, mənim inancıma görə, dünyanı Tanrı yaradıb - deyə bilirəmsə, qadınların kişilərdən daha az ağıllı olduğuna, buna görə də kişilərə daha çox haqq verilməli olduğuna inanıram da deyə bilməliyəm.

Belə müzakirədə ilk istinad nöqtəmiz bu olacaq: Tanrı inancı metafizikdi - yə’ni, yoxlana bilməyən sahədə mövcuddu: o, nə təsdiqlənə bilər, nə də təkzib edilə bilər. İman anlayışını bu sərhəd daxilində dəyərləndiririk. Allah var - deyib, bunu təcrübə ilə sübut etməyə çalışsan, elmi sahəyə girərsən, Tanrıya inanıram - bəyanı isə iman sahəsində qalır.

Qadınların daha az zəkaya sahib olması barədə iddia isə həm də empirik iddiadı, yə’ni yoxlana bilər, təsdiqlənə və ya təkzib edilə bilər. Psixologiya, neyrologiyanın mövzusu olan empirik bir iddiadan danışırıq, metafizik inancdan yox. Test oluna bildiyi və əleyhinə sübutlar olduğu üçün, bu, inanc deyil, hətta diskriminasiyadı.

İnanc - normativdi: sənə necə yaşamalı olduğunu deyir.
Bu iddia isə deskriptivdi: dünyəvi faktdan danışır, sosial nəticələri ola bilər. Əgər bir deskriptiv iddia sistematik ayrı-seçkiliyə, hüquq bərabərsizliyinə səbəb olursa, onu sadəcə inanc kimi qorumaq olmaz. Bu fikir ona görə iman fazasında müzakirə edilə bilməz..

Bu material tamamilə Ahmet Arslanın - Fəlsəfəyə Giriş kitabı əsasında hazırlanıb. Belə materialların davamı üçün mənə KofeAl platformasından ianə edərək dəstək ola bilərsiz.

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...