Skip to main content

Spinoza Tanrısı nədir və onun Məhəmmədin Tanrısından fərqləri hansıdır?

 

Spinoza Tanrısı fəlsəfənin ən həyəcanlı ifadələrindən biridi. Dindarlar bu anlayışdan istifadə edib, öz tanrılarını legitimləşdirməyə cəhdlər edirlər, təbiətçilər isə öz tanrı anlayışlarını. Bəs, Spinoza Tanrısı ilə Məhəmmədin Tanrısı arasında hansı fərqlər var? Spinoza Tanrı deyəndə nəyi nəzərdə tuturdu?

Spinoza Ethica-nın ilk bölümündə Tanrı anlayışını, Substans, Atribut və Mod konseptlərini açıqlayır. Başdan deyək ki, onun Tanrı anlayışı klassik teizmdəkindən çox fərqlidi. Spinoza Tanrısı nə üstün bir varlıqdı, nə də əxlaqi qaydaqoyan. O - təbiətin özüdü - Deus sive Natura.

Əvvəlcə, qısaca profil - Spinoza kimdir?

Baruch (de) Spinoza - (1632-1677) portuqal-yəhudi əsilli, Dutch Respublikasında doğulan Aydınlanma Çağının öncüllərindən olan filosof. O, erkən modern çağın ən vacib və ən radikal filosoflarından biri kimi tanınır. Stoaçılıq, Thomas Hobbes, René Descartes, İbn Tufayl kimi filosoflardan təsirlənib, René Descartes və Gottfried Wilhelm Leibniz ilə birlikdə 17-ci əsrin ən təsirli filosoflarından sayılır. Rasionalizmlə adı çəkilir, modern dini tənqidin qurucularından sayılır.

Bu gün dindarlar ona səhvliklə çox istinad etsələr də, 1656-cı ildə Amsterdam yəhudi cəmiyyətindən lənətləmə ilə xaric edilmişdi. Çünki o vaxt 23 yaşı olan Spinoza Tanrı anlayışına dair qeyri-ənənəvi baxışlar gətirirdi, ölümsüzlük və müqəddəs mətnlərə dair tənqidi münasibət göstərirdi. Lənətlənəndən sonra Spinoza sakit həyat sürdü, optik linzalar düzəldərək dolanırdı. Heç vaxt evlənmədi, siyasi və dini cəmiyyətlərdən uzaq dayandı. Ən məşhur əsəri olan, bu gün fəlsəfənin baş taclarından sayılan - Etika yalnız onun ölümündən sonra - 1677-ci ildə dostları tərəfindən nəşr olundu.

Substans

Spinoza metafizikasının təməl anlayışıdı. Substans - özü üçün var olan, mövcud olmaq üçün başqa bir şeyə ehtiyac duymayan bir şeydi: öz-özüylə qavranan şey.

Sadə izah: hər bir başqa varlıq - məsələn, ağac, masanın mövcudluğunu izah etmək üçün nəyinsə, yə’ni, substansın mövcudluğuna ehtiyac duyuruq. Substans özü isə “causa sui” - öz-özünü törədən, öz səbəbidi. Onun var olması üçün başqa heç bir ilk varlığa ehtiyac yoxdu. Spinoza deyirdi ki, təkcə bir Substans var və o - Tanrıdı. Tanrı - mütləq olaraq sonsuz substansdı. Tanrı sonsuzluğu onu məhdudlaşdıran başqa bir şeyin olmamasından qaynaqlanmır. O, hər şeyi ehtiva etdiyi üçün sonsuzdu.

Beləliklə, Spinoza burada üç növ substansiyadan (Tanrı, zehin, maddə) bəhs edən Descartes-dən ayrılır. Spinoza deyir ki, təkcə bir substans var; zehin və maddə bu substansın fərqli görünüşləridi.

Substans bir az qarışıq ola bilər, onu daha sadə izah edək. Hər şeyin başlanğıcının Böyük Partlayış olduğunu iddia edəndə gələn refleksiv sualı düşün - nə partladı? Bu, substans axtarışıdı: Big Bang-də nə partladı sualı əslində substans nədi, varlığın əsası nədi, bir şey necə başlayır? kimi daha də'rin fəlsəfi sualların gündəlik dildə ifadəsidi. Fəlsəfədə Substans anlayışı qədim dövrlərdən bu günə qədər metafizikanın mərkəzi anlayışlarından biridi. Latınca altında duran, əsas deməkdi. Fəlsəfədə substans deyəndə, öz-özünə mövcud olan, var olmaq üçün başqa bir şeyə ehtiyacı olmayan şey başa düşülür: bütün dəyişənlərin arxasında duran, özü dəyişməyən bir varlıq təməli.

Aristoteles substansı ousia adlandırırdı, onu bir şeyin mahiyyəti kimi başa düşürdü. Məsələn, bir ağac dəyişir: yarpaqları tökülür, böyüyür, amma o hələ də ağac olaraq qalır. Onun substansı - ağaclığı isə qalıcıdı. Substans anlayışı, fəlsəfənin ən fundamental suallarına cavab axtarışıdı: nə mövcuddu? Dəyişməz olan nədi? Bir şey nə sayəsində o şey olaraq qalır?

Atribut (Sifət)

Substans sonsuz Atributlara (sifətlərə) sahibdi, amma biz insanlar təkcə ikisini qavraya bilərik: düşüncə (cogitatio) və yer, həcm (extensio). Bu atributlar substansın özünüifadə tərzləridi, substansı qavrama yoludu. Zehin və bədəni eyni şeyin iki fərqli atributda (sifətdə) təzahürü olaraq anlamalıyıq. Descartes-in Kartezian dualizmi ilə fərq burdadı: zehin və bədən ayrı substansiyalar deyil.

Düşüncə (cogitatio) Atributu üzrə Nümunə:

- Səhər yuxudan oyananda ağlına gələn ilk fikri düşün: məsələn, pəncərədən baxıb, bu gün hava necə olacaq? - deyə düşünmək. Burada baş vermiş fəaliyyət - fikir yürütmək, şüur içində avtiv proses keçirmək - düşüncə atributunun bir modudu. Yə’ni, ağlındakı şüur, duyğu və analiz Spinoza baxımından substansın düşüncə atributu vasitəsilə ifadəsidi.

Həcm (extensio) Atributu üzrə Nümunə:

- Əllə masaya toxunmaq: Əlin fiziki varlığı, masanın üstündə tutduğun yer, onun sərtliyi və həcmi - bütün bunlar həcm atributunun ifadəsidi. Sənin bədənin və masanın material varlığı məkan içində ölçülür və hiss olunur; bu da substansın həcm atributı altında qavranan modlardı.

Mod

Spinoza metafizikasında Mod - substansın bəlli bir tərzdə varolmasıdı. İndividual varlıqlar - insanlar, daşlar, fikirlər - Modlardı. Onlar Substansın zəruri təbiətindən çıxan ifadələrdi: hər şey məcburi olaraq Tanrı təbiətindən, tanrı təbiətinin zəruriliyi ilə doğulur. Yə’ni, Modlar - təsadüfi deyil, zəruridi. Bu zərurilik səbəbiliklə eyniləşdirilir: Tanrı - səbəbilik zəncirinin başlanğıcındakı ilk səbəb deyil. Spinoza Tanrısı səbəb deyil, birbaşa səbəblərin strukturudu. Hər şey Tanrının təbiətində zəruri olaraq var, çünki Tanrı öz səbəbidi.

Deus sive Natura

Spinoza Tanrı və Təbiəti eyniləşdirir. Burada təbiət iki formada anlaşılır:

Natura naturans: Doğan təbiət - təbiəti əmələ gətirən prinsip. Bu, Tanrının fəal, yaradıcı təbiətidi;

Natura naturata: Doğulan təbiət - mövcud olan bütün şeylərin cəmi. Bu, Tanrının modlar şəklində ifadə olunmuş məhsuludu.

Beləliklə, Tanrı - doğan qüvvə, Təbiət isə - Tanrının zəruri yaradılışıdı. Spinoza burada Tanrını yüksək mövcudluqdan çıxarır, bütün varlıqda işıqsaçan immanentlik (içkinlik) prinsipinə çevirir. Tanrı - təbiətin kənarında deyil, təbiətin özü, təbiət prosesinin içində immanent bir prinsipdi.

Burada iki anlayışı aydınlaşdırmaq yerinə düşər:

İmmanent (içkin) - bir şeyin öz daxilində, öz təbiətində mövcud olması, başqa bir müstəvidən gətirilməməsi. Xüsusiyyəti odu ki, mənbəyi və mahiyyəti özünə xasdı, xarici bir qüvvə və ya prinsipə ehtiyacı yoxdu. Spinoza-da Tanrı = Təbiət immanentdi - yə’ni, Tanrı məhz təbiətin içində, onun özündə var.

Transendent (aşkın) - bir şeyin varlıqda özündən kənarda, xarici, daha uca bir müstəvidə yerləşməsi. Xüsusiyyəti odu ki, daxili təbiətdən kənara çıxır, xarici bir qaynaqdan və ya prinsipdən qaynaqlanır. Klasik teizmdə Tanrı transendentdi - kainatı yaradan, ancaq yaradılışın özündə iştirak etməyən müstəqil varlıqdı.

Spinoza deyir ki, Tanrı bütün şeyləri özünün zəruri təbiəti içində bilir. Bu bilgi xarici bir müşahidəylə yox, daxili özlər vasitəsilə reallaşır. Spinozanın bilgi növlərindən üçüncüsü - intuitiv bilgidi. İntuitiv bilgi Tanrı bilgisinə ən yaxın bilgi formasıdı. Tanrı şeyləri bu şəkildə bilir: əzəli, əbədi və zəruri. Onun bilgisi insani anlamda zehni bilgi deyil, varoluşun birbaşa özüdü. Tanrının iradəsi də seçim və ya keyfi deyil. Tanrı nə istəyir, nə də istəmir - təbiəti necədirsə, şeylər də elə olur. Spinoza klassik teizmdəki azad iradəyə sahib Tanrı anlayışından beləcə uzaqlaşır. Spinoza Tanrısı istəmir, çünki onsuz da başqa cür olması mümkün olmayanı var edir. Beləliklə, zərurilik təkcə təbiət üçün yox, tanrı üçün də keçərlidi.

Spinoza Tanrısı əxlaqi mühakimələrin nəsnəsi deyil. O, nə yaxşıdı, nə pisdi, nə ədalətlidi, nə zalımdı. Çünki sifətlər insanmərkəzlidi, bu, Tanrının özünə aid deyil. Spinoza deyir ki, Tanrını insan kimi düşünənlər yalnız xəyal gücüylə hərəkət edənlərdi.

Tanrını Transendent yox, İmmanent olması onunla münasibəti də dəyişir. Spinoza üçün Tanrıya yanaşmaq bir dua, ibadət, itaət məsələsi deyil. Tanrı təbiətinə uyğun bir düşünmə və yaşama praktikası içində olmaq ona yanaşmağın tək yoludu və Tanrıyla bir olmaq onun təbiətini anlamaq və təbiətin tələb etdiyi formada davranmaqdı.

Beləliklə, Spinoza Tanrısı Məhəmmədin, İsanın və Musanın Tanrı anlayışından fərqlidi. Amma bu Tanrı təkcə təbiət fəlsəfəsi ilə də açıqlana bilməz. Spinoza tanrısı təkcə fiziki dünyanın bütünlüyü deyil, intellektual bir zəruriliyin də ifadə formasıdı. Spinoza Tanrısı deyəndə biz Transendent (üstün) olanı nəzərdə tutmuruq, zəruri olanı, mütləq səbəbiliyi və immanent strukturu nəzərdə tuturuq. Tanrı - sadəcə kainatın bir adı deyil, onun strukturu, forması və məntiqi zərurətidi. Beləliklə, Spinoza Tanrısı bilinə bilən, qavranabilən və və bu qavrama ilə insanın səriştəsini artırmağa imkan verən bir prinsipdi. Tanrı bilgisi - azad olmağın da bilgisidi. Tanrının zəruri təbiətini qavrayan, onunla ahəng içində yaşamağa başlayan fərd duyğuların və xarici təsirlərin də köləliyindən xilasolma yoluna girir.

Məhəmmədin və ya İsanın tanrısı ilə Spinozanın Tanrısı arasında aşağıdakı konkret fərqlər ortaya çıxır.

Məhəmmədin tanrısı kainatın xaricində dayanır, Spinozanın Tanrısı isə kainatın özüdü;

Məhəmmədin tanrısı möcüzələrlə müdaxilə edə bilir, Spinozada möcüzə anlayışı yoxdu;

Qur’an kimi vəhy mənbələri var, Spinozada vəhyə yox, ağıla və təbiət qanunlarına istinad var;

Məhəmmədin tanrısı sərhədlənmiş ilahi xüsusiyyətlərə sahibdi - mərhəmətlidi, qüdrətlidi, hikmətlidi, Spinoza tanrısı nə yaxşıdı, nə pisdi, nə ədalətlidi, nə zalımdı.

Birincisi kitablarla əmrlər verir, qadağalar qoyur, gayları sevmir və s., ikinci üçün belə özəlliklər yoxdur. 

Bu tip materialların davamı üçün mənə kofeal platformasında ianə edərək dəstək ola bilərsiniz.

Mənbə: Filomythos

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...