Skip to main content

Məktəblərdə kart sistemi - Foucault ilə analiz

 

Uşaqlar bizim gələcəyimizdir. Bu sözü bir güc fiqurunun işlətməsi nə qədər xoşməramlı görünsə də, bir o qədər təhdidkardır.
Qafqazinfo yazır ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 3 №-li tam orta məktəbdə şagirdlərin davranış və dərs nailiyyətlərinin sarı, qırmızı və yaşıl kartlarla qiymətləndirilməsi valideynlərin narazılığına səbəb olub.

Sistem yeni yaradılıb, qırmızı vizual kart ən aşağı qiymətləndirmədir və üzərində bu sözlər yazılıb: “Sənin davranışın məktəb qaydalarına ciddi zidd olub. Bu kart intizam komissiyasında müzakirə olunacaq məsələdir. Unutma: səhv etmək insani haldır, amma onu təkrarlamamaq məsuliyyətli addımdır.”

Məktəbi intizam məkanı kimi görmək lazımdır. Foucault deyir ki, məktəb sadə təhsil müəssisəsi deyil, gücün gündəlik, incə və çoxsaylı texnikalarla tətbiq olunduğu bir intizam məkanıdır. Güc - sirkulyasiyadadır ifadəsi məhz bu toru yaxşı aydınlaşdırır. Gücün müxtəlif intizam məkanlarında (məktəb, xəstəxana, həbsxana və s.) müxtəlif idarəetmə mexanizmləri sınaqdan keçirilir. Uğurlu alındıqca bu model digər institutlara da keçir. 
Masazırda tətbiq olunan kart sistemi davranışları sadə simvollara çevirir, (rəng, etiket) onları ölçüləbilən hala gətirir. Məktəb ağıllı uşaq - intizamlı uşaq (yaxşı vətəndaş) norması yaradır və uymayanları tərbiyələndirməyə çalışır. Çünki müasir Gücə - itaətkar, funksional bədənlər lazımdır. O, bu normativə uymayanları tərbiyələndirmə əsasında özünü realizə edir.

Panoptikon metaforası, yə’ni, daimi müşahidə ehtimalı - subyektin özünü daim görünür hesab etməsi nəticəsində özünü tənzimləməsi burda işləyir. Kart sistemi şagirddə “mən hər an görünə bilərəm” təsəvvürü yaradır, o, Gücü daxililəşdirməyə başlayır. Kart sistemi xarici güc - müəllimi daha az görünən edir, davranışlar öz-özünə intizamlaşır.

Normativ meyarların tətbiqi bunları ehtiva edir:
- şagirdləri kateqoriyalara ayırır (yaşıl - normal, sarı - xəbərdarlıq, qırmızı - pozuntu);
- nəticədə hansı davranışların normal olduğu müəyyənləşir və normaya uymayanlar lazımi tədbirə mə’ruz qalır.
İtaətkar bədən belə yaradılır, Güc diffuzlaşır, sinifdən, müəllimdən, elektron qeydiyyata qədər hər tərəfə sızır.

Rəsmi qurumun sorğuya cavabı budur: “...“virtual kart”lar hazırda demək olar ki, bütün təhsil müəssisələrinin intizam qaydalarında təsbit edilib. Burada məqsəd şagirdlərdə intizam, sosial məsuliyyət, davranış mədəniyyəti formalaşdırılmasına dəstək vermək, məktəbdə sağlam mühit formalaşdırmaqdır. Tətbiq olunan virtual sarı və qırmızı kartlar cəza vasitəsi deyil, bu mexanizm intizam pozuntularının qeydiyyatı, təhlili və şagirdlərə vaxtında pedaqoji-psixoloji dəstəyin göstərilməsi üçün nəzərdə tutulub”.

Rəsmi açıqlamada dövlət vurğunu “dəstək”, “psixoloji-pedaqoji yardım”, “sağlam mühit” kimi sözlərə edir. Bu, pastrol güc texnikasıdır: hakimiyyət özünü qayğıkar, rifah yönümlü göstərərək subyektlərin özünüidarəsinə tə'sir edir. Yə’ni güc xeyirxah” imicində gəlir ki, daha tə’sirli, emosional görünsün, o zaman tənqid və müqavimət zəifləyə bilər. Amma valideynlər narazılıq edirlər. Bu barədə “Qafqazinfo”ya bir qrup valideyn müraciət edib, deyiblər ki, “uşaqların düşüncəsi ilə yanaşdıqda bu, onlarda psixoloji gərginlik və motivasiya itkisinə yol aça bilər. “Qırmızı kart” alan şagirdlər sinif yoldaşları qarşısında fərqləndirildiyi üçün özlərini təhqir olunmuş kimi hiss edir, nəticədə dərsə maraqları azalır. Axı bu metod uşaqlar arasında xüsusən ibtidai sinif mərhələsində özünəinamın zəifləməsinə və sosial təcrid hissinə səbəb ola bilər!”

Bu tətbiqin psixoloji tə’sirləri barədə də geniş danışılmalıdır. Kart sistemi etiketləşmə və stiqmatizasiya perspektivindən risklidir. Bu disiplinar arxiv - “virtual” qeydlər gələcəkdə qərar və seleksiyada istifadə oluna bilər. Güc öz institutları arasında mübadilə apararaq, fərdi hər zaman nəzarətə götürə bilir. İş müraciəti edəndə də məktəbdəki davranışın əsas meyarlardan biri olacaq. Şagirdlər davranışlarını daha çox normaya uyğunlaşdırmaq üçün daxildən məhdudlaşacaqlar, yaradıcılıq, tənqidi düşüncə zəifləyəcək. Üstəlik, Azərbaycan üçün normaların nələr olduğunu düşündükcə, bu Gücün dəhşəti daha aydın olur. Hansısa xəyali milli-mənəvi dəyərlərlə insan yetişdirməyin daha bir nümunəsidir - kart sistemi. Kim qalacaq onun xaricində? Əlbəttə, həssas qrup uşaqlar. Artıq müəllimlərin əxlaq polisliyi rəsmi icazə alır. Naxçıvanda təcavüzə mə’ruz qalmış uşağın məktəbdən qovulmasını xatırlayın. Həmin uşaq da normaya uymurdu deyə ona “kart” göstərilmişdi. Üstəlik, qərarverən - müəllim, komissiya ilə qiymətləndirilənlər - uşaq arasında asimmetrik güc münasibətləri var. Apellyasiya sistemi olacaqmı? Məktəb - hansı psixoloji yardımları nəzərdə tutur? Həmin psixoloqlar olacaq ki, onlar bullinqə mə’ruz qalmış uşağa bullinq edirlər?

Bir müddət sonra intizamı pozan uşağın valideynini cəzalandırmağa başlayacaqlar?!

Bəli, uşaqlar onların gələcəyidir - gələcək işçi, gələcək vergi ödəyicisi, gələcək mə’mur, gələcək fərd. O indidən normal, əsl azərbaycanlı vətəndaş olmağı öyrənməlidir.. Distopian sayılmayacaq bir gələcəkdə bütün fərdlərin elektron kartları olacaq - normal vətəndaş spektrumunda hansı yerdə olduqları göstəriləcək. Dövlət sosial yardımları, güzəştləri də bu spektruma uyğun edəcək..

Bu tip materialların davamı üçün mənə kofeal platformasında ianə edərək dəstək ola bilərsiniz.

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...