İstənilən mövzu barədə düşünəndə parçalı bilgilərdən və qərəzlərimizdən yola çıxıb, obyektiv həqiqətə çatmağa çalışırıq. Bu istiqamətdə çoxşaxəli problemi sadə nəticələrə reduksiya edirik. Hazırda davam edən İran etirazları üçün də bu məntiq keçərlidir: bunlar Qərbin oyunudur, iranlılar şah istəyir və s. Britaniya, ABŞ mediası üçün etirazçılar "Şahçı" kimi görünə bilərlər; çünki mikrofona danışan həmin qrupun səsi daha gurdur və Qərb üçün "Şah" obrazı başa düşülən, təhlükəsiz, "kostyumlu" bir alternativdir. Amma Bəlucistanda, Kürdüstanda, Təbrizdə və ya Tehranın yoxsul məhəllələrindəki etirazçıların Şahla heç bir əlaqəsi olmaya bilər. Onlar bəlkə də, ki, böyük ehtimalla, sosial ədalət və ya sadəcə çörək istəyirlər. Biz "Baxış A"nı həqiqət kimi qəbul edirik, halbuki, "Şahçı şüarlar" bəlkə də sadəcə mediada "trend" olanlardır. Bizim "iranlılar Şah istəyir" zənnimiz, bəlkə də, real İran xalqının səsini deyil, Qərb mediasının əks-sədasını eşitdiyimizi göstərir. Bəlkə də, obyektiv sual budur: niyə media bunu göstərir?
Media/Sistem xaosu sevmir - hər şeyə bir ad qoymaq istəyir. Bizim beynimiz də hadisələri sadə nəticələrlə qavramağa çalışır. Reallıqda isə İran etirazları lidersiz, struktursuz və polifonikdir.
- Bir qrup qadın azadlığı istəyir;
- Bir qrup işçi maaş istəyir;
- Bir qrup inflyasiyaya etiraz edir;
- Bir qrup milli haqlarını istəyir.
Media bu qarışıqlığı Qərb tamaşaçısına satmaq üçün onu sadələşdirməlidir. Amma bəlkə sürü artıq çoban istəmir? Biz medianın hansı qrupları göstərmədiyinə baxmalıyıq.
- Solçular və Kommunistlər: şah dövründə ən çox əzilən, həbs olunanlar onlardır. Onların nəvələri bu gün meydandadır və onlar molla qədər şaha da nifrət edə bilərlər;
- Etnik Azlıqlar - Azərbaycanlılar, Kürdlər, Bəluclar: pəhləvi rejimi ifrat fars millətçiliyi üzərində qurulmuşdu və etnik hüquqları əzirdi. Təbrizdə və ya Kürdüstanda etiraz edən birinin mərkəziyyətçi Şahı arzulaması sual edilməlidir;
- Gen Z: heç Şahı görməyib. Onlar fərdi azadlıqlar üçün, rok üçün küçələrdə ola bilərlər, molla-hicab üfunətindən çıxmaq prioritetləri ola bilər.
Qərb inqilabı "Şahın qayıdışı" kimi çərçivələsə, onun üçün anlaşılan olacaq.
- Onunla neft müqaviləsi bağlamaq olar;
- O, Qərbin dilini bilir, onun adamıdır;
- O, proqnozlaşdırıla biləndir.
Bəlkə buna görə media mikrofonu Şahçılara daha çox uzadır? Bəlkə də, gördüklərimiz elə gözümüz qarşısında inşa edilən reallığın konstruksiyasıdır?
Xalq deyə bir şey mövcud deyil, yə’ni vahid, yeknəsək "İran Xalqı" yoxdur. Bir-biri ilə ziddiyyət təşkil edən, fərqli maraqları olan qruplar var. Həmin qrupların media təmsilçiliyi nə qədər çoxdursa, biz onun səsini “İran xalqının səsi” kimi qavramağa başlayırıq.
Deməli, biz öncə beynimizin sadə cavab tələsindən çıxmalıyıq.. Sadə cavab yoxdur, əslində, qəliz cavab da yoxdur. Bildiklərimizi təkrarlayaq.
- Etirazçılar Mollaya etiraz edirlər? Bəli.
- Onları hamısı Şahı geri istəyir? Qətiyyən yox.
- Media bunu niyə belə göstərir? Çünki onun alternativ görmə qabiliyyəti və ya marağı yoxdur. İnsanlar sadə cavablar axtarırlar, media da onları sadə cavablarla tə’min edir.
Etirazlarda Şahın əsas adlardan biri olması isə görünən faktdır. O, bə’zən etirazlar üçün saat tə’yin edir, protestlərdə bə’zən onun adını səsləndirirlər və s. Bunun səbəbi isə olduqca aydındır. Molla rejimi ölkədaxili müxalifəti tamamilə iflic vəziyyətə salıb, etirazları idarə edəcək heç bir daxili fiqur, simvol və institut qalmayıb.
Slavoj Žižek-in V for Vendetta tənqidi var. Deyir ki, bizə “inqilabdan sonrakı inqilab” maraqlı olmalıdır. Yə’ni, əsl inqilab parlament binasını partlatmaq deyil. Əsl inqilab, səhəri gün oyanıb, yeni gündəlik həyatı - new bureaucracy qurmaqdır. Əgər sənin "sabah üçün planın" yoxdursa, sadəcə partlayış etmisənsə, bu, inqilab yox, karnavaldır.
Sual bu olmalıdır:
- Sabah səhər nə olacaq?
- Kanalizasiya sistemi necə işləyəcək?
- Məhkəmələri kim idarə edəcək?
- Çörək sexlərinə unu kim paylayacaq?
- Qadın hüquqları necə olacaq?
- Neftin sahibi kimdir?
- Sosial bərabərsizlik necə həll olunacaq..
Sonrakı Gün - The Day After problemini həll etməyən etirazlar "Boşluq Qorxusu" ilə üzləşir. İnsanlar xaosdan qorxur və bu boşluğu doldurmaq üçün köhnə variant ortaya düşür - Şah gəlsin.. İnsanlar Şahı ona görə çağırmırlar ki, monarxiyanı çox sevirlər; şahı çağırırlar ona görə ki, gələcəyi təsəvvür edə bilmirlər. Və ya kütləyə simvolik də olsa bir lider lazımdır.
Mövcud Molla rejimi bə’zi insanların xəyal gücünü o qədər məhv edib ki, onlar "Mollasız və Şahsız" üçüncü bir yolun mümkünlüyünə inana bilmirlər.
Həmin qrup iranlılar üçün Molla rejiminin sonunda tamamilə yeni, demokratik, sosial ədalətli bir sistemin gəlməsini təsəvvür etmək çətindir. Ona görə də beyinlər avtomatik olaraq "keçmişə" qayıdır.
Xalq o zaman qalib gələcək ki, təkcə "Mollalar getsin" - deməyəcək, həm də "yeni sistem təhsili belə, iqtisadiyyatı belə, qadın hüquqlarını belə quracaq" deyəcək.
Əgər bu "pozitiv proqram" yaranmasa, köhnə sistem gedəcək, amma yeni sistem köhnənin başqa bir maskası olacaq: əmmaməli diktator gedib, qalstuklu diktator gələcək. Və Şah rejiminin bugünkü molla rejiminin əsas səbəbkarı olduğunu nəzərə alıb, özümüzü çıxılmaz dairədə tapırıq.
Hazırda "Rza Pəhləvi" adı real bir şəxs və ya konkret bir siyasi proqram deyil. O, hər kəsin öz arzusunu doldurduğu boş bir qabdır:
- Biri üçün o, "təhlükəsizlik" deməkdir;
- Biri üçün "sekulyarizm" deməkdir;
- Biri üçün sadəcə "Molla olmayan" deməkdir.
Bu simvolik "boşluq" hakimiyyətə gələndə partlayır. Çünki hakimiyyətə gələndə o, artıq xəyal yox, konkret qərarlar verən bürokrata çevrilir. Həmin an mə’lum olur ki, Təbrizdəki azərbaycanlının "Şah xəyalı" ilə Tehrandakı fars millətçisinin "Şah xəyalı" bir-birinə tam ziddir. Xaos o zaman başlayacaq. Hələlik isə, İran şüarlarının ən konkreti belə görünür - Seyid Əli bi’şərəfdir..
11 yanvar, 2026-cı il, Elvin Jabizadeh
Bu tip yazıların davamı üçün mənə KofeAl-dan kitab alaraq dəstək ola bilərsiz: İanə et

Comments
Post a Comment