İranın milli səviyyədə sabitliyi pozan su böhranına qarşı aciz reaksiyası hər kəs üçün bir xəbərdarlıq siqnalı olmalıdır. Daha çox cəmiyyətlər planetar sərhədləri zorladıqca, öz varlıqlarına qarşı təhdidlərlə üzləşəcəklər və bir zamanlar kəskin (radikal) və ya utopik görünən reaksiyalar sağlam düşüncə (common sense) kimi qəbul edilməyə başlayacaq.
Bu günün dünyasında bütün antaqonizmlərimiz və sağ qalmaq uğrunda mübarizələrimiz harada kəsişir? Bizim universal çətin vəziyyətimizi təcəssüm etdirən vahid bir nöqtə varmı? Bu Qəzza, Ukrayna, Sudan və ya Myanmarın şimalındakı fırıldaqçılıq (scam) mərkəzləri deyil. Bu - Tehrandır.
İran paytaxtı sadəcə suyun tükənəcəyi "sıfır günü"nü ("day zero") sayır. Üstəlik, o, tək deyil. İranın böyük hissəsi tələbatın təbii təchizatı daimi olaraq üstələyəcəyi "su iflasına" doğru sür’ətlə gedir. İran Prezidenti Məsud Pezeşkian (Masoud Pezeshkian) indi paytaxtın köçürülməsindən və əhalinin (təxminən on milyon nəfər) evakuasiyasının məcburiliyindən danışır.
Böhran bir neçə amili əks etdirir. Bilavasitə səbəb altı ildir davam edən şiddətli quraqlıqdır. Hətta yağışlı mövsümdə belə İrana demək olar ki, heç yağış düşməyib. Bundan əlavə, suya çox tələbat olan kənd təsərrüfatı, su və enerjinin subsidiyalaşdırılması ölkənin su hövzələrini həddindən artıq istismar edib və yeraltı su ehtiyatlarını tükəndirib.
Bununla yanaşı, iqtisadi fəaliyyətin və məşğulluğun böyük şəhər mərkəzlərində, xüsusən də Tehranda cəmləşməsi su resurslarını daha da gərginləşdirib. Yeraltı suların itkisi o qədər şiddətli olub ki, Tehran yaylasının hissələri çökməkdədir. Hətta yağışlar geri qayıtsa belə, yeraltı su kimi daha az ehtiyat toplanacaq, çünki bunun üçün fiziki sahə daralıb. Hazırda baş verən çökmə bərabər paylanmadığı üçün Tehranın bütün su və kanalizasiya sistemi dağılır. Qırılmış yeraltı kanallardan açıq havaya qaz sızır.
İran liderləri onilliklərdir ki, bu problemdən xəbərdardır, lakin həmişə bununla məşğul olmaq üçün hər hansı ciddi cəhdi təxirə salıblar. Bunun əvəzinə rejim resursları nüvə proqramına, Həmas, husilər və Hizbullah kimi xarici proksilərə və hərbi istehsala ayıraraq, silahlı qüvvələri yaxşı təchiz edilmiş vəziyyətdə saxlayıb və Rusiyanın Ukrayna şəhərlərini bombalamaq üçün istifadə etdiyi dronları inşa edib.
Daha pisi odur ki, böhranın pik həddə çatdığı indiki vaxtda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir "su mafiyası" yaradıb. Min illərdir mövcud olan göllər və çaylar kimin imkanı çatırsa, onu su ilə təmin etmək üçün qurudulur. Tehranda orta statistik ev təsərrüfatı gəlirinin 10%-ni suya xərcləyir və rejim böhrandan birbaşa qazanc əldə etdiyi halda, bir çox insan çimmək və digər əsas gigiyena vasitələrindən məhrum olur.
Bəs nəyə görə bu köhnə və davam edən problem qəfildən qlobal xəbər hekayəsinə çevrildi? Məgər Qərb İsrail/Amerika hücumu üçün (bu dəfə növbəti humanitar müdaxilə adı altında) zəmin hazırlamaq istəyir? İsrailin Baş naziri Benyamin Netanyahu artıq vəziyyətdən kinayəli (sinik) şəkildə istifadə edərək iranlılara deyib ki, əgər rejimə qarşı ayağa qalxsalar, İsrail su çatışmazlığını həll etmək üçün mütəxəssislər göndərəcək.
Yağış üçün kütləvi dualar (yağış duaları ayini) təşkil etməkdən başqa, rejim atmosferə böyük miqdarda kimyəvi duz səpmək kimi şübhəli bir strategiya qəbul edib. Lakin bu cür "bulud toxumlama" (süni yağış) etibarlı şəkildə yağış yaratmaq əvəzinə, bitki örtüyünü məhv etmək və nəfəs almağı çətinləşdirmək təhlükəsi yaradır. İnsanlar getdikcə daha çox evdə qalır və İran cəmiyyəti dağılmağa başlayır.
Paytaxtın köçürülməsi planına gəlincə, Pezeşkianın bəyanatları kifayət qədər qeyri-müəyyəm (ikimə’nalı) olub. O, əhalinin böyük hissəsindən, yoxsa sadəcə hökumət administrasiyasından danışır? Əgər ikinci variantdırsa, geridə qalan milyonlarla insanın aqibəti necə olacaq? Əgər birincidirsə, bu səy illər çəkəcək və dövlətə dözülməz (davamiyyətsiz) maliyyə yükü yükləyəcək - həm də fundamental problemi həll etmədən.
Təəccüblü deyil ki, Tehranda on minlərlə insan panikaya düşməyə başlayıb. Şəhərin şimalındakı magistral yollar hələ də kifayət qədər suyun ola biləcəyi Xəzər dənizi bölgəsinə getməyə çalışan avtomobillərlə doludur. Bəs bu minlərlə evakuasiya edilən insan milyonlara çevrilsə nə baş verəcək? Türkiyə aşkar ilk istiqamətdir, ardınca Avropa gəlir. Bəs Körfəz bölgəsindəki zəngin ərəb dövlətləri? Niyə İranın birbaşa qonşularının ona daha çox kömək etməsi gözlənilmir?
Su böhranı təbii səbəblərin və siyasət səhvlərinin xüsusi qarışığından qaynaqlansa da, İran tək deyil. Məsələn, qonşu Əfqanıstan suyu Kabilə yönəltmək üçün irimiqyaslı irriqasiya proyektləri həyata keçirir ki, bu şəhər də su iflasına doğru gedir. Bu cür layihələr iftilafsız (mübahisələrsiz) deyil, çünki onlar sərhədlər də daxil olmaqla başqa yerlərdəki su təchizatına tə’sir göstərə bilər. Məhz buna görə də, varlığı Nil çayından asılı olan Misir Efiopiyanın bənd layihələrinə bu qədər kəskin etiraz edir.
Nə etmək lazımdır? Konkret təkliflərim olmasa da, ümumi həll yolu aydın görünür: dünyanın kommunizmin hansısa formasına ehtiyacı olacaq. Mən 20-ci əsrin "real mövcud olan sosializm"ini nəzərdə tutmuram, daha çox aşkar və elementar bir şeyi nəzərdə tuturam.
Nə avtoritar dövlətlər, nə çoxpartiyalı demokratiyalar, nə də aşağıdan-yuxarıya (grassroots) özünütəşkilat İranın üzləşdiyi kimi problemləri həll edə bilər. Sivil cəmiyyət olaraq varlığımıza qarşı təhdidlərlə üzləşdiyimiz zaman yeganə seçim irimiqyaslı fövqəladə vəziyyət e’lan etməkdir ki, bu da de-fakto müharibə vəziyyətini nəzərdə tutur - başqa bir dövlətə qarşı yox, ölkə daxilində böhrana görə mə’suliyyət daşıyanlara qarşı.
Fövqəladə vəziyyət bazarları ləğv etməməli və hər şeyi milliləşdirməməlidir; lakin o, ictimai nəzarəti bərqərar etməli və ictimai həyatın fövqəladə vəziyyətin səbəbi ilə birbaşa əlaqəli sahələrini tənzimləməlidir. Hazırki keysdə bu, suyun paylanmasına nəzarət etmək deməkdir. İranda "su mafiyası" dərhal darmadağın edilməli idi.
Dövlət gücü (hansı ki, ən sür’ətli hərəkət edə bilər) daha sonra lokal səviyyədə təşkil olunmuş həmrəylik aktları və daha güclü beynəlxalq əməkdaşlıq formaları ilə tamamlanmalıdır. Utopikdir? Heç də yox. Əsl utopiya, bu tədbirlər olmadan sağ qala biləcəyimizə inanmaqdır.
Məqalə www.project-syndicate.org saytından tərcümə edilib. Bu tip məqalələrin, tərcümələrin davamı üçün mənə Kofe.Al platformasından kofe alaraq, dəstək ola bilərsiniz.

Comments
Post a Comment