Kürd kinosu, xüsusilə son 30-40 ildə dünya festivallarında böyük rəğbət qazanan, poetik dili, sərt realizmi və siyasi konteksti ilə seçilən bir "müəllif kinosu" (art-house) cərəyanıdır. Bu filmlər adətən sərhədlər, köç, müharibənin uşaqlar üzərindəki təsiri və şəxsiyyət axtarışı mövzularına toxunur. Yılmaz Güneyin Yol (1982) filmi Kürd kinosunun dünyaya açılan qapısı hesab olunur. Cannes festivalında a’li Palme d'Or mükafatını qazanıb. O, özü haqda ayrıca bir materiala layiqdir. Filmlərin seçimində mövzuların tam əhatə olunmasına diqqət etməyə çalışdım.
Turtles Can Fly (2004)
Rej: Bahman Ghobadi
2004-cü il istehsalı olan Kürd müharibə-dram filmidir. Süjet İraq-Türkiyə sərhədində üç qaçqın uşağın ətrafında cərəyan edir; onlar amerikalıların İraqa daxil olaraq Səddam Hüseyni hakimiyyətdən devirməsini gözləyirlər. 2003-cü ildəki İraq işğalından sonra çəkilən ilk film idi. Qaçqın düşərgəsində minaları təmizləyərək pul qazanan uşaqların gözü ilə müharibənin dəhşətləri göstərilir.
Memories on Stone (2014)
Rej: Shawkat Amin Korki
Kürd uşaqlıq dostları İraqda kürd xalqına qarşı soyqırım – 1988-ci il Əl-Ənfal kampaniyası haqqında film çəkirlər. Bu, onlara öyrədir ki, kino vasitəsilə həqiqəti əldə etmək və öz kimlikləri ilə üzləşmək üçün hər şeyi - hətta öz həyatlarını da riskə atmağa dəyər. Bu, "film içində film" iki dostun qarşılaşdığı çətinlikləri - texniki problemlər, aktrisa tapa bilməməyi anladır. Keçmişlə üzləşmə mövzusunu işləyir.
Zer (2017)
Rej: Kazım Öz
Nyu Yorkda musiqi tələbəsi Janın nənəsi bu şəhərə xərçəng müalicəsi üçün gəlib. Nənəsi tez-tez ona “Zer” mahnısını oxuyur. Jan melodiyaya valeh olur. Nənəsi öləndən sonra Türkiyəyə gəlir, burada qalıb, musiqi ətrafındakı mistikanı çözməyə qərar verir. Bu isə onu Dersim Qətliamına qədər aparır. Film Türkiyə Mədəniyyət Nazirliyindən maliyyə dəstəyi qazansa da, sonradan bu dəstək geri çəkilib. 2017-də nazirlik Dersim qətliamı səhnələrinin çıxarılmasını istəyib. Film 2017 İstanbul Film Festivalında senzuraya mə’ruz qalmış versiyada nümayiş etdirilib. Türkiyədəki bir çox kinoteatr nümayişləri ləğv edib.
Okul Tıraşı
Rej: Ferit Karahan
2021-ci il Türkiyə istehsalı olan film Ən Yaxşı Film üçün Altın Portakal Mükafatını qazanıb. Mərkəzi ideya “Bürokratiyanın və qorxu sisteminin insan həyatını necə dəyərsizləşdirməsi”dir. Şagird Memo xəstələnir, lakin dostu Yusif onu xilas etməyə çalışarkən qarşısına divar kimi "prosedurlar" çıxır. İnternat məktəbi bir növ "kiçik dövlət" modelidir. Uşaqlar müəllimlərdən, müəllimlər direktordan, direktor isə "yuxarıdan" qorxur. Bu qorxu yalan danışmağa məcbur edir.
Gulistan, Land of Roses (2016)
Rej: Zayne Akyol
Film PKK Azad Qadınlar Birliyinin İŞİD əleyhinə döyüşən qadın gerillaları haqqındadır. Burada sadəcə atışma yoxdur; qadınların bir-birinin saçını hörməsi, fəlsəfi söhbətləri, təbiətlə münasibətləri və ölümə baxışları çox estetik bir dillə çatdırılır. Akyol 2010-cu ildə Gulîstanı tapmaq və onun haqqında film çəkmək üçün İraqa gedir, lakin bu cəhd uğursuz olur və Akyol onu tanıyan qadınları tapır. Sənədli filmin diqqəti onların xatirələri vasitəsilə Gulîstanın hekayəsini danışmağa yönəlir.
A Time for Drunken Horses
Rej: Bahman Ghobadi
Kürd dilində olan film Cannes festivalında Caméra d'Or mükafatı qazandı. Film rejissorun öz kəndində, öz dilində və qeyri-peşəkar aktyorlarla çəkilib. İran-İraq sərhədində yaşayan, valideynlərini itirmiş uşaqların hekayəsidir. Ailəsini dolandırmaq üçün qaçaqmalçılıq edən uşağın xəstə qardaşını əməliyyat etdirmək üçün verdiyi mübarizəni vizuallaşdırır.
Bu tip materialların, tərcümələrin hazırlanmasına dəstək üçün mənə kofe ala bilərsən. Link bioya sabitlənib. Bu dəstək fəaliyyəti davam etdirmək üçün mühümdür.

Comments
Post a Comment