“Traktor Sazi” fevralın 1-də lider “Sepahan”la qarşılaşacaq. Özü də öz meydanında - Təbrizdə, “Səhənd” stadionunda…
Uzun illərdir, imkan tapdıqca “Traktor Sazi” oyunlarını izləyirəm. “Səhənd”də olmaq, ora sızmaq üçün müxtəlif hiylələr hesablamalı olan qadınları izləmək, o möhtəşəm təpədə, və ya stadion atmosferində aidlik duyğusunu təcrübə etmək isə hələ nəsib olmayıb. Bu gün kürd problemi və onunla bağlı müzakirələrə hazırlaşanda məhz bunu xatırladım.
Mənsubiyyət hissi, Aidlik duyğusu - insanın fundamental ehtiyaclarından biridir. İranın azərbaycanlılar yaşayan hissəsinə duyulan bağlılıq, mənimçün sadəcə etnik kök məsələsi deyil, həm də ədalət axtarışıdır. Oradakı "Traktor Sazi" azarkeşlərindən tutmuş mədəni fəallara qədər insanların sərgilədiyi davranışı, aksiyalarını aqressiv şovinizm kimi yox, "Reaktiv Millətçilik" kimi görmüşəm həmişə. Fars millətçiliyinin hegemoniyası və assimilyasiya siyasəti qarşısında türklüyün bir "qalxan"a çevrilməsi, siyasi ambisiyadan çox, ekzistensial sağqalma refleksidir - müdafiə mexanizmidir. İllərdir həbsxanalarda işgəncələr görən, müxtəlif aksiyalarla son nəfəsinə qədər mübarizə aparan milli fəalların dil, təhsil və özünüifadə kimi tələbləri BMT-nin İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş fundamental hüquqlardır. İnsanın öz dilində danışma tələbi, bu kontekstdə etirazı, qorxulu “separatizm” deyil, hüquqi bərabərlik çağırışı kimi oxunmalıdır.
Məncə, kürd mövzusuna yanaşmadakı etik problem məhz buradan - "Selektiv Humanizm"dən çıxır. Berlində müxtəlif kitab-kino qruplarında qarşılaşdığım bə’zi türklərdə də bunu sezirəm. Mövzu demokratiya, insan haqları, Türkiyədə “Erdoğan problemi” olanda həmin insanlar sekulyar, doqmalardan arınmış, hörmətcil simada söhbətə davam edirlər. Amma elə ki, mövzu kürdlərin çox bəsit, legitim tələblərinə gəlir, əsl sima - Bahçeli portreti gözümün önündə canlanır, az öncəki sekulyar, insan haqları müdafiəçisi də’rinlərə gömülür: “terör, çocuk katilleri, elebaşı, terörle mücadele…” Bu yoldaşların birindən soruşdum ki, bəs, bu insanlar haqları necə istəsinlər - əgər zorakılıq seçim deyilsə? Seçki dedi, Demirtaşın həbsdə olduğunu xatırlatdım, qeyzləndi, nəsə dodaqaltı mırıldandı və hər latent-millətçinin daşıdığı o rəzil üz ifadəsini aldı…
Ən böyük etik problem, insanın özü üçün istədiyi ədaləti başqası üçün istəməməsidir. Dediyim kimi - "Selektiv Humanizm”.
Mən milli münaqişələrə məhz Təbrizlə bağlı təsəvvürlərimi o coğrafiyaya proyeksiya edərək baxmağa çalışıram. Qısası, özümə deyirəm ki, əgər Təbrizdəki türk üçün ana dili haqqını müdafiə edib, Diyarbəkirdəki kürd üçün eyni haqqı "terror" və ya "xəyanət" adlandırmaq ehtiyacı hiss edirəmsə, bu, koqnitiv dissonansdır - Əxlaqi Uyğunsuzluqdur. Kantın "Kateqorik İmperativi" kontekstində düşünürəm ki, uyğurların Çində, türklərin İranda, kürdlərin isə Türkiyə, İraq və Suriyada mə’ruz qaldığı təzyiqlər mahiyyət etibarilə eynidir: Dominant kimliyin - dövlətin azlıqda qalan kimliyi yox sayması. Vəssalam!
Millətçiliyin neyrobiologiyası - “Amiqdala Siyasəti” haqqında danışmadan kürdlərə qarşı bu ayrı-seçkiliyi anlamaq olmaz. Bir az bədiiləşdirsək və sadələşdirsək, millətçiliyin müxtəlif formaları rasional düşüncədən - neokorteksdən qopub, beynin qorxu mərkəzi olan amiqdala tərəfindən idarə olunur. "Kürd" və ya "Erməni" sözü eşidilən kimi beyin bunu "düşmən" və "təhdid" kimi kodlayırsa, rasional dialoq imkansızlaşır. Müzakirələrdə də bu baş verir: sekulyar İmamoğlu portreti bircə sözlə sınır, həqiqi mahiyyət - Bahçeli ortaya çıxır… Dövlətlər bu bioloji qorxu mexanizmini instrumentallaşdırır. Vətəndaşı "bayraq, vətən, bölünməzlik" şüarları ilə, qorxu içində saxlayır, onları avtoritar idarəetmənin könüllü qurbanına, hətta alətinə çevirir. Heç bir dövlət “xarici düşmən”siz var ola bilməz. Bu xüsusda bir türkiyəli imperializmə qarşı mövqeyini onun daxili “əlaltılarını” delegitim e’lan etməklə qurur. Beləliklə, “inkar siyasəti” və radikalizm başlayır. Tarixi proseslərə sosioloji baxış göstərir ki, şiddət çox vaxt boşluqdan yaranmır, o, sistemli inkarın nəticəsidir. Türkiyə Cümhuriyyətinin quruluş fəlsəfəsindəki "tək millət, tək dil" paradiqması kürd kimliyini ekskluziya etdi; bu da sivil siyasi mübarizə yollarını bağladı. Sosiologiyada qəbul edilmiş bir aksioma var: hüquqların tanınmadığı yerdə, kimliklər radikallaşmağa başlayır. PKK və ya digər silahlı qruplar, əslində, uğursuz inteqrasiya və inkar siyasətinin simptomlarıdır, səbəbi deyil. Səbəb aradan qaldırılsa, yə’ni, mədəni və siyasi haqlar tanınsa, nəticə - terror və şiddət də öz zəminini itirər. Bu mə’nada insanların nəticəni səbəbin önünə ataraq qurduqları “imperializm əlaltısı kürdlər” narrativlərini dinlənməyə məqbul hesab etmirəm. Çünki həm də anlayıram ki, İranın azərbaycanlılar yaşayan hissəsində ən bəsit tələblər qarşılanmasa, bu, silahlı mübarizəyə qədər böyüyə, beləliklə, bəsit insan haqları tələbi İsrail, ABŞ üçün imperialist siyasət alətinə çevrilə bilər. Sovetlərin İrana müdaxiləsi buna unikal bir nümunədir. Kürd hərəkatını da sadəcə "ABŞ/İsrail layihəsi" kimi qələmə vermək, məsələnin sosial köklərini görməzdən gəlməkdir - Reduksionizmdir. Türkiyənin özü NATO üzvüdür və ərazisində ABŞ hərbi bazaları mövcuddur. Dövlətin Qərblə strateji tərəfdaşlıq edib, ondan aldığı silahlarla zorbalıq etməsi və ardınca öz kürd vətəndaşını Qərblə əlaqədə ittiham etməsi məntiqi ziddiyyətdir. Və bu siyasi riyakarlıq millətçi zehniyyətə sıçrayır, onlar rasional fikirlərini yox, illərdir TV-lərdə, dövlət institutlarında mə’ruz qaldıqları 3-5 sözü tutuquşu kimi təkrarlamağa başlayırlar. Bir xalqın azadlıq istəyi xarici qüvvələr tərəfindən dəstəklənə bilər, lakin bu dəstək o istəyin ontoloji haqlılığını, legitimliyini ləğv etmir. İranda son etirazlarda da bu “ABŞ/İsrail marağı” narrativi xalqın sadə tələblərini rejimin le'hinə rədd etmək istəyənlər üçün etibarlı “oyuncaq” olmuşdu. İrandakı kürd problemi, kürd-türk çəkişməsi isə ayrıca bir yazıya qalsın…
Üstəlik, bu tip reduksionist baxışlar bizə problemin əslini görmək imkanı tanımır. Məncə, kürd mövzusunda da əsas sual bu olmalıdır: bütün bu etnik münaqişələr necə ortaya çıxdı?
"Kürd problemi" və ya regiondakı bitməyən xaos, əslində, Birinci Dünya Müharibəsindən sonra masa arxasında xətkeşlə çəkilmiş sərhədlərin və "Zorakı Dövlət İnşası"nın birbaşa nəticəsidir. Avropada "Milli Dövlət" (Nation-State) anlayışı təbii tarixi proseslərin - müharibələr, dil birliyi, iqtisadi bazarın nəticəsi kimi formalaşmışdı. Yə’ni, əvvəl millət yarandı, sonra öz dövlətini qurdu. Yaxın Şərqdə isə bu proses tərs çevrildi: Əvvəl sərhədləriylə dövlət quruldu, sonra onun içində "millət" yaratmağa çalışdılar. 1916 Sykes-Picot Sazişi ilə İngiltərə və Fransa torpaqları bölüşdürərkən etnik, dini və məzhəb reallıqlarını tamamilə görməzdən gəldilər. Onların məqsədi neft yolları və strateji nəzarət idi, xalqların uyğunluğu yox. Bir-biri ilə tarixən düşmən olan tayfalar eyni sərhədə salındı, eyni xalqlar, məsələn, kürdlər dörd fərqli dövlət arasında bölündü. İraqlı, əslində, tarixi bir "millət" deyildi. Britaniya üç fərqli kimliyi - sünni ərəbləri, kürdləri, şiə ərəbləri birləşdirərək bu dövləti yaratdı. Şiə çoxluğu və kürd varlığı, sünni ərəb elitası tərəfindən basqı altında saxlanıldı, Səddam Hüseyn dövründə bu, pik həddə çatdı. İraq millətçiliyi təbii deyildi, diktatura qorxusu ilə bir yerdə tutulan "yapışqan" idi. Yeri gəlmişkən, Yaxın Şərqdə diktatura meylini də bu kontekstdə anlamaq lazımdır. Fərqli kimlikləri sərt bir dəyənək altında tutmaq mümkündür və bu stabillik Kolonial Güclər üçün ən sərfəlidir. Fransanın Suriyada "Parçala və Hökm Sür" strategiyası azlıq olan ələvilərin çoxluqdakı sünnilərə hökm etdiyi bir diktaturaya çevrildi. Bu gün Suriyadakı vətəndaş müharibəsi, əslində, onilliklər boyu basdırılmış bu məzhəb gərginliyinin partlayışıdır. Suriya və İraq yaradıldıqdan sonra bu dövlətlər öz legitimliklərini təmin etmək üçün sekulyar ərəb millətçiliyinə sarıldılar. "Biz hamımız ərəbik, hamımız İraqlıyıq/Suriyalıyıq" şüarı altında, əslində, kürd kimliyi inkar edildi və məzhəb fərqlilikləri zorla ört-basdır edildi. Bu yeni "milli kimlik" layihəsində kürdlərə yer tapılmadı. Onlar sadəcə "assimilyasiya olunmalı elementlər" kimi görüldülər. Səddamın "Əl-Ənfal" əməliyyatı - kürd soyqırımı bu "təmiz millət" yaratma cəhdinin ən vəhşi forması idi. Bu dövlətlərdə mərkəzi hakimiyyət - diktatura zəifləyəndə, sü’ni "iraqlı" və ya "suriyalı" kimliyi buxarlandı, insanlar ən təməl, ən təhlükəsiz hiss etdikləri alt kimliklərinə qayıtdılar. Bu gün gördüyümüz ağrılı mənzərə 100 il əvvəl yanlış qoyulmuş təməlin çökməsidir. Kürdlər bu xaosda öz tarixi fürsətlərini - dövlət və ya muxtariyyətlərini əldə etməyə çalışırlar; çünki onlara vəd edilən "birgəyaşayış" yalan çıxdı. Görünən isə odur ki, hələ də Türkiyə, İran, İraq və Suriyada problemin kökünü - haqların tanınması lənətini həll etmək əvəzinə, nəticəni - silahlı qrupları yox etməyə çalışırlar.
Beləliklə, İranda yaşayan azərbaycanlı üçün istədiyim hüququ, Türkiyədəki kürd üçün istəyə bilmək, məncə, siyasi yetkinlik əlamətidir. Problemlərin həlli "əzmək və yox etmək" kimi - təhlükəsizlik paradiqmasında deyil, "tanımaq və inteqrasiya etmək" kimi - demokratik paradiqmadadır…
İnsan boğulanda necə çırpınırsa, mədəniyyəti boğulan xalq da elə "çırpınır"; istər stadionda şüar olsun, istər Təbriz küçələrinə qorxu ilə yazılmış bir cümlə… “Traktor Sazi”nin qələbəsini arzulayıram, amma eyni zamanda, ən böyük qələbə, o stadiondakı insanların tələb etdiyi hüquqların, coğrafiyanın digər tərəfindəki "ögeyləşdirilmiş" xalqlar üçün də eyni dərəcədə legitim olduğunu anladığımız gün gələcək...
Bu tip yazıların davamı üçün mənə kofe alaraq dəstək ola bilərsiniz.

Comments
Post a Comment