Skip to main content

Epstein sənədləri - Riyakarlığın Anatomiyası

 

“Epstein sənədləri” əsasında ABŞ və Avropada hakim sinfin əməllərinin dəhşətinin miqyasını təsəvvür etmək üçün hər gün yeni informasiyalar yayılır. Hadisələr hiperzənginliyin belə bir sistemdə necə pozula biləcəyini göstərdi. İşin ən sarsıdıcı tərəfi hüquq sisteminin sadə vətəndaşlar və "imtiyazlılar" üçün fərqli işləməsidir. Mən təsəvvür belə etmirəm ki, bu cinayətkar qrup sıravi insanlardan ibarət olsaydı, onlarla rəftar necə olardı… Və ya Trumpın ritorikasını. Təsəvvür etməyə çalışıram ki, 6 milyona yaxın səhifəsinin olduğu deyilən “Epstein sənədləri”nin əvəzində 5-6 səhifəlik immiqrantlardan ibarət bir şəbəkənin əməllərini ifşa edən cızma-qara yayılsaydı, nələr baş verərdi. Kütləvi deportasiya, Trumpın xəstəlik, pozulma ritorikası və s. İndi dünyanın əsas güc mərkəzinin prezidentinin adı dünyanın ən iyrənc sənədlərində gəzir və sanki, hadisəyə toplumda adekvat reaksiya da yoxdur.

Üstəlik, bu fayllar kapitalist sistemin ən qaranlıq tərəfini üzə çıxarır: insanın (xüsusilə azyaşlıların və qadınların) sadəcə bir zövq obyekti və ya "valyuta" kimi görülməsi.

Məsələ ətrafında Türkiyə və Rusiya mediasında qurulmuş narrativlər isə ayrıca diqqətimi çəkdi. Hadisənin belə bir məqamında diqqəti Şərqə yönəltməkdə tərəddüd edirdim, amma bu gün Instagram-da belə bir post gördüm: “Epstein qalmaqalını izləyəndən sonra başa düşürsən niyə alman rəssam bunları məhv etmək istəyirdi…”

Öz legitimliklərini “əxlaq keşikçisi” mifləriylə qurmağa çalışan avtoritar rejimlər və onların dəstəkçiləri tez-tez Qərbdəki bu kimi qalmaqallardan istifadə edərək "whataboutism" taktikasına əl atır və öz qapalı cəmiyyətlərini "əxlaq qalası" kimi təqdim edirlər. Təsadüfi deyil ki, Putin dəstəkçilərinin “görün, orada kimlərin adı yoxdur” - üslubunda paylaşımları da diqqət çəkir. Diktator keşikçiləri bir faktı gözardı edir; o da budur ki, Qərbdə bu cinayətlərin üzə çıxması müəyyən qədər sistemin şəffaflığı - mətbuat azadlığı, müstəqil məhkəmə ilə bağlıdır. Rusiya və Türkiyə kimi ölkələrdə bənzər cinayətlərin "görünməməsi" həm də “ört-basdır etmə mədəniyyəti” və cəzasızlıq mühiti ilə əlaqədardır.

Türkiyəli jurnalist Fatih Altaylının 2024-cü ildə iştirak etdiyi verilişdə səsləndirdiyi fikirlər bugünlərdə yenidən xatırlanır.  “Türkiyədə son 8 il ərzində 98-100 min uşaq itkin düşüb. Dövlətin rəsmi məlumatlarına görə, hər il Türkiyədə təxminən 10 min, hər ay isə 1000-1200 arası uşaq itkin düşür… Onların qaçırılması, ölkə xaricinə aparılması, ölkə daxilində itkin düşməsi, orqan mafiyasının qurbanı olması barədə heç bir konkret məlumatımız yoxdur”, - F.Altaylı deyirdi.

Bütün bu əxlaqi leksiyaları çökdürmək iqtidarında olan, lakin siyasi hakimiyyətə yaxın qruplar və ya sistemin özü tərəfindən törədildiyi üçün ört-basdır edilən və ya qapalı cəmiyyətlərdə "normallaşdırılan" nümunələrə baxanda hər şey daha aydın olacaq. Türkiyədə “əxlaq+islam” kontekstində Epstein hadisəsindən “pozulmuş Qərb” hekayəsi quranlar dini qurumlar və təriqətlər pərdəsi altında istismarları unuda bilərlər, amma tarix bunu unutmur.

“Ensar Vakfı tecavüz skandalı” təkcə özünün dəhşəti ilə yox, həm də Türkiyə dövlətinin reaksiyası baxımından da insanı düşünməyə vadar edir. Karaman şəhərində hökumətə yaxınlığı ilə bilinən "Ensar Vakfı"na aid yataqxanalarda qalan 45 azyaşlı oğlan uşağının müəllimləri tərəfindən illərlə sistematik cinsi istismara mə’ruz qaldığı üzə çıxdı. 2016-cı ildə “BirGün” qəzeti sayəsində işıqlanan hadisədə zorlandığı iddia olunan 45 uşaqdan on nəfəri Dövlət Xəstəxanasından təcavüz raportları aldı və bu hesabatlar iş dosyesinə daxil edildi. Sözügedən uşaqlar, əsasən kəndlərdə yaşayırdılar və təhsilləri üçün müvafiq fondlar (təriqətlər) tərəfindən keçirilən kurslara göndərilirdilər. Cinsi istismara mə’ruz qalmış uşaqlar ifadələrində bildirdilər ki, Muharrem B. (müəllim) onları döyüb, hədələyib, müqavimət göstərməyə çox qorxublar və başlarına gələnləri danışmağa çox utanırlar.

Qalmaqalın partlayış dönəmində o vaxtın Ailə və Sosial Siyasətlər naziri Sema Ramazanoğlu vəqfi qorumaq üçün məşhur "...bir dəfə baş verməsi ilə qurum qaralanmaz" - ifadəsini işlətdi. CHP-nin sədr müavini Selin Sayek Böke nazirin istefa verməsini tələb etdi: "uşaqları qorumaq əvəzinə nazir bu faciələrin baş verdiyi vəqfləri qorudu…" Media qadağaları qoyuldu, istintaq dar çərçivədə saxlanıldı və vəqfə toxunulmadı. Bu, "din" pərdəsi altında Türkiyədə törədilən cinayətlərin miqyasını təxmin etmək üçün kifayət olmalıdır. Türkiyədə “təriqət cinayətləri”, böyük ehtimalla, bir də “AKPsonrası” periodda açılacaq, ona qədər isə hakim rejim “əxlaqsız Qərb” narrativləri ilə legitimliyi üçün çalışacaq.

Türkiyə “kedicikler” hadisəsini də unutmayıb. Adnan Oktar onilliklər ərzində dini kult adı altında minlərlə gənc qızı və oğlanı şantaj, beyin yuyulması və seksual köləlik sisteminə cəlb etdi. Oktar da Epstein kimi nüfuzlu siyasətçilər, iş adamları və beynəlxalq fiqurlarla əlaqələrə malik idi, illərlə dövlət içindəki güclər tərəfindən qorundu, yalnız siyasi konyunktura dəyişdikdən sonra həbs edildi. 140journos-un “kedicik” filmi qruplaşmanın bütün cinayətlərini qurbanların dili ilə göz önünə sərir. Filmdə sonra “Qərbdən pis yaşayırıq, amma ən azından əxlaqımız var” - mifi, həbi, sanki funksional olmur…

Rusiyada vəziyyət də çox fərqli deyil: orada zorakılıq çox vaxt birbaşa dövlət qurumları (xüsusilə həbsxanalar, uşaq evləri) daxilində baş verir və ya oliqarxlar üçün qanun işləmir.

2021-ci ildə “Gulagu.net” Krasnoyarsk, Zabaykalsk vilayəti və Primoridə həbsxana işgəncələrini sübut edən yeni, 200 qigabaytlıq video arxivi əldə etdi. Rusiyanın Saratov bölgəsindəki Cəzaçəkmə Xidmətinin Xəstəxanasında məhbusların işgəncə və təcavüzə mə’ruz qalmasını sübut edən, sızdırılmış üç video klip yayımlandı. “Gulagu.net” arxivi göstərdi ki, Rusiyada dövlətin rəsmi qurumları seksual zorakılığı bir "idarəetmə metodu" kimi istifadə edir. Bu, fərdi əxlaqsızlıqdan qat-qat dəhşətli, institusional əxlaqsızlıqdır. Və unutmayaq, bu, elə Putin Rusiyasında baş verib.

Nastya Rybka skandalı, Alexei Navalny-nın “yaxta, oliqarxlar, qızlar” işini araşdırmaq istəyəndə qarşılaşdığı problemlər də senzura və qorumanın bə’zi cinayətlərin aşkara çıxmasını necə blokladığını göstərir. Məhkəmədə tamamilə əzilmiş və yorulmuş görünən Rybka, oliqarx Deripaskadan və Kreml rəsmisi Prixodkodan açıq şəkildə üzr istəyib, deyirdi: “artıq bezib və heç bir yeni ifşa etməyəcək…”

Rusiya uşaq evlərindəki istismarlar da qapalı qapılar arxasında qalır. Məsələn, Human Rights Watch 2018-ci ildə yazırdı ki, Rusiyanın cənub-mərkəzindəki Çelyabinsk vilayətində əlilliyi olan uşaqlar üçün internatda yaşayan 14 yaşından kiçik yeddi oğlan internatın işçiləri və ziyarətçiləri tərəfindən zorlanıb. Belə iddialar müstəqil media, məhkəmə sistemi olmayanda tez bir zamanda ört-basdır edilir.

Məqsədim “Epstein sənədləri” olaylarını kiçiltmək və ya onun ABŞ sistemi barədə ortaya qoyduqlarını gözardı etmək deyil. Trump kimi insanların hansı sistemin parçası olması, burjuaziya və pozulmanın qaçılmazlığı daha çox müzakirəyə də layiqdir. Məqsədim bu tip hadisələrin avtoritar liderlər üçün qurulan müdafiə narrativlərində istifadə edilməsinə e’tiraz etməkdir. Həmçinin, bu hadisələrin "antisemitizm" və Qərb nifrətini alovlandırmaq üçün istifadəsinə qarşı durmaq da mənə önəmli görünür. 

Epstein kimi fiqurlar və ya “zəngin pozulması” avtoritar rejimlərdə yox deyil, əksinə, onlar dövlətlə iç-içədir. Hazırda Azərbaycan həbsxanalarında 25 jurnalist saxlanır. Bəlkə də bu “tədbirlər” sayəsində bizi azərbaycanlı zənginlərin oğurluq maliyyə ilə nələr etdiyindən xəbərsizik.

Təqibin miqyasını təsəvvür etmək üçün çox kiçik bir yerli nümunə verib, söhbəti bitirmək istərdim. Nərmin Quliyeva cinayəti (Tovuz rayonunun Dondar Quşçu kənd sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi) yaddaşlarda yenidir. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırıldı, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapıldı. İş üzrə xeyli şübhələr ortaya çıxdı, hadisəni araşdıran jurnalist Aytən Məmmədova 2022-ci ildə ölümlə təhdid edildi, onlarla sual cavabsız qaldı. Belə çıxır ki, bu cür sistemdə hansı cinayətlərin gizlədildiyini bilmək üçün sistemin məzarlığa getdiyi günü gözləmək qalır.

Bu narrativlərə həm də ona görə etiraz etmək məcburiyyətindəyik ki, “Əxlaqı qorumaq" arqumenti, əslində, qurbanların səsini kəsmək üçündür. "Ailənin adı batmasın", "Dövlətin imici zədələnməsin" və ya "Dinə zərbə dəyməsin" bəhanələri ilə minlərlə uşaq və qadın qurban verilir. Üstəlik, bəlkə də bu keyslərin hər birinin fövqündə duran, ən vacib sual budur: öz xalqının ən təməl hüquqlarına hörmət etməyən, boğaza qədər korrupsiyaya bulaşmış bir sistemin əxlaq və mənəviyyatdan danışmaq haqqı varmı?  

Elvin Jabizadeh, 3 fevral, 2026

Bu tip materialların, tərcümələrin hazırlanmasına dəstək üçün mənə kofe ala bilərsən. Bu dəstək fəaliyyəti davam etdirmək üçün mühümdür.

Comments

Popular posts from this blog

Azad iradə varmı, yoxsa bu bir illüziyadır?

  Bir qətl hadisəsindən sonra məhkəmə prosesini düşünün, qa’tilin (mən onu bundan sonra icraçı adlandıracağam) Sam Harris-in (amerikalı filosof və neyro-alim) Azad İradə te'zisi əsasında müdafiə qurduğunu fərz edin. Bu müdafiəyə görə, icraçı günahkar deyil, çünki qətli o, öz iradəsi əsasında törətməyib. Hətta ümumiyyətlə, azad iradə deyilən bir şey mövcud deyil - illüziyadı. Müdafiə materialları neyro-elmi araşdırmalarla, da'talarla zəngindi və vəkillə icraçı sübut etməyə çalışırlar ki, qətl deterministik zəncirdə bir halqadı, buna görə, fərd cəza almamalıdı. İlk baxışdan, çox absurd səslənə bilər, amma azad iradə ilə maraqlanan hər kəs məsələnin ciddiliyinin fərqinə varır. Bir az fəlsəfi səyahətə çıxaq: Plato Phaedrus dialoqunda ruhu bir at arabasına bənzədirdi. O, arabanın sürücüsü kimi ağlı (logos) tə’yin etmişdi. Beləcə, ağıl ruhun digər parçaları olan ehtiras (thumos) və arzunun (eros) idarəçiliyini həyata keçirirdi. Hazırda, bu fikri elmi sferada çox istifadə etməsələr də...

İdeoloji futbol və hakimiyyət: "Qarabağ" FK Layihəsi

  "Qarabağ" FK dünən yenə milyonlarla azərbaycanlını birləşdirən, ortaq, milli-həzz mənbəyi kimi çıxış edirdi. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda, öz meydanında "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitdi. Klubun Azərbaycan futbol tarixi üçün bir vaxtlar “xəyali” sayılan uğurları reallaşdırması, Qurban Qurbanov, “sistematik iş və uğur hekayəsi” haqqında çox danışır, yazılır. Bu yazıda belə texniki tərəflərdən yox, klubun Azərbaycan dövləti üçün ideoloji və siyasi funksiyaları barədə danışmaq istəyirəm. “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi Hər şeydən əvvəl, "Qarabağ" adı Azərbaycanın ən həssas siyasi problemini (əvvəllər işğalı, indi isə zəfəri) təmsil edir. Bu isə klubun “Siyasi Legitimlik” və "Qələbə" Simvolizmi kimi funksiyasını qabardır. 2020-ci ildən, müharibədən əvvəl klub "qaçq...

Düşünmək və Olmaq arasında əlaqə məcburidirmi? - Correlationism və Speculative Realism

Gecə gözümə yuxu getmədi və obsessiv düşüncələri susdurmaq üçün maraqlı bir sual tapmalıydım. Birdən ağlıma gəldi: əjdahalar həqiqətən mövcud olubmu? Söhbət fəlsəfi olaraq bunu əsaslandırmaqdan gedəndə təkcə Kant kifayət etmir. Çünki idrak sərhədinə məhkum qalırsan. Bu isə bizi yeni fəlsəfi superstar - Quentin Meillassoux-a və onun Kant tənqidinə aparır: Misal elə Kantdan olsun deyə, gün batımından başlayaq. Bu arada, mən Gün batımı və Kantın gözəllik paradoksu haqqında video etmişəm, ona görə o mövzunu təkrar izah edib, uzatmaq istəmirəm. Linkdən izləyib, sonra oxumağa davam edə bilərsiz. Bir gün batımı izləyirsən deyirsən: bu mənzərə çox gözəldir! Burada çox maraqlı bir sual var. Gün batımının gözəlliyi nə qədər müşahidədən, yə’ni, bizim idrakımızdan asılıdı? Əgər biz baxmasaq belə, gözəllik anlayışı mövcud olurmu? Konseptə oturtsaq; bunlar Correlationism-in suallarıdı. Amma təkcə bu deyil. Daha banal nümunələrlə: məsələn, allahın olmadığını deyə bilərikmi; əgər o, bizim idrakımızın...