Skip to main content

Sidik - Hekayə

Sidik   

   Hazırda işəyib-işəməmək arasında böyük bir fərq var. Fərqin adını, miqyasını, mahiyyətini anlamadığımızdan mərcə gəlməyə hazıram. Biz yumaqcıqlarda yüksək qan təzyiqindən qan plazmasının tərkibində olan maddələrin kapilyarların nazik divarından sıxılıb çıxarılması, kapsullara tökülməsi, bu prosesin mayenin təzyiqi bərabərləşənədək davam etməsi, əmələ gələn ilk sidiyin kapsullardan sidik borucuqlarına ötürülüməsi, epitel hüceyrələrinin ilk sidikdən su və digər maddələri sorması və nəticədə son sidiyin yaranması prosesindən də xəbərsizik. Hazırda işəmək uzunmüddətli əziyyətdən, o günlərin bədheybət xatirələrindən sonrakı möhtəşəm rahatlıq və dinclikdir. Ən bayağı formada bunu belə ifadə edə bilərəm.
   Başımdan aldığım qəfil zərbə məni böyrəklərimdən təpikləndiyim saatlara - ikinin yarısına qədər geri qaytardı. Ara qarışıb deyə detalları incəliyinə qədər xatırlaya bilmirəm. Hətta bütün bunların nə qədər real, nə qədər uydurma olduğunu da. Amma təxmin edirəm ki, həmişəki kimi hamı harasa tələsir. Sanki kimsə ucadan sayır, komandaları bağıraraq təkrarlayır, yerdə qalanlar ortaya bomba atılıbmış kimi qaçır, pərən-pərən halda sürətli var-gəl edir, sonra məyusluqla geri qayıdırlar. Bu proses bir neçə dəfə təkrarlanır, nəhayət, bu çaxnaşma bitir və bağırtı getdikcə məndən uzaqlaşmağa başlayır. İndi rəqəmləri aydın eşitmirəm, amma kiminsə ucadan saydığını dəqiq bilirəm. Rəqəmlər artdıqca hərəkətin sürəti də artır, nəriltilərin içindən arabir tanış səslər eşitməyə başlayıram. Saniyələr keçdikcə boğuq atmosfer açılır, sözlərin hər birini başa düşməyə başlayıram. Hətta istəsəm elə bu dəqiqə hamısını sadalaya bilərəm: Tələs! Qəhbə! Ananı! Sənə! Blyət! Göt! Kişi! Yox! Olmaz! Sikərəm!
   Məsələ sözlərdə deyil: onlar gündəlik eşitdiyim, artıq doğmalaşmış sözlərdir, qulağıma tanış ifadələrdir, amma həmin sözlər o qədər qarışıq dalğalarla beynimə nüfuz edir ki,  beyin onları ardıcıl düzməkdə çətinlik çəkir və beləcə mənasız söz yığını ilə təkbətək qalıram. Bir neçə dəqiqə sonra qərara gəldim ki, eyni səslərlə eşitdiyim sözləri ardıcıllıqla düzüm və yaranan cümləni aydınlaşdırım. Qulağıma ən çox gələn səsdən eşitdiklərim isə heç bir ardıcıllıqla cümlə yaratmırdı: 1, 2, 3... Qəhbə balaları... 15, 16, 17... Sikim... 25...27...35...
   Rəqəmlər və söyüşlər bir-birini təxminən bu ardıcıllıqla izləyir, sonda ümumi səs-küyün kəsilməsi ilə nəticələnən nərilti gəlir və rəqəm-söyüş cütlüyü yenidən eşidilir. Ardıcıllıq burada yazdığım kimi olmaya da bilər, əgər sizin ağlınız kəsirsə rəqəmlər və sözlərin yerini dəyişib cümlə yarada bilərsiniz.
   Bir anlıq atamın kölgəsinin mənə yaxınlaşdığını hiss etdim. Həmin anda iki əlimlə başımın üzərində maneə yaradıb-yaratmadığımı dəqiq bilmirəm… Ya da əminəm ki, reflektiv olaraq bunu etmişəm. Kölgənin ayaqları qalxdıqca böyrəyimin ağrıdığını hiss edirdim. Kölgə olduqca sürətli və kəskin hərəkət edirdi və divara yayılıb, böyüyürdü. O böyüdükcə ağrılarım şiddətlənir, nəfəs almağım çətinləşirdi. O anda əllərim xaric, bədənimin bütün əzalarını sərbəst buraxıram və sidiyimin istisini ayaqlarımda hiss edirəm. Bədənimə elə bir rahatlıq hopur ki, əllərimi belə boşaltdığımı hiss etmirəm və qəfil zərbə məni yenidən o rahatlıq kainatından otağımızın küncünə sıxır.
    İndi də kölgələrdən üstümə zəhmli biri yaxınlaşır, yatağıma təpiklə elə bir zərbə endirir ki, qulaqlarım açılır, sözləri aydın eşidə, dərk edə bilirəm. Artıq harda olduğumu təxmin edirəm, hətta bütün rəqəmlərin sirrli anlamını da anlayıram. Gözümün hələ tam açılmadığı dəqiqdir, amma trayektoriyam o qədər incə ardıcıllıq yaradır ki, özümü döşənmiş dəmir yolları üzərində gedən qatara bənzədirəm. Üfunət iyi burnumu açır, beynimə qədər gedir və qəfil ürəkbulanması bütün bədənimi lərzəyə salır. Sözün açığı, bunları xatırladığımı ya da sonradan uydurduğumu dəqiq deyə bilməyəcəm. Bəzən mənə elə gəlir ki, indiki ağır işəmək ağrısı məni tamamilə ayrı kainata keçirib, orda - paralel dünyada başıma gələnləri indiki həyatımla sintez edirəm. Bunun yuxu olmadığından əminəm, çünki yuxuda döyüləndə, ya da həzz alanda ağrı-həzzi hiss edə bilmirəm. Günlərlə yuxuma girən qızı bir dəfə mənimlə yatmağa razı sala bilmişdim, amma onun üzərində olarkən heç bir həzz ala bilməmişdim. Səhər şalvarımdakı sperma qurusu mənə o gözəli xatırladırdı, amma olduğum mühit gecəki hadisənin yuxu olduğundan da əminlik yaradırdı. Qısası, hazırda yaşadığım hiss və ya hadisə qətiyyən yuxuya bənzəmirdi.
    Rəqəmlər daha hirsli və sürətli səslənəndə mən yerdə sürünür, beynimdəki qarışıq addım səslərini aydınlaşdırmağa çalışırdım, amma bu, heç bir işə yaramırdı. Gözümdəki bulanıq görüntüləri də bir araya yığıb bir anlam verə bilmirəm. Hər şey o qədər qarışıqdı ki, mən başqalarının mövcudluğunun şübhəsinə düşürəm. Bəzən belə qərara gəlirəm ki, heç bir obyekt mövcud deyil və bütün bunlar mənim sayıqlamamın ya da illüziyamın məhsuludur, yəni, bütün bu proseslər mənim beynimdə cərəyan edir. Belədə öz varlığımın şübhəsinə dalıram və özümü kənardan izləmək arzusu məni bürüyür. Amma qəfil bir baş ağrısı məni yenidən həmin o küyün içinə atır və hiss etdiyim küt ağrı mövcudluğumun isbatı kimi beynimə dolur. Ağrı bədənimdə hərəkətlənməyə başlayır. Öncə sümüklərim sızıldayır, sonra ağrı sinəmdən fəryad edir və nəhayət o zəhrimarı yenidən böyrəklərimdə hiss edirəm.
    İşin pis tərəfi davamlı hərəkətdə olmağımdı. Harasa sürünür, nəsə edirəm və bu proses o qədər nizamlıdır ki, özüm də təəccübümü gizlədə bilmirəm. Bədənimdə və beynimdəki bölünmə isə işləri korlayır. Özümü vahidləşdirə və bədənimin hərəkəti ilə fikirlərimin balansını yarada bilmirəm deyə, etdiyim nizamlı hərəkətin mahiyyəti mənə əyan olmur.
   Ətrafımda çoxlu insanlar var və hamısı mənlə eyni işi görür. Hamı sürünür, sızıldayır, şikayətlənir və nizamlı şəkildə hərəkət edir. Nəhayət, bu xaotik nizam sona çatır və mən də daxil olmaqla, hamı bir sıraya düzülür, dağılır, yenidən düzülür və hər düzülüşün sonunda ortaya dərin sükut çökür. Kiminsə qəfil “Olmadı” çığırtısı sükutu pozur.
  Beynimin bədənimdən qopduğunu hiss edirəm. Uzaq səmalara doğru yayılan fikir zənciri mənəm. Amma az öncə qarnından aldığı şiddətli zərbədən ikiqat olan da. Hansının daha çox mən olduğunu dərk edə bilməsəm də, səmalarda daha rahat hiss etdiyimi deməliyəm.
  Beynimdəki bu qarışıqlıqla, ətrafımla ümumi hərəkətimizdəki nizamın təzadı məni valeh etməyə başlayır. Addım səsləri o qədər dəqiq ardıcıllıqla axır ki, bu axının içində olmaqdan həzz almağa başlayıram. Bu addımların hansı mahnı taktına uyğun gəldiyini düşünməyə başlayıram. Həmin anda beynimdən möhtəşəm səs ahəngləri qalxmağa başlayır. İllərin çirkabında batan səslər o qədər həzin və gözəl formada bərpa olurlar ki, bütün bədənim titrəyir, aldığım zövq dırnaqlarıma qədər aşağı enir, tükümün ucuna qədər qalxır. İçimdəki sarsıntısız səyahətinə davam edən qanı hiss edirəm. Musiqi həzinləşdikcə kəlmələr aydınlaşır:
I'm gonna tell you something you don't want to hear 
I'm gonna show you where it's dark but have no fear
 Səmalardakı mən kəndimiz, onun yayda quruyan kiçik çayının ətrafına gedir, həzin şırıltını diqqətlə dinləyir, elə oradaca yuxuya gedir. Hərəkətdə olan mənin mühitindəki nizam da bununla pozulur. Sonra qəfil zərbə, qəfil oyanış və hərəkət bərpa olur…
   Az əvvəl üstümə gələn kölgənin bağırtıları ətrafda dərin səssizlik yaradır. Bu elə bir sükunətdi ki, insan zərrələrini hiss etməyə başlayır. Bir neçə saniyə çəkən bu dərin sakitliyi qəfil komandalar, eynitonlu hərəkətlər və nizam pozur. Kölgənin bağırtıları getdikcə aydınlaşmağa, səlis söz yığınlarına çevrilməyə başlayır. Çətinliklə olsa da anlayıram ki, hamımızı gözləyən vəhşi bir təhlükədən söhbət gedir və biz bunun qarşısını mütləq almalıyıq. Nizamlı hərəkət davam edir: az əvvəl sürünən bu insan toplusu indi də cəld addımlarla irəliləyir. Yenə qəfil “Olmadı” bağırtısı, geriyə qaçış, yenidən nizamlı hərəkət və cəld addımlar…
  Çayın kənarındakı balaca evimizin iki qapısı dayanmadan açılıb-örtülür, anam tələsik əlinə keçənləri yığır, nəsə danışır, əsən əllərindən stəkan düşür - mən niyəsə o anı həmişə slo-motion formada xatırlayıram, - yenə tələsir, qapılar örtülüb-açılmağa davam edir və anam qəfil əlimdən tutub məni arxasınca dartır. Qaçırıq… O qədər sürətlə qaçırıq ki… Amma elə təəssürat yaranır ki, sanki biz hərəkətsiz halda dayanmışıq, ətraf isə axır. Çirkin kadrlarda ağaclar çaya, çay daşlara, daşlar torpağa qarışır. Şiddətli külək belə obyektləri bir-birinə bu formada qarışdıra bilməz. Sonra böyük Zil maşınının arxasına məni tullayırlar, qəfil anamdan ayrıldığımı hiss edirəm, gözlərimi ovuram və budur: o qarşımdadı. İndi oturduğum maşının sürəti də o qədər çoxdu ki, o, hər kiçik çuxura düşəndə mənim beynimdəki kadr ardıcıllığını pozur.
   Gözüm açıldıqca özümü 50 yerə parçalanmış vəziyyətdə görürəm: 50 mən. Yox, yox, bunların heç biri mən deyiləm. Amma o qədər oxşarıq ki… Hamımızın gözündə eyni qorxu, eyni ehtiras, eyni bədbinlik var. Hamımız o qədər sakit dayanmışıq ki, ətrafdan gələn ən incə səsləri belə duymaq olur. Sakitlik gözəldi, sükunət möhtəşəmdi. Həmişə düşünmüşəm ki, görəsən, dünyadakı bütün səslər bircə anlıq kəsilsə nə baş verərdi? Bəlkə təbiəti, özümüzü hiss etməyimizə imkan verməyən elə bu mənasız səslərdi? Bəlkə, bütün bu bulanıq səslər - onlar ən dərindən gələn həqiqi sözləri eşitməyimizə imkan vermirlər - kəsiləndə həqiqəti duya, içimizə çəkə bilərik. Kaş ki, bunu yoxlamaq imkanım olardı. Amma bu, heç yuxuda da mümkün deyil. Dəfələrlə özümü ən sakit yuxunun dərinliklərinə tullamışam, ətrafımda olan real və xəyali hər şeydən qaçıb səssizliyə çökməyə çalışmışam, amma hər zaman işləri korlayan bir bədheybət ortaya çıxıb və o sükunətin içində elə bir bağırtı qoparıb ki…
   Bizi harasa aparan maşın özü də bu yolda istəklə addımlamır. Bunu hiss etmək elə də çətin deyil. Bəzən nərildəyir, bəzən yorulur, qısa bir fasilə edir, sonradan daha ağır nəriltilərlə məcbur olduğu bu yola davam edir. Uşaq ikən bunu çox yaşamışam. Ağlamaq, çığırmaq, yorulmaq, fasilə, ağlamaq, möhkəm ağlamaq, çığırmaq, daha möhkəm çığırmaq. Həmişə anladığım bir həqiqət olub: kimsə bu naləni eşitmir. Özümdən başqa…
   Öz qulağını batıracaq dərəcədə qışqırmaq hər yuxunun son anıdı. Oyanmaqdan başqa yol qoymur, insanı həyata, yenidən o çığırtıların addımbaşı eşidildiyi cəhənnəmə qaytarır. Bağırmaq insanın bu həyata qayıtmamaq üçün son cəhdi, son kartıdı. İşə yaramır, çünki cəhənnəm mütləqdi. Mütləq olan tək şey yaşamaqdı. Cəhənnəmdə…
   Yuxudan oyandığım anda qarışdırdığım, dərk edə bilmədiyim bütün detallar qəfil bir yerləşmə ilə yerlərinə oturdu. Bu yerləşmənin sürəti çox kəskindi: onu ölçmək olmur, sadəcə yaşamaq olur… Bura N saylı cəzaçəkmə müəssisəsi, mən Mühafizə Alayının N saylı hərbi hissəsinin əsgəri, bunlar mənim əsgər yoldaşlarım, o bədheybət isə komandir Nadirov… Cəzaçəkmə müəssisəində baş verən qiyam yatırılıb, məhkumlar müəssisənin həyətində dairəvi formada uzadılıb və “sürün” komandası ilə meydan boyu süründürülür. Biz onların süründüyü ərazini dairəvi formada mühasirəyə almışıq, kimsə növbəti addımın nə olacağını bilmir və hamı komanda gözləyir. Ətrafdakı yeganə səs insan dərisinin betonla təmasından yayılan o iyrənc səsdi.
   Məhkumlar 3 dövrə vurandan sonra dəyənəklər işə düşdü. Boğuq səs beynimə o qədər qarışıq formada dolur ki, dərrakəmi nəzarət altına ala bilmirəm. Yeganə istəyim anamın əlindən tutub qaçmaq, yenidən o Zilin arxasına tullanmaqdı. Amma həyat insana ikinci şansı vermir. Məhkumların naləsi o qədər xaotik şəkildə səmaya ucalır və elə bir nizam yaradır ki, bunu istənilən ağının melodiyasına çevirmək olar. Hər kəs öz orqanizminə uyğun ağrı yaşasa da, hamı bu ağrını eyni formada biruzə verir. Sanki hamı eyni anda çığırmağa başlayır, eyni anda dayanır. Ağrının belə özəllikləri də var, deyirlər ki, onu hamı eyni cür yaşayır.
   Məhkumlar dövrə vurduqca dəyənəkli zabitlərin taqətləri kəsilir və getdikcə dəyənək səsləri azalmağa doğru gedir. Qəfildən ortaya zəhmli bir bədheybət çıxır, dayanmadan qəhqəhə çəkir və hamının diqqətini üzərinə çəkir. Məhkumların bağırtılarıyla bu qəhqəhə arasındakı təzad insan beyninin dərk edəcəyi növdən deyil. Həmin bədheybət qısa bir fasilə verir və üzünü bizə tərəf tutub bağırır: “Əsgər, bu əclaflar, bu cinayətkarlar burdan qaçıb getmək istəyirdilər. Əgər çölə çıxsalar, qabaqlarına çıxan hamını - elə götürək sizin ananızı - sikəcəklər! Amma nə qədər ki, onları qoruyan bizik, onlar heç yana çıxa bilməyəcəklər. Onlar bu meydanda saatlarla sürünüb dövrə vuracaqlar. Biz də onları mühasirəyə alacağıq. Tualetə getmək yoxdu, yemək yemək yoxdu, su içmək yoxdu, hətta xəstələnmək, ürəyi getmək və ölmək də qadağandı. Elə indi hamı sikini çıxarsın və qarşısından keçən məhkumun başına işəsin. Bu əmrdir!”
   Uzun müddət bədənimə məhkum edilmiş sidik elə böyük təzyiqlə axır ki, içimdən təkcə sidiyin yox, sanki illərin hirsinin, ağrısının çıxdığını hiss edirəm. Sanki 10 ildir içimdə saxladığım, həmin gündən mənə məhkum edilən sidik damlaları da bədənimdən xaric olub, üzümü, bədənimi hətta bütün zərrələrimi həmin o gün etmədiyim şeyin xoşbəxtliyi rahatladır…

Elvin Jabizadeh, 29.10.2017

Comments

Popular posts from this blog

Fallen Leaves (2023) - sevgi şəfalandırır - Film Analizi

  5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır. Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid. Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq. Simmetriya və balans. Kaurismäki filmlərində kompoz

Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası

Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta "azad bir sevgi eşqinə" ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar. Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi. Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi - sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç fo

Qəfil dayanma hissi - Hekayə

Kimdənsə nigaran deyildim. Amma ürəyim elə bərk döyünürdü ki, öz şüurum və hətta təhtəlşüurumdan belə şübhəyə düşmüşdüm. Əslində döyüntü səslərini məndən kilometrlərlə aralıdan gəlirmiş kimi eşidirdim: boğuq, manelərə toxunub sınan səslər... Qəlbdən aralı düşmək, yəqin, buna deyilir. Mənim misalımda, bu, heç də qəribə deyil. İllərdi o səsə qulaq asmamışdım. Deyəcəkləri vardısa belə, ona bu imkanı verməmişdim. Bəzən möhkəm sızıldayır: kəskin ritmləri deşəcək dərəcədə sərt vuruşlar edir bədənimə. Dözürəm. Ürəklə mənimki tutmur. Onsuz yaşaya bilməyi sevə-sevə qəbul edərdim. Mənimki beyindi: sadə riyazi məntiq. 2+2=4 bütün suallarımın cavabıdı. Hər yolda iki seçim olduğunu qəbul etmişəm: orta yol yoxdu. Belə yaşamaq daha asandı, deyirlər, amma mən təkcə çətin tərəflərini görmüşəm. Özünü dəmir yollardakı sürət qatarı kimi düşün. Seçimlər konkretdi, ayrı yolda getmək şansın yoxdu, hara nə vaxt çatacağın vaxt belə dəqiqəsinə qədər hesablanıb. Qəfil dayanmaq istəyirsən - bu, hər zaman lazım