Skip to main content

Qəhrəman Sovet ordusu - Video

 


27 yanvar tarixin çirkli səhifələrindən birinin bağlandığı gündü. Auschwitz həbs düşərgəsi məhz həmin gün qəhrəman Sovet orudusu tərəfindən azad edildi. 7000 yəhudini xilas edən bu hadisə tarixə möhtəşəm bir ordunu zəfər və sülh simvolu kimi daxil etdi. Bəli, Qızıl Ordu bütün Avropanı faşizmdən xilas etmişdi. Qəhrəman əsgərlər öz qanları və canları hesabına milyonlarla insanın xilaskarına çevrilmişdi. Və bu, çılpaq həqiqət idi...

Sovetlər bundan məharətlə istifadə etdi. Kino, ədəbiyyat, musiqi, rəsm - bütünlüklə sənət məhz bu simvolu əbədiləşdirmək üçün səfərbər edildi. Sovet vətəndaşının hafizəsinə gülərüzlü, qadınlara ətirli güllər paylayan, işgəncə kamplarında zərər görənləri ordan xilas edən bir obraz həkk edildi.

Təxminən yarım əsrlik bu qəhrəmanlıq nağılları 1990-larda dağılmağa başladı. Qəhrəman ordu, öz ölkəsinin müxtəlif şəhərlərini qana boyadı. Amma yaddaşında qəhrəman əsgər portreti qalanların bəzi həqiqətləri öyrənməsi illər çəkdi. Bəzilərinə isə, bu, ümumiyyətlə müəssər olmadı.

Tarixçi Miriam Gebhardt və həmkarları "Əsgərlər Gələndə" (Als die Soldaten kamen) tipli kitablar və filmlərlə bəzi həqiqətləri ortaya çıxardılar. İddialar arasında fantastik rəqəmlər var, amma ciddi mənbələrə görə, təkcə müqəddəs və qəhrəman sovet ordusu 100 mindən çox alman qadına təcavüz etmişdi. Özü də təkcə Berlin şəhərində... Minlərlə qadının bu travmadan sonra intihar etdiyi də iddialar arasındadı, hərçənd, bu tip statistikalara skeptik yanaşmaqda fayda var.

İndi nə SSRİ, nə də Qızıl Ordu var idi. Qərb təbliğat maşını üçün ideal imkan yaranmışdı. Tarixin ən böyük ləkəsini təmizləyən SSRİ-nin balansındakı bu müsbəti də neqativə çevirərək, onu yaddaşdan silmək üçün film ardınca film, kitab ardınca kitab ortaya çıxdı. Və sözsüz ki, indi ən effektiv silah günahsız, zorlanmış alman qadınları idi. Hədəf isə nə Stalin, nə də bir başqası idi. Dünya üzərində kabus kimi dolaşan, ən böyük zərbələrindən birini elə sovetlərdən alan bərabərlik ideyası kapitalist sistemin nişangahında idi. İndi bu fikirləri yaymaq lazım gəlirdi: kommunizm faşizmdən də dəhşətlidir. Kommunizm əsla geri gəlməməlidir. Kommunizmin tarixi cinayətlərlə doludu və s.

Mass-media bir faktı unudurdu. Və o əlahəzrət faktı Miriam Gebhardt öz əsərində bizə xatırladır. Təkcə 190 min alman qadını amerikan əsgərləri tərəfindən təcavüzə məruz qalıb. Bütövlükdə müttəfiq qüvvələri 860 min qadına təcavüzdən məsul idi. Deməli, qadın zorlayan təkcə kommunistlərin qanlı ordusu deyildi...

Artıq Sovet təbliğat maşını mövcud olmadığına görə, bu faktlardan elə də çox danışılmırdı. Növbə beyinlərə “qırmızı təcavüzçü ordu” portretini həkk etdirməyin idi. Yenə də qadınlar, günahsız mülki əhali və onların yaşadıqları bir təbliğatın alətinə çevrilmişdi.

Bu, təkcə zorakılığa məruz qalan qadınlarla bağlı dəhşətin detallarıdı. Mülki əhaliylə amansız rəftar, dağıdılmış, qarət edilmiş evlər, xarabalığa çevrilmiş şəhərlər - sadəcə qalib ordunun qısamüddətli əyləncəsinin nəticəsi idi.

Əlbəttə, faşizm daha dəhşətli səhnələrə səbəb olmuşdu. Kimsə bunu inkar edə bilməz, hətta buna cəhd də mənasızdı. Amma istər faşist ordusu, istər sovet ordusu, istərsə də müttəfiq qoşunlarının gəlişindən zərər çəkənlər niyəsə, əsla dəyişmirdi. Günahsız, müdafiəsiz mülki əhali. Hər ordu arxasında milyonlarla məhv olmuş həyata dair hekayələr qoyub getdi. Nə hikmətdisə, hətta qəhrəman ordular da…

İkinci Dünya Müharibəsinə səbəb olan faktorlar haqqında əlavə danışmaq fikrim yoxdu. Molotov-Ribbentrop paktından başqa bir şey bilməyən adamlarla tutuquşu mübahisəsi niyyətim də. Amma araşdırmaq istəyən, qərb şirkətlərinin faşizmi necə yüksəltdiyini, SSRİ-nin alman solunu necə üzüstü buraxdığını anlamaq istəyənlər üçün məlumat bölməsinə bir link yerləşdirəcəm. Həmin link sadəcə giriş mahiyyəti daşıyır. Belə geniş mövzuları düzgün qavramaq üçün sadəcə araşdırmaq lazımdı. Youtube çirkabından və ümumiyyətlə çirkli informasiya axınından qorxmadan… Dünya müharibəsinin qarşısını almaq, dünyanı bu fəlakətdən xilas etmək mümkün idi. Amma dövlət varsa, müharibə də qaçılmazdı…

Təbliğat qurbanı kimi dərk etmədiyimiz həqiqətlər periodik olaraq qarşımıza amansız cəzalar kimi çıxır. Müqəddəs ordunun yoxluğunu, ordunun, gücün, polisin - bütün faciələrə səbəb olan əlahəzrət dövləti qorumaq üçün vasitədən başqa bir şey olmadığını dərk edənə qədər obrazımız sadəcə qurbanı oynamaq olur.

Sadəcə Vikipediaya baxmaq kifayətdi: aktiv əməliyyatlarda iştirak etmiş hər bir ordunun balansında müharibə cinayətləri var.

Kimsə ordumuzun müharibə cinayətləri törətmədiyini iddia edirsə və faktlar axtarırsa, Amnesty International kimi təşkilatların hesabatlarına nəzər sala bilər. Sitat: Müharibə dövründə həm Azərbaycan, həm də Ermənistan ordusu hərbi cinayətlər törədib. 

Qısası, müharibə cinayəti, hərbi cinayət kimi xarakterizə edilən aktlarda fərdi günahkarlar axtarmaq mənasızdı. Qayıdaq əsas mövzuya: A Woman in Berlin adlı bir film var. Film 1945-ci ilin 20 aprel - 22 iyun tarixləri arasında, Berlinin tutulduğu dövrdə sovet ordusunun təcavüzlərini qeydə alan anonim bir qadının xatirələri əsasında çəkilib. Əlbəttə, bu anonim xatirənin Qırmızı Ordu, sovetlərə qarşı təbliğat vasitəsi kimi istifadə edilməsi şübhəsizdi. Amma xatirələrdə yazılanları dəstəkləyən yüzlərlə şahid ifadələri, bunun əsasında çəkilmiş sənədli filmlər, reportajlar, məqalələr, keşişlərə danışılan hekayələr olduğu üçün onu birdəfəlik kənara atmaq olmaz. Hətta belə faktları tədiqləyən, Berlin döyüşlərinin iştirakçısı olan və zorakılıq, təcavüz faktlarını təsdiqləyən sovet əsgərləri də var. Filmin özü o qədər də uğurlu alınmayıb. Amma xatirələri oxumaq imkanınız yoxdursa, onu izləyə bilərsiz. Bu mövzuda çəkilmiş filmlər barədə ətraflı isə mütləq ayrıca videoda danışmaq lazımdı.

Əgər Sovet ordusunun qəhrəmanlaşdırılmasından, müharibənin romantikləşdirilməsindən düzgün nəticəni çıxarmasaq, tarix bizi növbəti dəfə, bəlkə daha amansız formada cəzalandıracaq. Bəlkə də ordu, dövlət barədə lap başdan düşünməliyik. Hələlik!
 

Comments

Popular posts from this blog

Fallen Leaves (2023) - sevgi şəfalandırır - Film Analizi

  5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır. Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid. Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq. Simmetriya və balans. Kaurismäki filmlərində kompoz

Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası

Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta "azad bir sevgi eşqinə" ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar. Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi. Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi - sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç fo

Qəfil dayanma hissi - Hekayə

Kimdənsə nigaran deyildim. Amma ürəyim elə bərk döyünürdü ki, öz şüurum və hətta təhtəlşüurumdan belə şübhəyə düşmüşdüm. Əslində döyüntü səslərini məndən kilometrlərlə aralıdan gəlirmiş kimi eşidirdim: boğuq, manelərə toxunub sınan səslər... Qəlbdən aralı düşmək, yəqin, buna deyilir. Mənim misalımda, bu, heç də qəribə deyil. İllərdi o səsə qulaq asmamışdım. Deyəcəkləri vardısa belə, ona bu imkanı verməmişdim. Bəzən möhkəm sızıldayır: kəskin ritmləri deşəcək dərəcədə sərt vuruşlar edir bədənimə. Dözürəm. Ürəklə mənimki tutmur. Onsuz yaşaya bilməyi sevə-sevə qəbul edərdim. Mənimki beyindi: sadə riyazi məntiq. 2+2=4 bütün suallarımın cavabıdı. Hər yolda iki seçim olduğunu qəbul etmişəm: orta yol yoxdu. Belə yaşamaq daha asandı, deyirlər, amma mən təkcə çətin tərəflərini görmüşəm. Özünü dəmir yollardakı sürət qatarı kimi düşün. Seçimlər konkretdi, ayrı yolda getmək şansın yoxdu, hara nə vaxt çatacağın vaxt belə dəqiqəsinə qədər hesablanıb. Qəfil dayanmaq istəyirsən - bu, hər zaman lazım