Skip to main content

Max von Sydow - aktyorluq, sıxıcı filmlər və Ingmar Bergman barədə - Müsahibə

 


- Film təklifləri arasında necə seçim edirsiz? Prioritetləriniz nədir?

- Özümü təkrarlamamağa çalışaraq. Bu tələyə düşməmək üçün gənc yaşlarımdan əlimdən gələni etmişəm. Həm izləyici üçün sıxıcı olmaq təhlükəsi var, həm də, daha vacibi, özüm bezirəm. Setdən bezən aktyor, təsəvvür edin. Eyni hərəkəti neçə dəfə oynaya bilərsiz? Bezmək ən bərbad şeydi aktyorluqda, məncə, həyəcanınız olmasa, məhv olarsız. Həm də, illah ki, işləmək məcburiyyətim yoxdu artıq.

- Aktyorluqda nələr önəmlidir sizin üçün?

- Maraq, həyacan, hazırlıq, disiplin kimi şeyləri saya bilərəm, amma sevərək etmək istədiyiniz bir şey olmalıdı, maraqlı olması da önəmlidi… Sıxıcılıq, sevgisizlik, ortabablıq öldürücü şeylərdi. Həyatda da elə deyilmi?

- Ssenarilər o qədər təkrarçı olub?

- Mənə gələn əksər ssenarilərdə oxşar qoca adam hekayələri var. Bu da, əsasən, ssenarinin yarısında ölməyiniz və acınacaqlı bir vida ilə yas mərasiminizin olması deməkdi. Kimlərinsə babası olaraq ürəkləri ovudacaq bir hekayəyə material olmağın cazibəsi yoxdu, açığı. Belə acınacaqlı hekayələrin bəlli bir dərinliyi olmalıdı ki, ona dözək. Qısası, maraqlı rollar tapmaq asan deyil. Ona görə də, məsələn, Extremely Loud & Incredibly Close və Stephen Daldry kimi rejissor adını eşidəndə sevincdən tullanıb-düşürsən. Dünya müharibə və konfliktlərlə tari-mar olur, aydındı ki, insanlığın yüz illərdir öyrəndiyi bir şey yoxdu, eyni zorakılıq davam edir. Bu hekayədə isə itki, yas hissi həssaslıqla işlənib. Anlayış və dirənişlə, asana qaçmadan tamamlanıb. Daha yaxşı gələcək ehtimalını sevirəm. Həyat yoldaşımla birlikdə oxuyanda inanılmaz dərəcədə təsirlənmiş və rolu qəbul etməyə qərar vermişdik.

- Filmdəki obrazınız keçmişindəki travma səbəbilə danışmaqdan imtina edən biridi. Bu rola necə hazırlandız?

- Möhtəşəm, keyf verən kəşflərdi bunlar. Səsiniz çıxmır, amma ətrafınızdakılarla kommunikasiya içindəsiz. Danışmamaq dərdinizi izah etməmək mənasına gəlmir. O da olduqca normal adamdı əslində, sadəcə, kağıza yazaraq danışır. Ən önəmlisi, jest və mimikalarla özünü ifadə edir. Məncə, bir aktyor üçün nadir tapılan bir fürsətdi bu. Yas tutmaq, bir növ dünyaya küsmək, daha dərinlərdə günahkarlıq duyğusu, özünü bağışlaya bilməmək…

- Ölümlü varlıq olduğunu qəbul etmək də var bunun içində, elə deyil?

- Əlbəttə, buna görə, günahkarlıq duyğusu ilə dolursan. Ölənin arxasınca qalan olmaq tənhalaşdıran bir şeydi. Sanki, siz əlinizdən gələni etmədiyiniz üçün bütün bunlar baş verib. Son bir söz, bir salam verməmək və sonsuza qədər bunu reallaşdıra bilməyəcəyinizi anlamaqdan da qaynaqlana bilər bu. Amma həyatda olanlarla kommunikasiya qura bilmirik ki, ölənlərlə də halallaşaq. Kommunikasiya hər formada çətindi. İnsan öz eqosundan az da olsa sıyırılıb, baxa bilsə qarşısındakına, kaş ki. O zaman başqası deyə bir şey olmadığını anlayar. Dolayısı ilə, bu filmi sevirəm. Sonunda ümid olması, sevgini baş tacı etməsi mənə çox yaxşı təsir etdi.

- Adətən, yaradıcı rejissorların setlərdə diktator kimi rəftar etməsindən danışılır, məsələn, Ingmar Bergman kimi işinə nəzarəti əsla əlindən verməyən ustalar… Bergmanla ortaqlığınızı danışa bilərsizmi? Setlərin xoş ortamı var idi?

- İnanılmaz dərəcədə əyləncəli rejissor idi Bergman. Qulağa şok kimi gələ bilər, amma belədi. Əlbəttə, çox disiplinli idi, məni də bu formada yetişdirdi. Nə xoş ki! Həmişə hazırlıqlı idi. Çox nəzarətçi idi, amma elə olmağı lazım idi. Hər detalı əvvəlcədən düşünür, yenə də narahat olurdu - yaradıcılıq sancısı belə bir şeydi. Amma setə gəlincə, çox mərhəmətli və anlayışlı idi. Bezdirici olmadan öyrədə bilən çox az saylı insanlardan biri idi. Əlbəttə, çox qarışıq adam idi, amma o dövrdə hamımız eləydik. Həyəcanı, ehtirası, enerjisi dəhşətli dərəcədə yoluxucu idi. Gəncliyin də rolu var idi, ehtiraslı dönəmlər idi. Bir neçə əla rejissorla işləmişəm, məsələn, Martin Scorsese, Steven Spielberg, David Lynch və s. Amma hər şeydən əvvəl ona çox şey borcluyam. Bergman sayəsində burada, qarşınızdayam.

- Bəs dostluğunuz?

- İlk andan etibarən anlaşdıq onunla. Bu dünya və sonrası, eyni şeylə maraqlanırdıq, yəni, varlığımız, ekzistensializm barədə. İnsan o yaşlarda hər şeyi öyrənmək və anlamaq, nələrəsə məna vermək, yaratmaq istəyir. Aramızda 10 yaş fərq var idi, bir az böyük idi məndən, amma nəticədə, ikimiz də gənc idik, yəni, sonsuz bir maraqla həyatı incələməyə, daxili dünyamızdakı fırıtınaların öhdəsindən gəlməyə çalışırdıq. Teatr və kino arasında gedib-gələrək, möhtəşəm bir qaçaqaçla keçdi illərimiz. Onun üçün həmişə darıxıram.

- Ölüm qarşısındakı çarəsizliyimiz və bu həyatdakı məna axtarışımızla bağlı ağla min cür ssenari gəlsə də, Det Sjunde Inseglet (The Seventh Seal) bunların içində başdadı, sössüz. Yarım əsr sonra film sizinçün nə ifadə edir?

- Bir şedevr olacağını bilmirdik, əlbəttə. Bergman onu məktəb uşaqları üçün tamaşa kimi yazmışdı. Belə bir ssenari ilə ortaya çıxacağını təxmin etmirdik. Qışda teatrda məşğul olduq, qalan vaxtlarda filmi çəkdik. İndi filmə baxanda, bu həyatdakı çarəsizliyimizlə bağlı təsirli bir film olduğunu görürük. O vaxtlar abstrakt düşüncələri müzakirəyə açmaq, həyata mümkün qədər məna yükləmək və sonra da bu tənliyi pozmağa meyilli idik, bəlkə də. Bilmirəm, amma aktyorluğumun sonradan inkişaf etdiyini görürəm.

- Necə yəni?

- Mən teatrda başlamışam və kinonu Bergmanla kəşf etmişəm. Onun da bəlli tələbləri var idi. İndi bəzi rollarımın teatral olduğunu düşünürəm. O vaxt belə lazım gəlirdi, rola görə, əlbəttə.

- Son dərəcə müxtəlif filmlərdə rol almısız, sizin üçün xüsusi olanlar hansıdı?

- Hamısı xüsusidi - deyib mövzunu bağlayım? Komediya, dram, faciə - hər janrı sevirəm, yetər ki, maraqlı bir rol olsun.

Comments

Popular posts from this blog

Fallen Leaves (2023) - sevgi şəfalandırır - Film Analizi

  5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır. Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid. Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq. Simmetriya və balans. Kaurismäki filmlərində kompoz

Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası

Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta "azad bir sevgi eşqinə" ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar. Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi. Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi - sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç fo

Qəfil dayanma hissi - Hekayə

Kimdənsə nigaran deyildim. Amma ürəyim elə bərk döyünürdü ki, öz şüurum və hətta təhtəlşüurumdan belə şübhəyə düşmüşdüm. Əslində döyüntü səslərini məndən kilometrlərlə aralıdan gəlirmiş kimi eşidirdim: boğuq, manelərə toxunub sınan səslər... Qəlbdən aralı düşmək, yəqin, buna deyilir. Mənim misalımda, bu, heç də qəribə deyil. İllərdi o səsə qulaq asmamışdım. Deyəcəkləri vardısa belə, ona bu imkanı verməmişdim. Bəzən möhkəm sızıldayır: kəskin ritmləri deşəcək dərəcədə sərt vuruşlar edir bədənimə. Dözürəm. Ürəklə mənimki tutmur. Onsuz yaşaya bilməyi sevə-sevə qəbul edərdim. Mənimki beyindi: sadə riyazi məntiq. 2+2=4 bütün suallarımın cavabıdı. Hər yolda iki seçim olduğunu qəbul etmişəm: orta yol yoxdu. Belə yaşamaq daha asandı, deyirlər, amma mən təkcə çətin tərəflərini görmüşəm. Özünü dəmir yollardakı sürət qatarı kimi düşün. Seçimlər konkretdi, ayrı yolda getmək şansın yoxdu, hara nə vaxt çatacağın vaxt belə dəqiqəsinə qədər hesablanıb. Qəfil dayanmaq istəyirsən - bu, hər zaman lazım