Skip to main content

Film Analizi necə edilir? - #1 | Məzmun və qatları

 


Film analizi iki mərhələ üzrə aparılır:

Məzmun
Forma (mizansen - Mise-en-scène)


Məzmun baxımından filmin əsasən 4 qatı olur: açıq anlam, istinad anlam, örtük anlam, ideoloji anlam qatları… Bunların ikisi konkret, ikisi mücərrəd qatlardı. Klassik film rejissorun məzmunu formaya çevirməsidi. Post-modernist filmlərdə məzmun və forma əlaqəsi fərqlidi. 

Eyni zamanda, Tarkovski, Berqman, Kaufman kimi rejissorlar “kino dili” anlayışına fokuslanaraq, məzmundan daha çox təsvir dili yaradırlar. Vizual dil, kino dili o deməkdir ki, film öz kadrları ilə danışır, dialoqa, monoloqa, kadrarxası səsə çox ehtiyac duyulmur.

Açıq anlam qatı

Konkret qatdı. Prinsipcə, şərhə çox açıq deyil. Əsasən, sinopsisdə yazılan, izləyicilərin ilk ağlına gələn, dolayısıyla ilk oxunan qat. Məsələn, X filmində Nigar ailəsinin təzyiqindən bezib qaçır, ailəsini onu izləyir, evə həbs edir, Nigar evdən qaçmaq üçün mübarizə aparır və iş tapa bilməsi ilə bunu bacarır. Filmin açıq anlam qatı budu.

İstinad (referans) anlam qatı

Konkret qatdı. Prinsipcə, şərhə o qədər də açıq deyil. Bu, filmin keçdiyi zamana, perioda, dövrə istinad edir, onu bizə göstərir. Bu, heç də həmişə birbaşa edilmir. Məsələn, X filmində Nigar evdə həbs olunanda TV-dən gələn səsdə prezidentin Füzuli şəhərinin azad edildiyini elan etməsini eşidirik. Bu qədər açıq olmaya da bilər. Yəni, bəzi rejissorlar açıq şəkildə zamana vurğu etməkdən uzaq dururlar. Kimsə zamanı önəmsiz sayır, o düşüncədədir ki, Nigarlar hər dövrdə təzyiqə məruz qalır, bunu dövrə sıxışdırmaq lazım deyil və ya filmi lokallaşdırmaqdan çəkinir və ya ümumiyyətlə buna əhəmiyyət vermir. Bəzən dövrü anladan detallar ayrı-ayrı zamanlarda rastımıza çıxır, onlar kompleks şəkildə zaman-məkan anlayışını yaradır. Deyək ki, Nigar evdən qaçdığı dövrdə gah qarşısına əsgərlərlə dolu, yola salınan avtobuslar çıxır, gah ayaqsız cavanlar, gah bayram coşqusu, narahat simalar və s görürük. Bunlar kompleks şəkildə bizə dövrü izah edir.

Örtük anlam qatı

Bu, artıq mücərrəd qatdı. Şərhə açıqdı, hətta şərhə ehtiyac duyur. Qəhrəmanın probleminə fokuslanaq. Nigarın probleminin nəticəsi onun təzyiqə məruz qalmasıdı, amma problemin özü onun ailəsi ilə eyni düşüncədə olmaması, kollektivin ziddinə getməsidi. Sözsüz ki, filmdə Nigarı daha rəngli, daha coşqulu göstərməklə problemin bədii həllini tapmaq olar. Problem - ziddiyyətdi və bu müxtəlif formalarda kino dilinə çevrilə bilər: valideynlərin Nigardan tələbləri, onun etirazları və s. Problemin qoyuluşu ilə müəllif Nigarın həyat gedişatını göstərir. Yəni, problem qoyuluşundan etibarən biz Nigarın problemlə iç-içə irəliləyişini görəcəyik. Təslim olacaqmı, çevrilməsi necə baş verəcək və s.

İdeoloji anlam qatı

Bu da mücərrəd qatdı, birmənalı şəkildə şərhə ehtiyac duyur. Film feminist ideoloji əsaslarda çəkilib, fərz edək. Belədə biz bu filmdəki mesajı həmin ideologiya kontekstində oxuyacağıq. Bütün filmləri “qazıb” bu qata gəlib çıxmalıyıq. Bu film nə demək istəyir? Klassik filmdə əsas budu. Bizim filmdə Nigar, fərz edək ki, iqtisadi müstəqillik əldə edib, ev - həbsxanasından canını qurtardı. Deməli, rejissor demək istəyir ki, iqtisadi müstəqillik ən vacib olanıdı. Əlbəttə, film bu qədər banal olmağa məcbur deyil. Sadəcə, daha aydın olsun deyə, ən sıradan bir nümunə şəklində izah etməyə çalışıram. Yaxşı film o halda deyirik ki, film mesajını orijinal bir bədii, məzmun həlli ilə ortaya qoyur. Əlbəttə, mən dərhal öz hələ ki dəyişməz fikrimi təkrar edim: film mesaj verməyə məcbur deyil. Bu gün isə biz klassik kinodan danışırıq və bu strukturu yıxmaq üçün mütləq şəkildə onu bilməliyik, analiz etməliyik. Film nə qədər banaldırsa, mesaj o qədər çılpaqdı: məsələn, Ngarın filmdə daima təkrarladığı bir cümlə ola bilər: bircə işə qəbul etsəydilər, hamınızdan canım qurtarardı. Bu ideoloji qatda rejissor sistem tənqidi də edəcək, böyük ehtimalla. Marksistdirsə, işverənlərin, dövlətin əlbir olub, insanları necə istismar etdiyini, insanların işə möhtac olmaları və s.

Müəllif kinosu, sənət kinosu bu tip klassifikasiyaya uymaya bilər. Yəni, rejissor bu struktur içində olmayan filmlər yaradır. Amma onlar bunu həmin struktura çox yaxşı bələd olaraq edirlər. Elə hər dağıdıcı davranış şablonu yarmaq demək deyil. Nəyi dağıtdığını yaxşı, hətta çox yaxşı bilməlisən.

Comments

Popular posts from this blog

Fallen Leaves (2023) - sevgi şəfalandırır - Film Analizi

  5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır. Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid. Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq. Simmetriya və balans. Kaurismäki filmlərində kompoz

Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası

Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta "azad bir sevgi eşqinə" ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar. Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi. Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi - sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç fo

Qəfil dayanma hissi - Hekayə

Kimdənsə nigaran deyildim. Amma ürəyim elə bərk döyünürdü ki, öz şüurum və hətta təhtəlşüurumdan belə şübhəyə düşmüşdüm. Əslində döyüntü səslərini məndən kilometrlərlə aralıdan gəlirmiş kimi eşidirdim: boğuq, manelərə toxunub sınan səslər... Qəlbdən aralı düşmək, yəqin, buna deyilir. Mənim misalımda, bu, heç də qəribə deyil. İllərdi o səsə qulaq asmamışdım. Deyəcəkləri vardısa belə, ona bu imkanı verməmişdim. Bəzən möhkəm sızıldayır: kəskin ritmləri deşəcək dərəcədə sərt vuruşlar edir bədənimə. Dözürəm. Ürəklə mənimki tutmur. Onsuz yaşaya bilməyi sevə-sevə qəbul edərdim. Mənimki beyindi: sadə riyazi məntiq. 2+2=4 bütün suallarımın cavabıdı. Hər yolda iki seçim olduğunu qəbul etmişəm: orta yol yoxdu. Belə yaşamaq daha asandı, deyirlər, amma mən təkcə çətin tərəflərini görmüşəm. Özünü dəmir yollardakı sürət qatarı kimi düşün. Seçimlər konkretdi, ayrı yolda getmək şansın yoxdu, hara nə vaxt çatacağın vaxt belə dəqiqəsinə qədər hesablanıb. Qəfil dayanmaq istəyirsən - bu, hər zaman lazım