Skip to main content

İki nöqtə arasında - Hekayə

Baş verməli olanların baş verməsinin gətirdiyi rahatlıqla ondan hiss edilən məyusluğun tam ortasındakı boşluğa fokuslandı. Qaranlıq nöqtə gözündə böyüdü, əvvəlcə ətrafı iyrənc şəkildə əyməyə, daha sonra isə sürətlə udmağa başladı. Qaranlıq N-in özünə çatanda sürəti azaldı. Onu tam udmadı, sağ əlin baş barmağını tam yedi, ortancıl barmaqdan ancaq dırnaq hissəsini, burnunu ikiyə bölüb, yarısını apardı, gözlərinin birini hədəqəsindən çəkib çıxardı, içalatını ağzından tozsoran kimi sorub götürdü və sanki işini bitiribmiş kimi qəfil kiçildi, əvvəlki kimi nöqtəyə döndü. Qaranlıq N-i çirkin həyatına geri qaytarıb, missiyasını tamamlamışdı. Ağrı, qorxu, sevinc, kədər kimi duyğuları da özü ilə aparmış, geriyə sadəcə rahatlıq və məyusluğu qoymuşdu. İndi N ətrafındakı və içindəki heçlikdə tək qalmaq fürsəti qazanmışdı. Amma bununla nə edəcəyi barədə heç bir düşüncənin olmaması qəribə təzad yaradır. Düşünmədən yaşamaq üçün könüllü imtina vacibdir, düşünə bilmədiyini düşünə bilməmək və ya düşünmə prosesi barədə düşüncədən məhrum qalmaq bu qəbildən deyil. Bundan sonra təsvir də qüvvəsini itirir, çünki N haqqında deyilən heç bir şey etibarlı bilgi deyil və onları asanlıqla üçüncü gözün təxəyyül məhsulu saymaq olar. “N-ə elə gəldi ki…” Hardan? Nə gəldi? Necə gəldi? N-ə düşüncə xarici “nəsə gəlirsə”, biz bunu necə rasionallaşdıra bilərik? Necə əmin ola bilərik ki, N-in davranışları və bizim bu davranışlara verdiyimiz şərhlər üst-üstə düşür və ya, heç olmasa, bir-birinə yaxındır? Üçüncü göz özünü aldatmamaq üçün mümkün qədər şərhlərdən çəkinməli, N-in davranışlarındakı mütiliyə diqqət kəsməlidir. “N yerindən qalxdı, addımladı…” Hara? Necə? Heçlikdəki hərəkəti necə görürük? Bu barədə fəlsəfi fikirləri qurdalamaq niyyətində deyiləm. Elektromaqnetik spektrumun çox kiçik bir qismini görən gözlərlə N-in hərəkətlərini görməmək bəs qədər məntiqlidir. 

Bir az tanrı obyektivindən baxmağa çalışıram. Söhbət yaradıcı bir qüvvənin baxışından getmir, quşbaxışı dediyimiz rakursun bədii adını nəzərdə tuturam. Niyə qəhrəmanlarımıza içindən çıxa bilməyəcəyi çətinliklər, problemlər yaradırıq? Niyə onları sonsuz ağrı və əzablarla yükləyirik, niyə çox kiçik ipucu və dəstəklərlə həyatdan qopmamalarını istəyirik? Məsələn, mən niyə N-i elə bir situasiyaya saldım ki, indi nə etdiyini təsvir etmək mümkünsüzə çevrildi? Axı, hekayə çox sadə də ola bilərdi: N məyusluq və rahatlıq arasında qaldı və öldü. Sizə bütün hekayələrin onurğa sütunundan danışıram. Qəhrəmanı özümüzün qorxduğumuz, altında əzildiyimiz, dözə bilmədiyimiz ağrılarla mübarizə aparıb, qalib gəlib, bizi katarsisə çatdırması üçün yaratmışıq, bunda həmfikirik. Bəs N-in günahı nədir? Onun çəkdiyi ağrıları, hədsiz işgəncələri hara yazaq? Qalaq-qalaq yarımçıq hekayələr, qalaq-qalaq qəhrəmanlar uğursuz bir yazarın əsas problemi kimi görünür. Amma məni həmişə o kağızların içindəki obrazlar düşündürür. İşgəncə otaqları ilə bağlı səhnə yazırsan, kiminsə kəlbətinlə dırnaqlarını çıxarırlar, sən də siqaretindən tüstü ala-ala qəfil fikrini dəyişib, keçirsən, deyək ki, xəyanətlə bağlı bir səhnəyə. Üç adamın həyatını məhv edib, üstəlik, onu yarımçıq qoyub, yeni bir səhifədə müharibədə, mühasirədə güllə yarası almış əsgərin ağrılarından yazmağa başlayırsan. Mən bütün problemləri həll edən tanrını oynamaqdan danışmıram, əlbəttə, açıq sonlar həyatın özü qədər realdır, amma kağız və ya bir elektron faylda sıxışıb qalan obrazlarla nə etməli? 

N-ə qayıda bilmirəm, onunla nə edəcəyimi bilmirəm. Təkcə müşahidə özlüyündə kifayət deyil, çünki qavranılması xeyli çətindir. Məsələn, dəqiq olan odur ki, N iki ölçülü bir dünyadadır, ətrafında iki duyğudan ibarət nöqtələr var. N birini seçməlidir və dayanmadan rahatlığa doğru qaçır. Amma o qaçdıqca rahatlıq uzaqlaşır, N fikrini dəyişib, məyusluğa sığınmaq üçün əks tərəfə doğru yol alır. İndi də məyusluq eyni oyunu oynayır, qaçdıqca qaçır, uzaqlaşdıqca uzaqlaşır. N dairəyə düşür, dəfələrlə hər iki duyğuya doğru qaçır, yorulur, dizləri üstə çökür və bunu hansı nöqtədə etməsindən asılı olmayaraq, duyğuların ikisi də ona eyni dərəcədə uzaqlıqda qalır. 

Bəlkə də ədəbiyyatda çox az rast gəlinən hadisələrdən biridir: yazıçı oxucudan soruşmaq məcburiyyətindədir. N-lə nə etməliyəm? 


24.09.2022

Elvin Cəbizadə


Comments

Popular posts from this blog

Fallen Leaves (2023) - sevgi şəfalandırır - Film Analizi

  5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır. Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid. Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq. Simmetriya və balans. Kaurismäki filmlərində kompoz

Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası

Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta "azad bir sevgi eşqinə" ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar. Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi. Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi - sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç fo

Qəfil dayanma hissi - Hekayə

Kimdənsə nigaran deyildim. Amma ürəyim elə bərk döyünürdü ki, öz şüurum və hətta təhtəlşüurumdan belə şübhəyə düşmüşdüm. Əslində döyüntü səslərini məndən kilometrlərlə aralıdan gəlirmiş kimi eşidirdim: boğuq, manelərə toxunub sınan səslər... Qəlbdən aralı düşmək, yəqin, buna deyilir. Mənim misalımda, bu, heç də qəribə deyil. İllərdi o səsə qulaq asmamışdım. Deyəcəkləri vardısa belə, ona bu imkanı verməmişdim. Bəzən möhkəm sızıldayır: kəskin ritmləri deşəcək dərəcədə sərt vuruşlar edir bədənimə. Dözürəm. Ürəklə mənimki tutmur. Onsuz yaşaya bilməyi sevə-sevə qəbul edərdim. Mənimki beyindi: sadə riyazi məntiq. 2+2=4 bütün suallarımın cavabıdı. Hər yolda iki seçim olduğunu qəbul etmişəm: orta yol yoxdu. Belə yaşamaq daha asandı, deyirlər, amma mən təkcə çətin tərəflərini görmüşəm. Özünü dəmir yollardakı sürət qatarı kimi düşün. Seçimlər konkretdi, ayrı yolda getmək şansın yoxdu, hara nə vaxt çatacağın vaxt belə dəqiqəsinə qədər hesablanıb. Qəfil dayanmaq istəyirsən - bu, hər zaman lazım