Skip to main content

Zuqzvanq: qaranlığın kəşfi - Hekayə

Zugzvanqda olduğunu anlamaq saatlar çəkdi, bəlkə də günlər, aylar keçmişdi, nəhayət, bu həqiqətə çatanda isə hərəkət vaxtı tükənməkdə idi. Bunun son oyun olacağını kimsə ona deməmişdi, heç özü də oyuna bu hisslə başlamamışdı. İndisə hər şey dərk edəcəyi qədər açıq, yayına bilməyəcəyi qədər göz qabağındadır. Nəhayət, qaranlıq tərəfi onu zuqzvanqla sınamağı bacarmışdı. Dəfələrlə bu vəziyyətə düşməkdən son anda canını qurtarmış, özünün də anlamadığı kombinasiyalarla qaralar üzərində zəfər qazanmışdı. Zamanın olanda hər şeyə çarə tapırsan, bəs saatın əqrəbləri üstünə gələndə? 
İndi situasiya fərqlidir: hərəkət etməlidir və istənilən hərəkət anlar keçdikcə zəifləyən işığın tamamilə sönməsi ilə nəticələnəcək. Daralan zamanda bu vəziyyətə necə düşdüyünü qavramağa çalışanda üzündə çirkin bir təbəssüm peyda oldu. Daxildən gələn ikrah dolu bu hiss bədənin son müqavimət cəhdlərindən xəbər verirdi. Axı, hələ oyun təzə başlayanda hər şeyin trayektoriyası bəlli idi. 
Təbəssüm yayılmağa, üzünü işğal etməyə davam edir, qəhqəhəyə çevrilir, divardakı kölgədən onun özünə gülürdü. Səhvlərin belə bir fürsətdən istifadə xüsusiyyəti var. Stabil vəziyyətdə onlar zehnin hansısa qaranlıq yerində gizlənir, sorğulanmaqdan yayınır, ən pis və ən yaxşı məqamları hiss edən kimi bir növ neqativ və ya pozitiv enerji kritik həddə çatır və partlayış qaçılmazdır… Zəncirvari partlayışın ortaya çıxardığı şok dalğası, ardınca səhvlərin yaratdığı radioaktiv çirklənmə bütün daxili ələ keçirir. Daxili orqanlar üzərində yığılan kir qatını hiss edirsən. Belə vəziyyətdə hansısa sığınacağa qaçmağın da mümkünsüz olduğunu təxmin etmək çətin olmamalıdır. İnsanı heç nə xilas etmir, ölümü arzulamaqdan başqa. Ölüm isə hərəkət istəyir, son çırpınışı, son cəhdi tələb edir, özünün ən iyrənc silahını işə salır. Bu sadist xüsusiyyəti olmasa, ölümün həyat zəncirindəki halqalardan kənarda dərki də olmayacaqdı. Qəddar rəftar onu xüsusiləşdirir, spesifik bir fazaya keçirir və qəbul edilməsini qəlizləşdirir. 
Ani ölüm yoxdur, bunu anlamaq lazımdır. Məsələn, anevrizmanın tromblaşması ölümlə nəticələnənə qədər simptom göstərməyə bilər. Prosesi görməyən kənar izləyici üçün “ürəyi partladı, öldü” şəklində təzahür edən aktın insanın həyatındakı dəhşətini anlamaq təsəvvür imkanlarımızı aşmır. 
64 xananın hər birinə diqqətlə göz gəzdirəndə gediş imkanlarının çoxluğu gözünü qamaşdırdı. Xatırladı ki, cəmi bir neçə gediş əvvəl kainatdakı atomların sayından daha çox hərəkət imkanları var idi. Bu qədər ehtimallar içində necə bir kombinasiya qurmalısan ki, sonda özünü zuqzvanqda tapasan? Nəyi hesaba qatmamış, hansı gedişi tam hesablamamışdı? 
Elə bu fikirlərlə də ən başa qayıtdı: yeni, gözəl bir oyun hissi ilə oyandığı səhərə. Kofesini hazırlayıb, taxtasını açıb, daşları həmişəki obsessiya ilə yarım saata düzüb, siqareti yandırıb, klassik e4 gedişini edəcəkdi. Balkona çıxıb, siqareti çəkəcək, geriyə qayıdanda qaranlıq tərəfinin cavab gedişini edib, oyunu bir neçə debüt həmləsindən sonra hansısa bilinməzə sürükləyəcəkdi. Amma niyəsə həmin səhər e4 yerinə d4 gedişini etmişdi. Bunu xatırlamağa vaxt itirməməyə çalışsa da, beynindəki azğın fikirlərdən yayına bilmədi. 
Bəzən beyinin insana yad kimi davrandığı anlar olur. Fürsət düşən kimi uğursuzluğa görə ələsalmalar, hansısa qaranlığa aşkar meyl, qaçdığın fikirləri bütün istiqamətləri ilə xatırlatma, ən gözəl günün pikində vaxtsız qonaq kimi gələn utancverici anlar kimi. Bunu niyə etdiyini belə izah edirlər ki, beyin təhlükəsiz zonanı aşmamaq barədə xəbərdarlıq siqnalları göndərir. Təkamüldə qüsur axtarmaq fikrim yoxdur, çünki onun kamilliklə bağlı olmadığını dərk edirəm, amma zənnimcə, bütün insani problemlərin arxasında məhz natamam orqan olan beyin dayanır. Dinlər və siyasi sistemlər əbəs yerə minillər boyu penisi nəzarət altına almağa çalışıblar. Onun sakitləşdirilməsi beynin nəzarətə alınmasından dəfələrlə daha asandır, halbuki… 
Balkonda ilk siqaretini çəkib, geriyə qayıdanda və taxtada Af6 görəndə də bu oyunun xüsusi biri olduğunu dərk etməmişdi. Qaranlıq tərəfinin müstəqillik elanına çoxdan hazır idi, hətta bunu biruzə verməsə belə, ürəkdən arzulayırdı. Dəfələrlə astral səyahətə çıxıb, qarşısında oturacağı, özü ilə sözün əsl mənasında son oyunu oynayacağı günü xəyal etmişdi. Amma ani şokun təsiri o qədər yayındırıcı oldu ki, bu müstəqillik elanına rasional reaksiya da verə bilmədi. Sakitcə, şah-hində razılaşıb, atlarını və fillərini oyuna qoşdu. 
Oyuna davam etdikcə vəziyyətin çətinləşdiyini anlamağa başlayırdı. Qaraların piyadaları hərəkət etdikcə divardan üstünə yönələn kölgələrin təkcə görüntüsü yox, səsləri də canına vəsvəsə salırdı. Öncə filini, sonra atını qaçmalı oldu. Qaraların təzyiqi ilə öz yarımsahəsinə, hətta az qala 2 sıraya sıxlaşırdı. Birdən, 21-ci gedişdə rəqib h5-dəki atını unutdu. Vəzirlə atı alandan sonra kölgələrə tərəf dönüb, onlara daha kəskin, daha azğın gülüşlə cavab verdi. Qaraların cavabı kinayəli təbəssüm olanda bir az tərəddüd keçirsə də, üstünlüyündən əmin idi. Ta ki, f xəttində cütləşən topları diqqətlə süzənə qədər… Plan çirkinliyi və bir o qədər də möhtəşəmliyi ilə onu valeh etdi. Qaraların yaratdığı harmoniya onun bütün hərəkət imkanlarını məhdudlaşdırırdı. Öz-özünə dedi: “Oyun bitib, sözün hər mənasında oyun bitib”. Bundan sonra cəmi 2 gediş qaça bilərdi… Qaçdı da… Ve3, Te1! Vəssalam, artıq kainat qədər geniş taxtada qaçacağı heç bir xana qalmamışdı. Divardakı kölgələrin gülüşü səngimiş, yerini epik bir musiqiyə təhvil vermişdi. 
Bütün oyun gözünün qarşısında canlanandan sonra da səhv gedişi görə bilmədi. Amma bu səyahət zamanı beynindəki bütün suallar cavablanmış halda neyron rəflərinə yığılmışdı sanki. Təkcə bir sual başının içində sürətlə var-gəl edirdi. Qaranlıq tərəfindən niyə qaçdığını, niyə ona qarşı oynadığını cavablamalı idi. Beləcə, heç nə demədən sakitcə qalxdı, üzbəüz stula keçdi və kölgələrin əllərini çiynində hiss etməyə başladı… 

1 yanvar, 2022-ci il
Elvin Jabizadeh

Comments

Popular posts from this blog

Fallen Leaves (2023) - sevgi şəfalandırır - Film Analizi

  5-6 illik susqunluğunu Fallen Leaves ilə pozan və Cannes film festivalında Jury Prize qazanan Aki Kaurismäki kinosunu onun profili xaricində dəyərləndirmək olmaz. Kaurismäki hər şeydən əvvəl “ifrat-sentimental” (bu ifadəni sevmirəm, sanki insan başqa cür də ola bilər, olmalıdır və s.) bir insandı. Bunu bir cümlə ilə belə izah etmək olar: uşaqlığında asfaltda gördüyü kibritə görə özünü pis hiss edir və onu meşədə, gözəl bir yerdə “dəfn edir”. Akini sinik adlandıranlar da var, amma rejissor deyir ki, onun necə sentimental biri olduğunu itindən soruşmaq lazımdır. Belə birinin təxminən necə filmlər çəkdiyini, çəkə biləcəyini təsəvvür etmək çətin deyil. Minlərlə insanın əhəmiyyətsiz hesab etdiyi detallara obsessiya, sevginin ilahiləşdirilməsi, dərinliklərdə gizlənən, amma romantik gözlə asan seçilən ümid. Poeziya kifayət edir, Kaurismäki kinosunda istifadə edilən kino və bədii texnikalara nəzər salaq, onun kino dilini anlamağa çalışaq. Simmetriya və balans. Kaurismäki filmlərində kompoz

Xəyanət, Arthur Schopenhauer və sevginin metafizikası

Arthur Schopenhauer və anası arasındakı gərginlik 17 yaşında olarkən atasını itirdiyi vaxtdan orta yaş dönəmlərinə qədər davam edir. Ana Johanna Hanrietta "azad bir sevgi eşqinə" ərinin ölümündən sonra Weimara gedir. Bu qopma uzun illər çəkir. Filosofun həyatından yazan yazarlar məhz bu amili onun qarşı cinsə münasibətinə əsas təsir səbəbi sayırlar. Schopenhauer qadınlara qarşı qəddar rəftar edir, bu, danılmaz faktdı. Amma onun qəhrəman qadınları kimlərdi? Təbiətin birbaşa qanunları ilə yaşayan, instinktiv hərəkətlə rəftar edən dişilər. O, sosiallaşmış qadını (ümumiyyətlə insanı) analiz etmir, onun işi insanın təbiəti, onun instinktləri üzərində baş sındırmaqdı. Bu, mövzuya giriş üçün önəmli qeyddi. Xəyanət mövzusu az qala hər gün gündəmin mərkəz nöqtələrində özünə yer tapır. İstər sıravi - sadəcə instinktləri ilə yaşayan insanların mühitində olsun, istər həyat və təbiət barədə möhkəm fikirləri olan inkişaf etmiş şüurlu varlıqlar arasında, mövzu nəinki mahiyyətini, heç fo

Qəfil dayanma hissi - Hekayə

Kimdənsə nigaran deyildim. Amma ürəyim elə bərk döyünürdü ki, öz şüurum və hətta təhtəlşüurumdan belə şübhəyə düşmüşdüm. Əslində döyüntü səslərini məndən kilometrlərlə aralıdan gəlirmiş kimi eşidirdim: boğuq, manelərə toxunub sınan səslər... Qəlbdən aralı düşmək, yəqin, buna deyilir. Mənim misalımda, bu, heç də qəribə deyil. İllərdi o səsə qulaq asmamışdım. Deyəcəkləri vardısa belə, ona bu imkanı verməmişdim. Bəzən möhkəm sızıldayır: kəskin ritmləri deşəcək dərəcədə sərt vuruşlar edir bədənimə. Dözürəm. Ürəklə mənimki tutmur. Onsuz yaşaya bilməyi sevə-sevə qəbul edərdim. Mənimki beyindi: sadə riyazi məntiq. 2+2=4 bütün suallarımın cavabıdı. Hər yolda iki seçim olduğunu qəbul etmişəm: orta yol yoxdu. Belə yaşamaq daha asandı, deyirlər, amma mən təkcə çətin tərəflərini görmüşəm. Özünü dəmir yollardakı sürət qatarı kimi düşün. Seçimlər konkretdi, ayrı yolda getmək şansın yoxdu, hara nə vaxt çatacağın vaxt belə dəqiqəsinə qədər hesablanıb. Qəfil dayanmaq istəyirsən - bu, hər zaman lazım